Sahibkarlığa dəstək

  • Yenilənib 20.05.2021 11:14
  • Yaradılıb 20.04.2015 11:47

Sahibkarlıq subyektləri üçün elektron xidmətlərin təşkili

 

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması və informasiya sistemləri arasında məlumat mübadiləsinin avtomatlaşdırılması istiqamətində işlər uğurla davam etdirilir, yeni elektron xidmətlər təqdim olunur. Sahibkarlar həmin xidmətlərdən istifadə edərək zəruri iqtisadi və hüquqi informasiya əldə edə və sahibkarlıq fəaliyyəti ilə bağlı hüquq müəyyən edən bəzi sənədləri (lisenziyalar, mənşə sertifikatı, kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasına dair bildiriş və s.) almaq üçün müraciət edə bilərlər. Nazirlik tərəfindən göstərilən elektron xidmətlərə “www.economy.gov.az”, “www.lisenziya.gov.az” və Nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların internet səhifələrində yaradılmış elektron xidmət bölmələri, həmçinin müvafiq xidmətin adını əks etdirən bölmə vasitəsilə müraciət etmək mümkündür.

Nazirliyə daxil olan elektron müraciətlərə qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır, tələb olunduğu halda müvafiq dövlət rüsumu və xidmət haqlarının elektron qaydada ödənişi imkanı təmin edilir.

Eyni zamanda istifadəçilər “Lisenziyalar və icazələr” portalı (www.lisenziya.gov.az) vasitəsilə 24 fəaliyyət növü üzrə lisenziyaların və lisenziya əlavələrinin alınması və yenidən rəsmiləşdirilməsi üçün elektron müraciət edə bilərlər. 13 may 2020-ci il tarixindən portalın 2-ci versiyası istifadəyə verilmişdir. Lisenziya alınması üçün istifadəçi gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü seçir. Portalda seçilən lisenziyalaşdırılan fəaliyyət növünə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmadıqda, seçilmiş fəaliyyət növü üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

“Lisenziyalar və icazələr” portalı vasitəsilə istifadəçi müraciətin icra prosesini izləyir və lisenziyanın verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu ödəyir, lisenziya gücləndirilmiş elektron imza ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir.

Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması, kredit sifarişlərinə qısa zaman ərzində baxılması, müraciətlərin qəbulu, kredit təşkilatları və Sahibkarlığın İnkişafı Fondu tərəfindən zəruri təhlillərin aparılması və qərarların sahibkarlara çatdırılması kimi proseslər İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanan və ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması (www.e-edf.gov.az) vasitəsilə həyata keçirilir.

 

Biznes kreditlərinin bu elektron sistem vasitəsilə verilməsi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Sahibkarlar biznes kreditləri üçün onlayn rejimdə müraciət edir, onların müraciətlərinə müvəkkil kredit təşkilatları və İqtisadiyyat Nazirliyində eyni vaxtda baxılır, müraciətlərin statusunun real vaxt rejimində izlənməsi imkanı yaradılır. Elektron Kredit Platformasının tətbiqi ilə həmçinin kreditlərin əldə olunmasında çeviklik və şəffaflıq, sahibkarlar üçün bərabər şərait təmin ediləcək, sağlam rəqabət mühiti formalaşdırılacaq, sahibkarların kreditlərə çıxış imkanları genişləndiriləcək, sərf olunan vaxta və xərclərə qənaət olunacaqdır.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 29 mart 2019-cu il tarixli 1545-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il tarixli 606 nömrəli Fərmanına əsasən, daşınmaz əmlaka dair çıxarışların yalnız elektron qaydada verilməsinə başlanmışdır. Bununla da mülkiyyətə dair çıxarışların kağız formada verilməsi prosesi tamamilə aradan qaldırılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2020-ci il tarixli 1142 nömrəli Fərmanı ilə daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilmişdir. Fərmanla həmçinin, kağızda verilmiş çıxarışların elektron formaya keçirilməsi və “Elektron hökumət” İnformasiya Sistemində yerləşdirilməsinin təmin edilməsi nəzərdə tutulmuş, prosesin həyata keçirilməsi üçün 2022-ci il yanvarın 1-dək müddət təyin olunmuşdur. Sözügedən Fərmanın müvafiq bəndinə əsasən, əgər bu tarixədək hüquq sahibi tərəfindən kağız çıxarış itirilər, məhv olar və ya yararsız hala düşərsə, hüquq sahibinin ərizəsi əsasında elektron formada çıxarış tərtib edilərək hüquq sahibinə elektron üsulla təqdim olunacaqdır.  Çıxarışların elektron şəkildə verilməsinin əsas məqsədi daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur ünsiyyətini minimuma endirmək, əmlakların qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və optimallığı artırmaqdır. Çıxarışların elektron imzalanma prosesinin təmin edilməsi üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə elektron imza servislərinin əlaqəli inteqrasiyası həyata keçirilmişdir. “Elektron çıxarışın əldə edilməsi” elektron xidmətinin yeni funksionallığı təkmilləşdirilmiş, elektron çıxarışın alınması zamanı müraciətçilərə elektron poçt ilə bildiriş və SMS göndərilməsi imkanları təmin edilmiş, “Elektron çıxarışın yoxlanılması” elektron xidməti optimallaşdırılmışdır. İstifadəçilərin elektron çıxarış məlumatlarını daha rahat yoxlamaq imkanlarını artırmaq məqsədi ilə elektron çıxarışlara QR kod əlavə edilmişdir.

