Xəbərlər

  • Yaradılıb 13.03.2019 16:56
  • Yenilənib 13.03.2019 17:01
  • Nəşr edilib 13.03.2019 17:00

Sərhədyanı rayonlarda kiçik və orta biznesin inkişafı dəstəklənir

Cocuq Mərcanlıda mobil emalatxana və mobil satış məntəqəsi açılıb,

Horadizdə “KOB Dostu” fəaliyyətə başlayıb

 

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin “Kiçik və Orta Biznesin Dostu” (“KOB Dostu”) artıq cəbhəyanı rayonlarda fəaliyyət göstərən sahibkarlara da xidmət göstərəcək.

Belə ki, növbəti “KOB Dostu” martın 13-də Füzuli rayonunda fəaliyyətə başlayıb. Bu, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə ilk “KOB Dostu”dur və Füzuli rayonu ilə yanaşı, ətraf rayonlarda, o cümlədən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fəaliyyət göstərən sahibkarların da “KOB Dostu” xidmətlərindən faydalanmaq imkanı yaradır.

Bununla əlaqədar olaraq Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı, aidiyyəti dövlət qurumlarının və sahibkarların iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov sahibkarlığın inkişafının Azərbaycan Respublikası  Prezidentinin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən olduğunu, özəl bölmənin inkişafı istiqamətində müxtəlif təbirlərin və  islahatların aparıldığını vurğulayıb. Qeyd olunub ki, kiçik və orta biznesin inkişafı sahibkarlığın mühüm istiqamətlərindəndir və Füzuli rayonunda fəaliyyətə başlayan KOB Dostu bu sahədə önəmli dəstək mexanizmlərindəndir.

 KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qurumun fəaliyyəti və “KOB Dostu” mexanizmi barədə məlumat verib. Vurğulanıb ki, cəbhəyanı rayonlarda sahibkarlığın inkişafına dəstək olmaq, rayonda yeni sahibkarlıq subyektlərinin yaranmasını təşviq etmək məqsədilə Füzuli rayonunda “KOB Dostu” fəliyyətə başlayıb. Bu sayca 13-cü “KOB Dostu”dur və şəbəkənin bütün ölkə ərazisini əhatə etməsi nəzərdə tutulur. “KOB Dostu” sahibkarlıq fəaliyyətinin bütün mərhələlərində KOB-lara dəstək olur, onların təşəbbüslərinin, potensial imkanlarının müəyyən edilməsi və reallaşdırılması, yeni KOB subyektlərinin yaradılması və inkişafı, eləcə də sahibkarların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərir.

Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayonda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, digər dövlət dəstəyi mexanizmləri kimi, “KOB Dostu”nun da rayonda sahibkarlığın inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Tədbir çərçivəsində “KOB Dostu” ilə bağlı təqdimat keçirilib, fəaliyyət istiqamətləri və göstərəcəyi xidmətlər barədə məlumat verilib, sahibkarların sualları cavablandırılıb.

Sonra tədbir iştirakçıları Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində yerləşən “KOB Dostu”nun ofisi ilə tanış olublar.

Tədbirdə çıxış edən sahibkarlar özəl bölmənin, xüsusilə kiçik və orta biznesin inkişafına göstərilən davamlı dəstəyə görə dövlət başçısına minnətdarlıq ediblər. 

Həmin gün İqtisadiyyat Nazirliyinin və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə həyata keçirdiyi layihələr çərçivəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış arıçılıq təsərrüfatlarında istehsal edilən məhsulların emalı və qablaşdırılması üçün mobil emalatxana, kənd məhsullarının satışı üçün mobil satış məntəqəsi istifadəyə verilib.

Bununla əlaqədar, Cocuq Mərcanlıda İqtisadiyyat Nazirliyinin, Türkiyənin Azərbaycandakı Səfirliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin, sahibkarların və Cocuq Mərcanlı sakinlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması və sahibkarlığın inkişafının sürətləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib, dövlət başçısının yeni həyat bəxş etdiyi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyata keçirilən birgə layihələrin Azərbaycan-Türkiyə dostluğunun daha bir nümunəsi olduğunu qeyd edib. Azərbaycanda regionların inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulayan Sahib Məmmədov birgə layihələrin Cocuq Mərcanlının sosial-iqtisadi inkişafında və sakinlərin məşğulluğunun təmin olunmasında əhəmiyyətini qeyd edib. Nazir müavini  arıçılıq təsərrüfatlarında istehsal olunan məhsulun bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxanada emal olunaraq qablaşdırılacağını və “Cocuq Mərcanlı” brendi ilə satışa çıxarılacağını, məhsulların mobil satış məntəqəsində də satışının həyata keçiriləcəyini vurğulayıb.

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov çıxışında kiçik və orta sahibkarlığın inkişafı istiqamətində Agentliyin gördüyü işlərdən danışıb. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sifarişi ilə hazırlanmış və bu gün istifadəyə verilən bal emalı üzrə mobil emalatxananın Cocuq Mərcanlıdakı və yaxın kəndlərdəki arıçılıq təsərrüfatlarına xidmət göstərəcəyini və Cocuq Mərcanlıda fəaliyyət göstərən sahibkarların bundan sonra da dəstək xidmətləri ilə tam əhatə olunacağını bildirib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin İdarə Heyətinin sədri Hüseyn Büyükfırat Türkiyə-Azərbaycan əlaqələrinin uğurla inkişaf etdiyini, Cocuq Mərcanlıda birgə icra olunan layihələrin bölgədə kənd təsərrüfatının inkişafında əhəmiyyətini vurğulayıblar.

Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxış edərək Cocuq Mərcanlıda həyata keçirilən layihələrin kəndin inkişafına və sakinlərin məşğulluğunun təmin edilməsinə mühüm töhfə oluğunu qeyd edib.

Tədbirdə iştirak edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Dövlət Aqrar Ticarət Şirkəti” MMC, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin nümayəndələri Cocuq Mərcanlıda həyata keçirilən layihələrə daim dəstək olacaqlarını bildiriblər.

Sonda tədbir iştirakçıları sahibkarların əl işlərindən və istehsal etdikləri məhsullardan ibarət sərgi ilə və inşası davam edən suvenir istehsalı müəssisəsi ilə tanış olublar.

 

← Geriyə