Xəbərlər

  • Yenilənib 22.09.2021 14:44
  • Yaradılıb 18.09.2021 14:40

Özbəkistanla iqtisadi əməkdaşlıq genişlənir

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan nümayəndə heyəti ilə görüşüb. Özbəkistan Baş nazirinin müavini, iqtisadi inkişaf və yoxsulluğun azaldılması naziri Çəmşid Kuçkarovun və Özbəkistanda “Chevrolet” şirkətinin baş direktoru Bo İnge Andersonun videokonfrans formatında qatıldığı görüşdə “UzAvtoSanoat” SC-nin və “Azərmaş” ASC-nin rəhbərləri iştirak ediblər.

İqtisadiyyat naziri Azərbaycan-Özbəkistan əlaqələrinin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişafını vurğulayıb. Qeyd edilib ki, 2021-ci ilin yanvar-iyul aylarında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb. Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əlaqələrin genişləndirilməsində əlverişli platformadır. Mikayıl Cabbarov ölkələrimiz arasında sənaye, kənd təsərrüfatı, ticarət, investisiya və s. sahələrdə tərəfdaşlığın gücləndirilməsi imkanlarını diqqətə çatdırıb. Avtomobil istehsalı üzrə birgə layihənin əməkdaşlıqda önəmli olduğu vurğulanıb. Bildirilib ki, “Azərmaş Park” MMC və Özbəkistanın “Uzavtosanoat” SC Hacıqabul Sənaye Məhəlləsində “Chevrolet” markalı avtomobillərin istehsalı üzrə birgə layihənin həyata keçirilməsi iqtisadi əlaqələrin genişləndirilməsində növbəti addımdır və istehsalın lokallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Zavodun təməli 2020-ci ilin fevralında qoyulub və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2021-ci ilin aprelində açılışı olub.

Özbəkistanın Baş nazirinin müavini,  iqtisadi inkişaf və yoxsulluğun azaldılması naziri Çəmşid Kuçkarov ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib, birgə həyata keçirilən layihənin iqtisadi əməkdaşlığın genişlənməsində rolunu vurğulayıb, uğurlu olacağına əminliyini ifadə edib.

Özbəkistanda “Chevrolet” şirkətinin baş direktoru Bo İnge Anderson Azərbaycanın əlverişli investisiya mühitini qeyd edərək, şirkətin ölkəmizdə fəaliyyətindən məmnunluğunu bildirib.

“UzAvtoSanoat” SC-nin İdarə heyətinin sədri Şavkat Umurzakov layihə barədə danışıb, istehsal olunan avtomobillərin Azərbaycan bazarında satılmaqla yanaşı, xarici ölkələrə də ixracının nəzərdə tutulduğunu və layihənin genişləndirilməsi imkanlarını vurğulayıb.

Görüşdə “Chevrolet” şirkətinin Özbəkistanda həyata keçirdiyi layihələr, həmçinin Azərbaycanda gələcək fəaliyyəti barədə təqdimat keçirilib, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi, Azərbaycanda “Made in Uzbekistan” Milli Sərgisinin təşkili və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

← Geriyə