Xəbərlər

  • Yenilənib 22.06.2020 11:35
  • Yaradılıb 19.06.2020 15:05

KOBİA-nın dəstəyi ilə yaradılmış müəssisələrdə istehsala başlanılıb

 

“Qobu Park 3” yaşayış kompleksində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə yaradılmış oyuncaq və tibbi ləvazimatların istehsalı müəssisələrində istehsala başlanılıb.

Oyuncaq istehsalı müəssisəsində gündə 15-20 çeşiddə 1000-ə yaxın yumşaq, 10 çeşiddə 500-ə yaxın plastik oyuncaq istehsal olunur. Tibbi ləvazimatların istehsalı müəssisəsində isə gündəlik olaraq 600-700 ədəd tibbi heyət və xəstələr üçün üst geyimləri, 150-200 ədəd steril cərrahi dəstlər, 5000-ə yaxın tibbi maska, 100-150 min baxil və digər tibbi vasitələr istehsal edilir.

Bu müəssisələr tərəfindən istehsal olunan məhsullar yaxın vaxtlarda "Tutu Toys” və “Gill med” brendi ilə satışa çıxarılacaq. 

Hazırda oyuncaq istehsalı müəssisəsində 10, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 20-yə yaxın işçi çalışır. Burada çalışan işçilər “Qobu Park 3” yaşayış kompleksində yaşayan qaçqın və məcburi köçkünlərdir. Yaşayış kompleksində məskunlaşma tam başa çatdıqdan sonra oyuncaq istehsalı müəssisəsində işçilərin sayı 40-a, tibbi ləvazimatların istehsalı müəssisəsində isə 80-ə çatdırılacaq. Ümumiyyətlə, müəssisələrdə çalışacaq işçilərin 80%-i qaçqın və məcburi köçkünlər olacaqdır.

Qeyd edək ki, KOBİA tərəfindən hər iki müəssisənin yaradılması üçün sahibkarlara biznesin planlaşdırılması, qeydiyyatı və təşkili istiqamətlərində daxili bazar araşdırmalarının aparılması, biznes planların tərtib edilməsi, işçi heyəti üçün təlimlərin təşkili, maliyyə mənbələrinə çıxış kimi dəstəklər göstərilib. Müəssisələr icarə xərclərindən azad edilib.

Hər iki müəssisə biznes və sosial yönümlüdür. Müəssisələrdə istehsal olunan məhsulların gələcəkdə xarici bazarlara çıxarılması da nəzərdə tutulur.

 

← Geriyə