Çıxışlar və müsahibələr

  • Yaradılıb 20.02.2019 17:52
  • Yenilənib 20.02.2019 17:53
  • Nəşr edilib 20.02.2019 17:45

Hörmətli forum iştirakçıları!

Xanımlar və cənablar!

İlk öncə bütün tədbir iştirakçılarını salamlayır və “Vergi. Şəffaflıq. İnkişaf” mövzusunda foruma dəvətə görə Vergilər Nazirliyinin rəhbərliyinə öz dərin minnətdarlığımı bildirirəm.

Müasir çağırışlara və qlobal təkamül dəyərlərinə uyğun olan rasional makroiqtisadi siyasət, köklü islahatlar, konseptual və sistemli tədbirlər Azərbaycanın iqtisadi qüdrətini gücləndirməklə yanaşı, ölkənin inklüziv və dayanıqlı inkişafını, sürətli modernləşməsini təmin edir, siyasi müstəqilliyimiz daha da möhkəmlənir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlər kimi müəyyənləşdirilmişdir.                                                                                         

Ölkə başçısının "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” kursuna uyğun olaraq, müasir dövrün tələblərinə cavab verən ardıcıl tədbirlər həyata keçirilir, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi və iqtisadiyyatda rolunun daha da artırılması sahəsində islahatlar aparılır, beynəlxalq təcrübə nəzərə alınmaqla çevik dəstək mexanizmləri, optimal tənzimləmə alətləri tətbiq edilir.

2015-ci ildən etibarən özəl sektorun inkişafı ilə bağlı qəbul edilən yeni qərarlar iqtisadiyyatın davamlı inkişafının təmin olunması baxımından strateji xarakter daşıyır və sahibkarlığın inkişafı üçün yeni dövrün başlanğıcı hesab olunur.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziyalaşdırılan fəaliyyət növlərinin və icazələrin sayı azaldılmış, prosedurlar sadələşdirilmiş, rüsumlar əhəmiyyətli dərəcədə aşağı salınmış, lisenziyaların və icazələrin “Lisenziyalar və icazələr” portalı vasitəsilə elektron qaydada verilməsinə başlanılmışdır.                            

 

Bununla yanaşı, vergi, gömrük, sosial ödənişlər sistemində köklü və uğurlu islahatlara  başlanılmış, Azərbaycan Kredit Bürosu və Daşınar Əmlakın Yüklülüyü Reyestri yaradılmış, Sahibkarlığın İnkişafı Fondu yaradılmış, verilən kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilmişdir. Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin qaz təchizatı şəbəkələrinə, su təchizatı və tullantı suların axıdılması sistemlərinə qoşulması ilə bağlı texniki şərtlərin ödənişsiz verilməsi müəyyən edilmiş, sahibkarların tikinti obyektlərinin layihələndirilməsi, tikintisinə icazənin verilməsi prosedurları sadələşdirilmiş, dövlət satınalmalarında yerli istehsala üstünlük verilir.

2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Ümumiyyətlə həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 84%-ə çatmış, məşğulluqdakı payı isə 76% təşkil etmişdir.                                                                                            

Hörmətli xanımlar və cənablar!

Heç şübhəsiz ki, bu günki forumun mövzusu da ölkə iqtisadiyyatının avanqardı olan sahibkarlığın inkişafı, dəstəklənməsi və stimullaşdırılması baxımından ən aktual məsələlərdəndir.

Bildiyiniz kimi, iqtisadiyyatda şəffaflığın təmin edilməsi və artırılması sahibkarlığın inkişafını təmin edən ən başlıca amillərdən biridir. Təsadüfi deyildir ki, ölkəmizdə siyasi sabitlik, işçilərin bacarıqları, işçilərin məhsuldarlığı, infrastruktur və əməyin dəyəri kimi 5 ən yaxşı biznes mühiti göstəricinin mövcudluğunun xüsusi qeyd olunduğu, Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı şirkətlərinin rəyləri əsasında hazırlanmış “Avropa İttifaqının Azərbaycan 2018 Biznes Mühiti Hesabatı”nda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün 5 ən vacib islahat zəruri hesab olunur:

  • Vergi sistemində şəffaflığın artırılması
  • Gömrük sistemində şəffaflığın artırılması
  • Hüquqi sistemdə şəffaflığın artırılması
  • Akademik və peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması
  • Elektron idarəetmənin təşviq edilməsi                                                           

Göründüyü kimi, 5 ən vacib hesab edilən islahatdan 4-ü (elektron idarəetmənin təşviq edilməsi daxil olmaqla) məhz şəffaflığın artırılması ilə bağlıdır.

Artıq qeyd etdiyim kimi, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların əsas məqsədlərindən biri məhz dövlət tənzimlənməsində şəffaflığın daha da artırılması ilə sahibkarlara göstərilən xidmətlərin effektivliyinin və keyfiyyətinin yaxşılaşdırılmasıdır. Bu baxımdan dünyada mütərəqqi Azərbaycan brendi kimi tanınan “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti əvəzolunmaz bir modeldir

Şübhəsiz ki, bu kontekstdə rəqabətqabiliyyətli iqtisadi sistemə adekvat vergi siyasətinin həyata keçirilməsi, vergi ödəyiciləri və vergi orqanları arasında qarşılıqlı etimadın gücləndirilməsi, vergi partnyorluğunun genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemində şəffaflığın artırılması, vergitutma obyektlərinin uçotunda sahibkarlıq subyektlərinin məsuliyyətlərinin yüksəldilməsi mühüm əhəmiyyətə malikdir.                                                      

 

Hörmətli Forum iştirakçıları!

Müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi “Biz bazar iqtisadiyyatını vergi yolu ilə tənzimləməliyik” prinsipinə uyğun olaraq, son illərdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi, vergi sistemində də ardıcıl və köklü islahatlar aparılır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi strategiyanın reallaşdırılmasında mühüm istiqamət olan vergi siyasəti iqtisadiyyatın daim dəyişən və yeniləşən tələblərinə, davamlı və sürətli inkişafına adekvat olaraq təkmilləşdirilir. Bu islahatların fəlsəfəsini isə vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi təşkil edir.

Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılmış, vergi yükünün səmərəli tənzimlənməsində əhəmiyyətli işlər görülmüş, vergi qanunvericiliyi təkmilləşdirilməklə vergitutma optimallaşdırılmış, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilmiş, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılmış,  institusional dəyişikliklər aparılmış, kadr potensialı və maddi-texniki təminat gücləndirilmişdir.                                        

 

Hazırda Vergilər Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının son yeniliklərinin istifadə olunması, vergi ödəyiciləri ilə münasibətlərin elektronlaşdırılması işləri uğurla davam etdirilir. Vergi xidmətlərinin göstərilməsində rəqəmsallaşma və elektronlaşmanın tətbiqinin genişləndirilməsi daimi prosesə çevrilmişdir.

Qeyd etməliyəm ki, ölkədə sahibkarlığın və iqtisadi inkişafın dəstəklənməsi, özəl investisiyaların təşviqi, vergidən yayınmanın azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi ödəyiciləri ilə ünsiyyətin minimumlaşdırılması, vergi güzəştlərinin optimallaşdırılması, startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterlərinin yaradılması və inkişafı üçün Vergi Məcəlləsində aparılan mütərəqqi dəyişikliklər mühüm önəm kəsb edir.

Odur ki, Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlər son dəyişikliklər fonunda vergi islahatlarının aparılacağına və vergi orqanlarına olan etimadın artacağına olduqca nikbindirlər.                                                                                                          

Dövlət başçısının rəhbərliyi ilə biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən kompleks işlər nəticəsində Dünya Bankının «Doing Business 2019» hesabatında Azərbaycanın ən islahatçı ölkə kimi dəyərləndirilməsi çox böyük nailiyyətdir.

Hesabatda Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı meyarlarda ölkəmiz əhəmiyyətli dərəcədə irəliləmiş, «biznesə başlama» meyarı üzrə dünyada 9-cu, «vergilərin ödənişi» meyarı üzrə isə 28-ci yerdə qərarlaşmışdır.

Avropa İttifaqının Azərbaycanda biznes mühitinin qiymətləndirilməsində iştirak etmiş şirkətlərin 66%-i “Azərbaycanda yenidən investisiya qoyardınızmı?“ sualına müsbət cavab vermiş, 89%-i isə Azərbaycanda növbəti 1-2 il ərzində fəaliyyətlərinin böyüyəcəyini və ya sabit qalacağını bildirmişlər.

Bu bir daha onu göstərir ki, biznes mühitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar investorların iqtisadiyyatımıza etibarını artırır və onların gələcək fəaliyyət planlarını genişləndirir.

Eyni zamanda qeyd edərək, xüsusilə vurğulamaq istərdim ki, vergilər sahəsində, xüsusilə də vergitutma sistemində şəffaflığın daha da genişlənməsi istiqamətində aparılan islahatların tam effektivliyinə nail olmaq üçün sahibkarlıq fəaliyyətində sahibkarlar tərəfindən də dürüstlüyün təmin edilməsi, maliyyə hesabatlarının və uçotun düzgün aparılması, vergiödəmə mədəniyyətinin yüksəldilməsi tələb olunur. Bu yalnız birtərəfli və inzibati yolla ola bilməz. Ancaq qarşılıqlı həmrəylik olduğu halda şəffaflıq və inkişaf təmin oluna bilər.

 

 Hörmətli tədbir iştirakçıları!

Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin yanvarında keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş Konfrans çərçivəsində sahibkarlarla aparılan müzakirələrdə, biznes nümayəndələri ilə müxtəlif formatlarda təşkil edilən görüşlərdə də vergi sistemində aparılan islahatlardan məmnunluq ifadə edilmiş, sahibkarlar tərəfindən dəstəkləndiyi bir daha vurğulanmışdır.                                                                                             

Fürsətdən istifadə edərək, bütün vergi əməkdaşlarını bu yaxınlarda qeyd etdikləri peşə bayramları münasibətilə bir daha təbrik edir, mühüm və şərəfli işlərində nailiyyətlər arzu edirəm.

Çıxışımın sonunda bir daha qeyd etmək istəyirəm ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi vergi münasibətlərində də yalnız şəffaflıq, dürüstlük, vicdanlılıq, obyektivlik və loyallıq müasir inkişafı, tərəqqi və təkamülü təmin edə bilər. Məhz son dövrlər bu sahədə aparılmış kompleks islahatlardan faydalalan sahibkarlarımızın fikirləri və uğurları da bunu bir daha təsdiq edir.

Əminəm ki, “Vergi, şəffaflıq, inkişaf” forumu maraqlı müzakirələr və gələcək hədəflər üçün səmərəli platforma olacaqdır. Ona görə belə maraqlı və aktual mövzunun seçildiyi üçün forumun təşkilatçılarına öz dərin təşəkkürümü bildirir və bütün tədbir iştirakçılarına uğurlar arzulayıram.

Diqqətinizə görə sağ olun.

                                                                                                                       

← Geriyə