Xəbərlər

  • Yaradılıb 15.05.2019 15:58
  • Yenilənib 15.05.2019 16:02
  • Nəşr edilib 15.05.2019 15:00

Mikro və kiçik sahibkarların Qida Sənayesi Sərgisində iştirakına dəstək göstərilib

 

Qida sənayesi sahəsində fəaliyyət göstərən mikro və kiçik sahibkarlar Bakı Ekspo Mərkəzində keçirilən 25-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində öz məhsul və xidmətlərini təqdim edirlər.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “ZiraatBank Azərbaycan”ın dəstəyi ilə Sərgidə mikro və kiçik sahibkarlıq subyektlərinin öz məhsullarını və xidmətlərini təqdim etməsi üçün xüsusi stend ayrılıb. Burada mikro və kiçik sahibkarlar istehsal etdikləri meyvə quruları, süd və süd məhsulları, bal, bitki çayları və yağları, milli sağlam qidalar, meyvə şirələri, şokolad və s. məhsulları təqdim edirlər.

Məlumat üçün qeyd edək ki, KOBİA startapların, mikro və kiçik sahibkarların öz məhsul və xidmətlərini nüfuzlu sərgilərdə təqdim etməsinə, bu sərgilər çərçivəsində onların əməkdaşlıq əlaqələrinin qurulmasına və genişləndirilməsinə dəstək göstərir. Ötən il KOBİA-nın dəstəyi ilə İKT sahəsi üzrə startaplar və kiçik sahibkarlıq subyektləri “BakuTel 2018” Sərgisində öz məhsul və xidmətlərini təqdim ediblər.

2019-cu il ərzində keçiriləcək müxtəlif sərgilərdə də startapların, mikro və kiçik sahibkarlıq subyektlərinin iştirakına dəstək göstərilməsi nəzərdə tutulur.

Sərgi çərçivəsində həmçinin, KOBİA ilə "Ziraat Bank Azərbaycan" ASC arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “ZiraatBank Azərbaycan” ASC-nin İdarə Heyətinin sədri Avni Dəmirci imzalayıblar. Sənəddə kiçik və orta sahibkarlığa dəstək məqsədilə bir sıra tədbirlərin və layihələrin reallaşdırılması nəzərdə tutulur.

← Geriyə