Xəbərlər

  • Yenilənib 09.09.2021 12:45
  • Yaradılıb 08.09.2021 09:10

Media nümayəndələri “Azmonbat” MMC-nin fəaliyyəti ilə tanış olublar

 

Azərbaycan Respublikası Prezidentinin sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə daxili tələbatın ödənilməsində yerli məhsulların payını əhəmiyyətli dərəcədə artıran və ixrac imkanlarımızı genişləndirən müasir sənaye müəssisələri, yeni istehsal sahələri yaradılır. Dövlət başçısının iştirakı ilə sentyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkında açılışı həyata keçirilən “Azmonbat” MMC də bu müəssisələrdən biridir.

Sentyabrın 7-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi “Azmonbat” MMC-nin qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası müəssisəsinin fəaliyyəti ilə tanış olub. KİV nümayəndələrinə məlumat verilib ki, “Azmonbat” MMC 2020-ci ilin 21 yanvarında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ümumi investisiya dəyəri 25 milyon manat olan zavodda istifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyası aparılır, nəticədə propilen və yüksək sıxlıqlı polietilen, qurğuşun külçə, qurğuşunlu aktiv kütlə və ammonium sulfat məhlulu əldə olunur. Müəssisə ildə 30 min ton akkumulyator utilizasiya etmək gücünə malikdir. Bu, orta hesabla 800 min ədəd akkumulyator deməkdir ki, ondan da 15 min ton qurğuşun və 4,5 min ton gübrə almaq mümkündür. İkinövbəli istehsal prosesi ətraf mühitə zərər vurmadan aparılır, ekoloji standartlara tam cavab verir. İstifadə müddəti bitmiş qurğuşun turşulu akkumulyator batareyalarının utilizasiyasının təşkili həm də xüsusi əhəmiyyətli ekoloji layihədir.

100 nəfərin daimi işlə təmin olunduğu müəssisədə istehsal edilən məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, Türkiyə, Bolqarıstan və MDB ölkələrinə ixrac ediləcək.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. “Azmonbat” MMC da Sənaye Parkında tətbiq edilən vergi və gömrük güzəştlərindən yararlanaraq, indiyədək xərclərinə 1 milyon manat həcmində qənaət edib.

← Geriyə