Xarici mətbuatdan

  • Yenilənib 04.12.2013 14:06
  • Yaradılıb 04.12.2013 14:06

Böyük Britaniyanın "The House" jurnalında Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əlaqələrdən bəhs edən məqalə dərc edilmişdir

 

Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşəbbüsü ilə Böyük Britaniyanın nüfuzlu "The House" jurnalının sentyabr nömrəsində Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı əlaqələrdən bəhs edən məqalə dərc edilmişdir.
AAC-dan AzərTAc-a bildirmişlər ki, məqalədə hər iki ölkə arasındakı əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilir. Qeyd edilir ki, 2013-cü ilin birinci rübünün nəticələrinə görə, Azərbaycanın xarici birbaşa sərmayələrinin 44,1 faizi Böyük Britaniyanın payına düşür.
Yazıda, həmçinin 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" haqqında məlumat verilir. Bildirilir ki, bu müqavilənin imzalanması ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və bp-nin operatorluq etdiyi Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Xəzər dənizinin təbii ehtiyatlarının hasilatı barədə razılığa gəlmişlər.
Müəllif Avropanın enerji təhlükəsizliyinin təminində mühüm rol oynayacaq və Xəzər qazını Türkiyədən keçməklə bu qitəyə çatdıracaq Trans-Adriatik boru kəməri barədə də məlumat verir.
Azərbaycanın iqtisadi inkişafından ətraflı bəhs edilən yazıda ölkəmizin turizm potensialı, informasiya-kommunikasiya texnologiyaları sahəsində qazanılmış nailiyyətlər, eləcə də Böyük Britaniya şirkətlərinin respublikamızda uğurlu fəaliyyəti qeyd olunur.


"AzərTAc"
21 sentyabr

← Geriyə