Xəbərlər

  • Yaradılıb 03.05.2019 10:47
  • Yenilənib 03.05.2019 10:47
  • Nəşr edilib 02.05.2019 15:00

Sahibkarlar üçün maliyyə resurslarına çıxış imkanlarına dair onlayn

maarifləndirmə tədbiri keçirilib

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarlar üçün növbəti onlayn maarifləndirmə tədbiri təşkil olunub.

Sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunmuş onlayn tədbirdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb. 

Onlayn tədbir zamanı sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə göstərilən xidmətlər, dövlətin güzəştli kreditləri, maliyyə və bank sahəsindəki yeniliklər barədə təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin “UNEC Extern” mərkəzinin texniki imkanlarından istifadə edilib. Onlayn tədbirdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri ekspert qismində iştirak ediblər.

Onlayn tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb. Yazılı müraciətlərin bir qismi ekspertlər tərəfindən operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən suallarla bağlı isə tədbirdən sonra sahibkarlara müvafiq məlumat verilib.

Tədbir barədə sahibkarlar İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və KOBİA-nın www.smb.gov.az saytları, “Facebook” səhifələri, eləcə də KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün KOBİA və Agentliyin ölkənin 12 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən sahibkarlara hər cür dəstək göstərilib.

Qeyd edək ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə sahibkarlar tərəfindən daxil olan müraciətlər nəzərə alınaraq Agentlik tərəfindən mütəmadi olaraq onlayn maarifləndirmə tədbirləri keçirilir.

← Geriyə