İqtisadi təşkilatlarla əməkdaşlıq

  • Yaradılıb 07.12.2015 10:57
  • Yenilənib 29.10.2018 15:51
  • Nəşr edilib 07.12.2015 10:57

Şanxay Əməkdaşlıq Təşkilatı

 

Təşkilat haqqında ümumi məlumat. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 5 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir.

Üzv ölkələr. Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kambociya, Nepal, Ermənistan və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır. 

Məqsədi. ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

Azərbaycan ilə əməkdaşlıq. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycan Respublikasına ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident Cənab İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycan Respublikasına təqdim edilmişdir.

16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT xarici  ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

14 mart 2016-cı il tarixində Pekin şəhərində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır.

Hal-hazırda ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.     

← Geriyə