Xarici mətbuatdan

  • Yaradılıb 04.12.2013 14:01
  • Yenilənib 04.12.2013 14:01
  • Nəşr edilib 04.12.2013 14:01

ABŞ-ın nüfuzlu "The New York Times" jurnalında Azərbaycanın sürətli iqtisadi inkişafından bəhs edən məqalə dərc olunmuşdur

 

ABŞ-ın nüfuzlu "The New York Times" jurnalında Azərbaycanın sürətli iqtisadi inkişafından bəhs edən "Azərbaycan: Gələcəyi inamla qarşılayan ölkə" sərlövhəli məqalə dərc olunmuşdur.
AzərTAc xəbər verir ki, məqalədə Azərbaycanın dünyanın ən qədim insan məskənlərindən biri olduğu, ölkənin müasir mədəniyyətin və sivilizasiyanın yaranmasına, inkişafına və şaxələnməsinə öz töhfəsini verdiyi bildirilir. Qeyd edilir ki, Azərbaycan qədim İpək yolunun üzərində, Qərb və Şərq mədəniyyətlərinin birgə təsiri ilə formalaşmış sivilizasiyaların qovuşuğunda yerləşir. Müxtəlif vaxtlarda fərqli imperiyaların tərkibinə qatılsa da, Azərbaycan xalqı öz dilini, mədəniyyətini və milli xüsusiyyətlərini qoruyub saxlaya bilmişdir.
Müəllif qeyd edir ki, regionun aparıcı dövləti olan Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatında payı 80 faizdən artıqdır. Regiondakı bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilir.
Məqalədə bildirilir ki, 1918-ci yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmuşdur. Qızlar üçün ilk məktəb məhz burada açılmışdır. Azərbaycanda qadınlar hələ bir əsr öncə seçkilərdə iştirak etmək hüququ qazanmışlar. Müsəlman şərqində ilk opera və balet də elə həmin dövrdə yazılmış və səhnələşdirilmişdir.
Diqqətə çatdırılır ki, mövcud olduğu qısa müddətdə bu gənc dövlət çox ciddi problemlərlə qarşılaşdı. Bakı neftinə olan xarici maraq isə bu problemləri daha da ağırlaşdırırdı. Nəticədə Sovet Rusiyası hərbi müdaxilə ilə Azərbaycanı işğal etdi və ölkə müstəqilliyini itirdi. Azərbaycan xalqı təxminən 70 il sovet rejiminin ağır qaydaları şəraitində yaşamağa məcbur oldu.
Nəhayət, 1991-ci ildə Sovet İttifaqının süqutundan sonra Azərbaycan müstəqilliyini bərpa etdi. Həmin dövrdə Azərbaycan keçmiş Sovet İttifaqı ölkələri arasında ən çətin vəziyyətlə üzləşən ölkə olmuşdur. Bu gənc dövlət Ermənistanın ərazi iddiaları və ölkədaxili hərc-mərclik kimi ciddi təhlükələrlə üzləşdi. Ermənistanın hərbi müdaxiləsi Azərbaycan ərazisinin 20 faizinin işğalı və 1 milyondan artıq azərbaycanlının isə öz yurd-yuvalarından didərgin düşməsi ilə nəticələndi. BMT Təhlükəsizlik Şurasının qətnamələrində və digər beynəlxalq təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ərazi bütövlüyü təsdiqlənmiş, ölkə ərazisinin işğalı faktı əksini tapmışdır. Bütün bunlara baxmayaraq, işğal vəziyyəti və 1 milyondan artıq insanın məcburi köçkün kimi yaşaması faktı dəyişilməz olaraq qalır.
1993-cü ildə Bakıya qayıdan və prezident seçilən Heydər Əliyev 2003-cü ilə qədər hakimiyyətdə olmuşdur. 2003-cü və 2008-ci illərdə keçirilən prezident seçkilərində qələbə qazanan İlham Əliyev hazırda Azərbaycan dövlətinin başçısıdır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkə iqtisadiyyatı üç dəfə inkişaf etmiş və 1,2 milyon yeni iş yeri açılmışdır. Ümumiyyətlə, son 22 ildə Azərbaycan sürətli inkişafa təkan verən yeni siyasi və iqtisadi sistem qurmaqla böyük uğurlar əldə etmişdir.
Məqalədə bildirilir ki, bu gün Azərbaycan olduqca əhəmiyyətli enerji layihələri həyata keçirir. Neft ölkəsi kimi tanınan Azərbaycan Xəzər hövzəsinin zəngin enerji potensialını aşkar edən ilk dövlət olmuş və regionda yüksək səviyyəli iqtisadi inkişaf modeli yaratmışdır. Azərbaycan Avropa ilə Asiya arasında ticarət və siyasi əlaqələrin genişlənməsində, həmçinin Qafqaz nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının şaxələndirilməsinə, qeyri-neft sektorunun davamlı inkişafının təmininə və prioritet sahələrə irimiqyaslı sərmayələrin yatırılmasına təkan vermişdir.
İqtisadi inkişaf göstəricilərinə görə Azərbaycan dünya ölkələri arasında ilk sıralardadır. Dünya İqtisadi Forumunun qlobal rəqabətqabiliyyətlilik üzrə hesabatına əsasən Azərbaycan rəqabətlilik reytinqinə görə dünya dövlətləri arasında 39-cu yerdə qərarlaşmışdır. Bu göstərici üzrə Azərbaycan MDB-də birinci yerdədir. Ölkənin iqtisadi inkişafı əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün bir sıra sosial proqramların həyata keçirilməsinə imkan yaratmışdır. Son illərdə həyata keçirilən ən mühüm sosial layihə yoxsulluğun 49 faizdən 6 faizə qədər azaldılması olmuşdur.
Yazıda vurğulanır ki, Azərbaycan sürətlə müasirləşir. Bakı müasir Avropa şəhərlərinə bənzəyir. Qısa zamanda Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Bu tədbirlərə Bakı Beynəlxalq Humanitar Forumu, Davos Forumu, Mədəniyyətlərarası Dialoq Forumu, "Eurovision" mahnı müsabiqəsi, həmçinin ölkənin əsas turizm məkanlarından biri olan Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalı daxildir. 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı elan edilmişdir. Ölkədə həm də bir sıra beynəlxalq əhəmiyyətli idman tədbirləri keçirilmişdir. 2015-ci ildə Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcəkdir.
Müəllif yazır ki, Azərbaycan 2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilmişdir. Həmin il bu ölkə, həmçinin Qoşulmama Hərəkatında üzv olmuşdur. Son iki ildə BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan beynəlxalq miqyasda öz mövqeyini nümayiş etdirmişdir. Bütün bunlar Azərbaycan kimi gənc, lakin sürətlə inkişaf edən bir dövlətə dünya ictimaiyyətinin göstərdiyi hörmətin bariz nümunəsidir.
Məqalədə qeyd edilir ki, Azərbaycan xalqı gələcəyə inamla baxır. Yaxın zamanlarda ölkə əhalisinin gələcəyə inamını daha da gücləndirəcək yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2015-ci ildə adambaşına düşən ümumi daxili məhsulun 10 min dollara çatdırılması, 2018-ci ilə qədər isə bu göstəricinin iki dəfə artırılması planı Azərbaycan dövlətinin sürətli inkişafı qoruyub saxlamaq imkanlarını göstərir. Gələcəkdə Azərbaycan inkişaf etmiş ölkələr sırasına yüksələcəkdir. Bu tarix Azərbaycan xalqı üçün o qədər də uzaq deyildir.


"AzərTAc"
11 sentyabr

← Geriyə