Xəbərlər

  • Yaradılıb 31.01.2019 15:12
  • Yenilənib 31.01.2019 15:14
  • Nəşr edilib 31.01.2019 15:05

Sahibkarlar üçün onlayn təlim təşkil edilib

 

Yanvarın 31-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarlar üçün Vergi Məcəlləsində edilmiş son dəyişikliklərlə bağlı onlayn təlim keçirilib.

Onlayn təlimə Bakıda və paytaxt qəsəbələrində, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 800-dən çox mikro, kiçik və orta sahibkar qoşulub. Təlim zamanı sahibkarlar Vergi Məcəlləsində mikro, kiçik və orta sahibkarlıqla bağlı son dəyişikliklər barədə məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Onlayn təlimin keçirilməsi üçün Azərbaycan Dövlət İqtisad Universitetinin Distant Mərkəzinin imkanlarından istifadə edilib. Vergilər Nazirliyinin Tədris Mərkəzinin əməkdaşları ekspert qismində onlayn təlimə cəlb olunub.

Sahibkarların istənilən yerdən təlimə birbaşa qoşulması, təlimi canlı rejimdə izləməsi üçün Agentliyin Masallı, Quba, Qusar, Xaçmaz, Siyəzən, Gəncə və Yevlax rayonlarında yaradılmış “KOB Dostu” mərkəzlərində də müvafiq şərait yaradılıb.

Qeyd edək ki, sahibkarlar onlayn təlim barədə İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və Agentliyin www.smb.gov.az  saytları, “Facebook” səhifələri və KİV vasitəsilə əvvəlcədən məlumatlandırılıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi KOB-lar üçün qanunvericilik, dövlət dəstəyi mexanizmləri, eləcə də sahibkarları maraqlandıran digər sahələr üzrə onlayn təlimləri davam etdirəcəkdir. 

← Geriyə