Xəbərlər

  • Yenilənib 14.09.2021 12:07
  • Yaradılıb 09.09.2021 19:00

TDƏŞ dövlətləri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Baş katibi Bağdad Amreyevlə görüşüb.

Mikayıl Cabbarov Azərbaycanın TDƏŞ-ə üzv dövlətlərlə əməkdaşlığın uğurlu inkişafını, ölkəmizin təşkilat çərçivəsində tərəfdaşlığın gücləndirilməsində fəal iştirak etdiyini diqqətə çatdırıb, TDƏŞ-in 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirildiyini vurğulayıb.

İqtisadiyyat naziri TDƏŞ çərçivəsində iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialını vurğulayıb, bu məqsədlə Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılmasının, biznes forumların, ixrac missiyalarının və s. tədbirlərin təşkilinin əhəmiyyətini qeyd edib.

Baş katib Bağdad Amreyev təşkilata üzv ölkələr arasında tərəfdaşlığın gücləndirilməsi, əlaqələrin inkişafı baxımından TDƏŞ-in əlverişli platforma kimi önəmini, Azərbaycanın iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıb, türkdilli dövlətlərin və onların biznes dairələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulmasında iştirakda maraqlı olduğunu bildirib.

Görüşdə TDƏŞ çərçivəsində əlaqələrin, ticarət və investisiya tərəfdaşlığının genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

← Geriyə