Xəbərlər

  • Yaradılıb 09.03.2019 10:31
  • Yenilənib 09.03.2019 10:35
  • Nəşr edilib 06.03.2019 18:00

KOBİA və “Caspian European Club” birgə biznes forum keçirib

 

Martın 6-da Bakıda İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Caspian European Club” birgə Azərbaycanda kiçik və orta biznesin inkişaf perspektivlərinin müzakirəsinə həsr edilmiş biznes forum keçirib. Biznes forumda sahibkarlar, dövlət müəssisələrinin, diplomatik qurum və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən “KOB Dostu” şəbəkəsinin və KOB evlərinin təşkili istiqamətində işlərin davam etdiyini qeyd edib. Vurğulanıb ki, hazırda ölkənin müxtəlif şəhər və rayonlarında 12 “KOB Dostu” fəaliyyət göstərir. İlk KOB evinin bu il Bakı şəhərində fəaliyyətə başlaması nəzərdə tutulur.

Qeyd edilib ki, Vergi Məcəlləsinə KOB-lar üçün bir sıra güzəştləri nəzərdə tutan dəyişikliklər edilib, KOB-ların müəyyənləşdirilməsi üçün yeni meyarlar təsdiq olunub, KOB-ların kommunal xidmətlərə qoşulma prosedurları sadələşdirilib, dövlət satınalmaları haqqında qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib. Hazırda KOB klasterlərinin təşkili və fəaliyyətinin stimullaşdırılması, KOB-ların kadr potensialının artırılmasına dəstəyin göstərilməsi, onlayn portalın yaradılması, KOB-ların inkişafı ilə əlaqədar təhsil-elm və tədqiqat layihələrinin maliyyələşdirilməsi kimi mexanizmlər üzərində iş aparılır.

Sonra İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının, “Bakı Textil Fabriki” MMC-nin, “Cahan Holdinq”in və “Times Consulting” şirkətinin nümayəndələri çıxış və təqdimatlar ediblər.

Tədbirdə Orxan Məmmədova “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”a üzv şirkətlərə də sertifikatlar verilib.

Forum çərçivəsində “Cahan Holdinq” və “Caspian European Club” arasında əməkdaşlıq barədə Memorandum imzalanıb.

Tədbir çərçivəsində “KOB Dostu" masası yaradılıb və KOBİA-nın KOB dostları vasitəsilə biznes forumda iştirak edən sahibkarların müraciət və təklifləri dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.  

← Geriyə