Sahibkarlığa dəstək

  • Yaradılıb 20.04.2015 11:51
  • Yenilənib 07.09.2018 15:57
  • Nəşr edilib 20.04.2015 11:51

Sahibkarların hüquqlarının müdafiəsi

 

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli Qanunu ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılma müddəti 01.01.2021-ci il tarixinədək uzadılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə yoxlamalar aparıla bilər. Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015-ci il tarixli 660 nömrəli Fərmanı ilə həmin yoxlamalarla bağlı bir sıra məhdudiyyətlər müəyyən edilmişdir.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli 761 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında və 762 nömrəli Fərmanına əsasən mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuraları yaradılmış, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilmişdir. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan) və ya sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə, habelə dövlət qulluğuna qəbulla bağlı keçirilən müsahibənin nəticələrindən namizədlərin verdikləri şikayətlərə baxan kollegial orqandır. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında yaradılmış Apellyasiya Şurasında baxılır.

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2016-cı il tarixli 1988 nömrəli Sərəncamı ilə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında “Sahibkarlar Günü” kimi təsis edilmişdir.

 

 

 

← Geriyə