Xəbərlər

  • Yaradılıb 12.06.2019 16:54
  • Yenilənib 12.06.2019 17:29
  • Nəşr edilib 12.06.2019 15:00

Sahibkarlar kommunal xidmətlərə qoşulma ilə bağlı maarifləndirilib

 

İyunun 12-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri keçirilib.

Sahibkarların kommunal xidmətlərə qoşulması və bu sahədə həyata keçirilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 700-dən çox sahibkar yararlanıb. 

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə keçirilmiş tədbir zamanı “Azərişıq”, “Azərsu”, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin və “ASAN xidmət”in nümayəndələri kommunal xiddmətlərə qoşulma, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər barədə sahibkarlara məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq təqdim imkanı da yaradılıb. Yazılı müraciətlərin bir hissəsi ekspertlər tərəfindən tədbir zamanı cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə sahibkarlara tədbirdən sonra  müvafiq məlumat veriləcəkdir.

Sahibkarlara istənilən yerdən təlimə birbaşa qoşulmaları, təlimi canlı rejimdə izləmələri üçün KOBİA və Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən lazımi dəstək göstərilib.

Qeyd edək ki, onlayn tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

KOBİA sahibkarlardan daxil olan müraciətləri nəzərə almaqla mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri təşkil edir. İndiyədək vergi, gömrük, qida təhlükəsizliyi və maliyyə resurslarına çıxış imkanlarına həsr edilmiş onlayn maarifləndirici tədbirlərdən 1500-dən çox sahibkar yararlanıb.   

← Geriyə