Eyni zamanda elektron çıxarış sistemi öz növbəsində kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı riskləri aradan qaldırır, kağız çıxarışın başqa şəxslər tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə edilməsi halı tam istisna edilir.

Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində fəaliyyət göstərən mühəndislər üçün mobil tətbiqin hazırlanmasına başlanılmışdır.

Bunlarla yanaşı, torpaqların səmərəli istifadəsinə nəzarət məqsədilə hazırlanmış Torpaq Səthinin Monitorinqi Sisteminin (TSMS) işi təkmilləşdirilmişdir. Yer səthindəki obyektlərdə dəyişiklikləri və bitki örtüyünün təsnifatını avtomatik olaraq müəyyən edən sistemə yeni və daha dəqiq məlumatlar daxil edilərək maşın öyrənmə alqoritmi təkmilləşdirilmiş, sistemin dəqiqliyi artırılmışdır.

Həmçinin bu istiqamətdə, peyk təsvirlərinin sistemə miqrasiyası ilə bağlı yeni modul hazırlanaraq təqdim edilmişdir.

Qeyd olunan tədbirlərə əlavə olaraq, Ünvan Reyestri İnformasiya Sisteminin yeni altlıq xəritəsi və Xəzər sahilinin 0, 20, 50 metr mühafizə zolaqları lay şəklində sistemə daxil edilmişdir və sistem daha da təkmilləşdirilmişdir.

Respublika üzrə aparılmış torpaqların elektron uçotunun nəticələri ilə bağlı məlumatların hər bir ərazi üzrə istifadəçilərə təqdim olunması məqsədi ilə “Kadastr portalı”nın yaradılması ilə bağlı işlər davam etdirilməkdədir.

Həmçinin vətəndaşlara və hüquqi şəxslərə göstəriləcək xidmətlər “Lisenziyalar və icazələr” portalı və “Kadastr portalı” “ASAN ödəniş” sistemi (www.asanpay.az) ilə inteqrasiya edilmişdir.

Daşınmaz əmlak obyektləri ilə bağlı Ünvan Reyestri İnformasiya Sistemində toplanmış ünvan məlumatlarının veb xəritə üzərindən digər tərəflərə çatdırılmasını və eyni zamanda hər hansı bir ünvan haqqında dəqiq məlumatın əldə edilə bilməsini təmin etmək üçün yaradılmış Ünvan portalının (www.unvanportali.az) funksionallığı inkişaf etdirilmiş və Azərbaycan Respublikasının veb xəritəsi hazırlanaraq sözügedən portala əlavə edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli “Koronavirus (COVID- 19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamının 10.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində müvafiq Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planında icrası İqtisadiyyat Nazirliyinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsi 3 mərhələyə bölünüb. İlkin mərhələdə, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi, habelə iqtisadi fəallığın qorunması məqsədilə vergi stimullarının verilməsi nəzərdə tutulmuşdur.

