Sahibkarlığa dəstək

  • Yaradılıb 25.09.2012 07:57
  • Yenilənib 15.05.2019 16:30
  • Nəşr edilib 25.09.2012 07:57

Sənaye parkları

 

Müasir istehsal infrastrukturuna malik sənaye parkının yaradılması ölkədə sənaye sahələrinin inkişafının, ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini, habelə istehsal sahələrinin və onun innovasiya istiqamətinin inkişafını nəzərdə tutan dövlət siyasətinin reallaşdırılmasına yönəldilmişdir. Sənaye parklarının yaradılması, həmçinin ölkənin qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli, idxalı əvəz edən məhsulların istehsalının artırılması, ətraf rayonlarda məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi öncül vəzifələrin yerinə yetirilməsi baxımından xüsusilə əhəmiyyətlidir. Bu istiqamətdə işlər davam etdirilmiş, beynəlxalq təcrübə daim öyrənilmiş və müvafiq normativ-hüquqi sənədlər hazırlanmışdır.

Ölkədə sənaye parklarının yaradılması bir sıra dövlət proqramlarında, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur.

Bununla bağlı, xarici ölkələrin bu sahədəki müsbət təcrübəsinin ölkəmizdə tətbiqi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Həmçinin BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO), Türkiyənin Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin (TİKA) ekspertlərinin tövsiyələri nəzərə alınmaqla bu sahədə müvafiq təkliflər hazırlanmış, bir sıra ardıcıl tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 24 aprel 2013-cü il tarixli 865 nömrəli Fərmanı ilə “Sənaye parkları haqqında Nümunəvi Əsasnamə” təsdiq edilmişdir. Qeyd olunan Fərmanla müəyyən edilmişdir ki, sənaye parkı - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.

Sənaye parkının yaradılmasının məqsədləri aşağıdakılardır:

  • innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı, xidmətlərin göstərilməsi üçün münbit şəraitin yaradılması və bu sahədə sahibkarlığın dəstəklənməsi;
  • iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi;
  •  ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyinin artırılması;
  • əmək qabiliyyətli əhalinin istehsal sahəsində məşğulluğunun artırılması.

Qanunvericiliyə uyğun olaraq, sənaye parklarında aşağıdakı stimullaşdırıcı tədbirlər tətbiq olunur:

- vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlər (Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar);

- sənaye parkının infrastrukturla təmin edilməsi;

- torpaq sahəsinin icarə haqqının aşağı həddində müəyyən edilməsi;

- inzibati prosedurların sadələşdirilməsi;

- sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün xidmətlərin təşkili.

Eyni zamanda, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır. Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Sumqayıt Kimya Sənaye Parkının ərazisi 508,14 hektar təşkil edir.

Sumqayıt Kimya Sənaye Parkının artıq 18 rezidenti var və bu rezidentlərin mövcud layihələri üzrə sənaye parkına 2,9 milyard dollar investisiya qoyulmuş, həmçinin 5000-dən artıq daimi iş yeri yaradılmışdır. Bunlar “Azertexnolayn” MMC, “SOCAR Polymer” MMC, “AzerFloat” QSC, “Azerbaijan Fibro Cement” MMC, “Baku Non Ferrous and Foundry Company” MMC, İnşaat Kimyəviləri Zavodu, “MST Engineering Services” MMC, “Aqrokimya Azərbaycan” MMC, “Alco” MMC, “STDC” MMC, “Azərxalça” ASC, “STP” MMC, “Tabaterra” QSC, SOCAR-ın Karbamid Zavodu ,“Sumplast” MMC, “Labdisc Azərbaycan” QSC, “Nexus Labs” MMC, “Archi Glass” MMC-dir. Parkın sənaye zonasında kimya sənayesi, tikinti sənayesi və digər sənaye sahələri üzrə müəssisələrin – parkın rezidentlərinin fəaliyyət göstərməsi üçün böyük imkanlar yaradılır. Burada həmçinin müxtəlif istiqamətlər üzrə peşə təhsili verən Peşə Tədris Mərkəzi fəaliyyət göstərəcəkdir. Ətraflı məlumatları Sumqayıt Kimya Sənaye Parkının internet səhifəsindən (www.scip.az) əldə etmək olar.

Bununla yanaşı, ölkədə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Bakı şəhərində Balaxanı Sənaye Parkı yaradılmışdır. Balaxanı Sənaye Parkının ərazisi sahibkarların marağı nəzərə alınaraq Azərbaycan Respublikası Prezidentinin 1 mart 2018-ci il tarixli 3736 nömrəli Sərəncamına əsasən 1,3 hektar artırılaraq 8,3 hektar təşkil edir. Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Balaxanı Sənaye Parkının idarəedici təşkilatı “Təmiz Şəhər” ASC-dir. “Yaşıl iqtisadiyyat”ın inkişafında xüsusi əhəmiyyətə malik olan Balaxanı Sənaye Parkının təşkilində başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraitin yaradılmasıdır. Ümumilikdə Parkda 41,3 milyon manat investisiya ilə 16 rezident qeydiyyata alınmışdır. Balaxanı Sənaye Parkında 22 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin iştirakı ilə Parkın 1-ci hissəsinin açılış mərasimi keçirilmişdir. Ətraflı məlumatları Balaxanı Sənaye Parkının internet səhifəsindən (www.bsp.az) əldə etmək olar.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 3 iyun tarixli 1255 nömrəli Sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədi ilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılmışdır. Qaradağ Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da “Bakı Gəmiqayırma Zavodu” MMC-dir. Sənaye parkına 500 milyon dollara yaxın investisiya qoyulmuş, 2000-dək iş yeri yaradılmışdır.

Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 fevral tarixli 1077 nömrəli Sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılmışdır. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Mingəçevir Sənaye Parkının idarəedici təşkilatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-dir.

Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə 2016-cı il 21 sentyabr tarixində Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi keçirilmişdir. Mingəçevir Sənaye Parkında rezident kimi qeydiyyata alınmış “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə dəyəri 85 milyon ABŞ dolları, illik istehsal gücü 20 min ton iplik olan 2 fabriki (“Ring” və “Open End” üsulu ilə) 2018-ci ilin 27 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Avadanlıqlar Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərindən alınmışdır. Fabriklərdə 750 yeni iş yeri yaradılmışdır.

Ölkəmizdə əsasən əczaçılıq sənayesinin inkişaf etdirilməsi məqsədi ilə İqtisadiyyat Nazirliyinin təklifləri və təqdim etdiyi layihə əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Pirallahı Sənaye Parkının yaradılması haqqında” 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli Sərəncam imzalanmışdır. 30 hektar ərazidə yaradılmış sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə) xidmətləri və digər xidmətlər göstərilir. Hazırda Pirallahı Sənaye Parkında  5 müəssisə (“R-Pharm” MMC, “Diamed Co” MMC,“Caspian Pharmed” QSC, “İFFA” MMC və “Absheron Saffron LTD” MMC) rezident kimi qeydiyyatdan keçmişdir. Pirallahı Sənaye Parkı üzrə investisiyanın məbləği 100 milyon ABŞ dollarından artıqdır. Layihələr üzrə parkda 450-dən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

← Geriyə