Xəbərlər

  • Yaradılıb 20.12.2018 17:25
  • Yenilənib 20.12.2018 17:26
  • Nəşr edilib 20.12.2018 17:20

KOBİA və BP şirkəti Anlaşma Memorandumu imzalayıblar

 

Dekabrın 20-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə BP şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov və BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli imzalayıblar.

Bununla əlaqədar keçirilmiş tədbirdə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov ölkə iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafının Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritetlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının təşəbbüsü ilə yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyi artıq bir sıra layihələrin icrasına başlayıb. Kiçik və orta biznesə xidmətlərin vahid məkan prinsipi əsasında təşkilini nəzərdə tutan KOB evlərinin, dövlət-sahibkar dialoqunun inkişafında əhəmiyyətli rol oynayacaq “KOB Dostu” şəbəkəsinin yaradılması, sahibkarlığa dəstək istiqamətində yeni modellərin tətbiqi, konsaltinq və təlim sisteminin qurulması belə layihələrdəndir. Agentliyin sahibkarlar və sahibkarların ictimai birlikləri, aidiyyəti dövlət qurumları ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıran Agentlik rəhbəri BP və KOBİA arasında əməkdaşlığa dair sənədin kiçik və orta biznesin inkişafı sahəsində yeni təşəbbüslərin reallaşdırılmasına töhfə verəcəyini vurğulayıb.

BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli şirkətin sahibkarlığın, kiçik və orta biznesin dəstəklənməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib, Anlaşma Memorandumunda nəzərdə tutulan tədbirlərin BP-nin KOBİA ilə əməkdaşlığını genişləndirəcəyini və biznesin inkişafına dəstək olacağını diqqətə çatdırıb.

 

← Geriyə