Pandemiyadan zərər çəkmiş sahələrdə iş yerlərinin sayının azaldılmasının qarşısının alınması məqsədilə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin əmək haqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi pandemiyanın zərər vurduğu fəaliyyət sahələrində və klasterlərdə çalışan 300 min nəfər muzdlu işçinin (əmək müqaviləsi olan) əmək haqlarının müəyyən hissəsinin ödənilməsi üçün sahibkarlara dövlət tərəfindən 215 milyon manat həcmində maliyyə dəstəyi göstərilmişdir. Bu mexanizm çərçivəsində vergi ödəyicilərinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) mövcud olan elektron kabinetləri vasitəsilə təqdim etdikləri müraciətlər əsasında qısa müddət ərzində onların işçilərinə ödənilməli olan əmək haqqının və ona müvafiq sosial sığorta haqlarının müəyyən hissəsi işəgötürənlərin bank hesablarına köçürülür.

Vəsaitlərin ödənilməsi məqsədilə bütün vergi ödəyicilərinə “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” barədə onların şəxsi elektron kabinetinə bildirişlər və mobil telefonlarına SMS-lər göndərilir. Vergi ödəyiciləri internet vergi idarəsində şəxsi

kabinetində “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən “əmək ödənişləri üzrə müraciət” alt bölməsinə daxil olaraq buradakı müvafiq müraciət formasını elektron qaydada doldurur.

Vergi ödəyiciləri müraciətdə pandemiya üzrə zərər çəkmiş fəaliyyət sahələrini, təsərrüfat subyektlərini (obyektlərini), zərər çəkmiş sahə üzrə işçi sayı və əmək haqqı fondu barədə əlavə məlumatları özləri onlayn qaydada doldurmalıdırlar. Bu məlumatlar uçot baza məlumatları ilə avtomatik qaydada yoxlanılır, sistem tərəfindən uyğunsuzluq aşkar edilmədikdə məlumatlar avtomatik olaraq qəbul edilir və bu barədə vergi ödəyicisinə bildiriş göndərilir.

Vergi Məcəlləsinə əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin geri qaytarılması müəyyən edilmiş, həmin proseduru tənzimləyən müvafiq qaydalar isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 21 mart 2020-ci ildə təsdiq edilmişdir. Qaydalara görə, qaytarılan ƏDV nağdsız ödənişlərin tərkibindəki ƏDV-nin 15 faizini, nağd ödənişlərdə isə 10 faizini təşkil edir. ƏDV-nin geri qaytarılması prosesi “edvgerial.az” portalı vasitəsilə həyata keçirilir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Innoweek – İnnovasiya həftəsi 2020” çərçivəsində keçirilən “Azərbaycan İnnovasiya Mükafatı”nın nəticələrinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2020-ci ildə praktiki tətbiqinə başladığı “ƏDV-ni geri al” layihəsi “İlin innovasiya layihəsi” nominasiyasında müsabiqənin qalibi seçilmişdir.

Startapların, mikro, kiçik və orta biznes subyektlərinin (KOB) “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən mütəmadi olaraq təlim, seminar, treninq və digər tədbirlər təşkil edilir. KOB-ların bilik və innovasiyalara çıxış imkanlarının təmin edilməsi məqsədinə çatmaq üçün KOBİA-nın sahibkarlarla təmas platformasından biri də KOB İnkişaf Mərkəzləri mexanizmidir. KOB inkişaf mərkəzlərinin fəaliyyətini özündə birləşdirən və Azərbaycanın ilk onlayn biznes təlim platformasına çevrilən www.kobim.az saytı da inkişaf etdirilir. Platforma üçün 500- dən artıq müxtəlif mövzuları əhatə edən video kontent hazırlanmaqdadır.

İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə 2020-ci ildə 37 320 mindən çox müraciət qeydə alınmışdır ki, onların 96,7%-i (36 090 minə qədər) elektron xidmətlərin payına düşür. 

← Geriyə