Xəbərlər

  • Yaradılıb 21.01.2019 15:52
  • Yenilənib 24.01.2019 11:40
  • Nəşr edilib 21.01.2019 15:45

“Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib

 

Yanvarın 21-də Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Qadın sahibkarların güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda tədbir keçirilib. Tədbirin keçirilməsində məqsəd qadın sahibkarların işgüzar fəallığının artırılması, güzəştli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, yeni texnologiyaların tətbiqinin stimullaşdırılması, biznes fəaliyyətinin perspektivləri üzrə maarifləndirmə işlərinin aparılmasıdır.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında bildirib ki, Azərbaycan Respublikası Prezidentinin iqtisadi siyasətinin  prioritet istiqamətlərindən biri ölkədə qadınların sosial-iqtisadi həyatda rolunun, iqtisadi fəallığının artırılmasıdır. Hazırda qadınlar iqtisadiyyatın müxtəlif sahələrində çalışır və uğurları ilə bu sahəyə töhfə verirlər. Onların işgüzar fəallığının daha da artırılması üçün stimullaşdırıcı və təşviqedici tədbirlər görülür. Qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması üçün treninqlərin təşkili, biznes sahələri yaratması üçün güzəştli kreditlərin verilməsi, evdar qadınların sahibkarlığa cəlb olunması bu tədbirlərdəndir. Eyni zamanda, ölkənin ucqar və dağlıq regionlarında, məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə qadınların özəl biznes və aqrar təsərrüfatlarını yaratması istiqamətində işlər görülür. Bunun nəticəsidir ki, son illər qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 4200-dək qadın sahibkara 104 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 8500-dən çox iş yerinin yaradılmasına imkan verir. Bu sahədə tədbirlər davam etdiriləcəkdir.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti barədə məlumat verərək, ölkəmizdə qadın sahibkarlığın inkişafının Agentliyin qarşısında duran əsas vəzifələrdən olduğunu, bu istiqamətdə ardıcıl tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. Qeyd olunub ki, qadın sahibkarlar üçün stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması planlaşdırılır. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüslərinin reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlərdə xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində saxlanılacaq, bu sahədə daha perspektivli istiqamətlər müəyyənləşdirilərək müvafiq tədbirlər görüləcəkdir. Orxan Məmmədov bildirib ki, birgə səylər və görüləcək tədbirlər nəticəsində qadınların sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühit yaranacaq, kiçik və orta sahibkarlar arasında qadınların sayı artacaqdır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxış edərək Azərbaycanda sahibkarlığın inkişafı uğurlu iqtisadi siyasətin əsas istiqamətlərindən olduğunu, qadınların bu prosesə cəlb olunmasının  əhəmiyyətini 

vurğulayıb, qadınların iqtisadi və sosial həyatda fəal iştirakının təbliği istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işlər barədə məlumat verib.

Azərbaycanda Qadın Sahibkarlığın İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva dövlət başçısı tərəfindən Azərbaycanda qadın sahibkarlığının inkişafının daim dəstəkləndiyini, məşğulluğun, iqtisadi fəallığın artırılması məqsədilə qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb, istehsalın artırılması və ixracın genişləndirilməsi istiqamətində assosiasiyanın həyata keçirdiyi tədbirlərdən danışıb.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri vəzifəsini icra edən Arif Vəliməmmədov çıxışında qeyd edib ki, Fond tərəfindən qadınların sahibkarlıq fəaliyyətinə cəlb olunması və xüsusilə evdar qadınların məşğulluğunun təmin edilməsi məqsədilə xalçaçılıq, tikişçilik və digər daha çox qadın əməyinə ehtiyac duyulan sahələrdə nümunəvi investisiya layihələri hazırlanır və onlara təqdim edilir. Qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən qadın sahibkarlar ənənəvi istehsal sahələri ilə yanaşı, müasir istehsal və emal müəssisələri də yaradır və uğurla fəaliyyət göstərirlər. 

Azərbaycan Mikromaliyyə Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva, Azərbaycan Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, “TuranBank” ASC-nin “Qadın Bankçılıq” şöbəsinin müdiri Könül Paşa təmsil etdikləri təşkilatların qadın sahibkarlığının inkişafı istiqamətində gördüyü işlərdən danışıblar.

Tədbirdə çıxış edən qadın sahibkarlar ölkəmizdə sahibkarlığa göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Sonda tədbir iştirakçıları qadın sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə tanış olublar.

 

← Geriyə