Xarici mətbuatdan

  • Yenilənib 12.01.2015 13:50
  • Yaradılıb 12.01.2015 13:48

Britaniyanın "Printed Electronics World" sənaye portalı Azərbaycanda nanotexnologiyanın inkişafından yazır

 

Böyük Britaniyanın "Printed Electronics World" sənaye portalı Azərbaycanda karbon nanoboruların (KNB) istehsalının təşkili sahəsində beynəlxalq anlaşma memorandumu haqqında məlumat yayımlayıb.
Qeyd olunub ki, anlaşma memorandumu "Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ), "Sumqayıt Kimya Sənaye Parkı" MMC və ABŞ-ın "SouthWest NanoTechnologies" (SWeNT) şirkəti arasında imzalanıb. Memoranduma əsasən, AİŞ və "SWeNT" Sumqayıt Kimya Sənaye Parkının ərazisində KNB-nin istehsalının təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Yazıda diqqətə çatdırılıb ki, ilkin olaraq ildə 1000 ton KNB-nin istehsalı gözlənilir. KNB ən kəskin şəraitdə belə yüksək davamlılığı ilə seçilən və bir çox məqsədlər üçün istifadə olunan karbon tərkibli (qrafen) boruşəkilli nano materialdır.
Hazırda KNB-dən plastik material və qarışıqlar, tikinti materialları, elektronika, sensor, tranzistor, batareya və s. istehsalında istifadə edilir və ən möhkəm material hesab edilir. KNB silisimdən (silikon) daha yaxşı yarımkeçiricilik və misdən daha yaxşı keçiricilik xüsusiyyətlərinə malikdir.
Bundan başqa, məqalədə AİŞ və "SWeNT" şirkətləri haqqında məlumat verilib. "SWeNT" şirkətinin baş direktoru Deyvid Arturun, "Sumqayıt Kimya Sənaye Parkı"nın direktoru Nazim Talıbovun, AİŞ-in icraçı direktoru Rövşən Nəcəfin memorandum haqqında fikirlərinə yer verilib, onların Azərbaycanda nanotexnologiyanın daha sürətlə inkişaf edəcəyinə əmin olduqları diqqətə çatdırılıb.

 

"AzərTAc"
07.01.2015

 

← Geriyə