Çıxışlar və müsahibələr

  • Yaradılıb 27.12.2018 15:18
  • Yenilənib 27.12.2018 15:18
  • Nəşr edilib 27.12.2018 15:15

Hörmətli Konfrans iştirakçıları!

Azərbaycan tarixində əbədiyaşarlıq qazanmış, Vətənimiz və xalqımız qarşısında misilsiz xidmətləri ilə siyasi zirvə - Ümummilli lider səviyyəsinə yüksəlmiş dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlər birmənalı olaraq möhtəşəm quruculuq, Azərbaycanın sürətli inkişaf və hərtərəfli tərəqqi mərhələsi kimi səciyyələnir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə bərpa olunmuş müstəqilliyini itirmək təhlükəsi ilə qarşılaşanda da xalqımız üzünü məhz öz xilaskarına – böyük siyasət korifeyi Heydər Əliyevə tutdu.

Agır böhran şəraitində ölkəmizin qabaqcıl ziyalıları, tanınmış insanları və nüfuzlü şəxsləri Azərbaycanı dərin tənəzzüldən çıxara biləcək yeni siyasi qurumun yaradılması təşəbbüsü ilə çıxış etdilər və ulu öndərin Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası siyasi həyata vəsiqə aldı. Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən ümumazərbaycan partiyasına çevrildi, dahi şəxsiyyətin rəhbərliyi ilə ölkənin ictimai həyatında və sosial-iqtisadi inkişafında böyük uğurlara imza atdı.

Yaradılmasının 26-cı ildönümünü şərəflə qeyd edən Yeni Azərbaycan Partiyası ideyalarını uğurla yaşatdığı Ümummilli Liderimizin siyasi və ideoloji irsinin, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin düşünülmüş, praqmatik və çevik siyasətinin harmoniyasıdır. Dövlət başçısının dediyi kimi: “Yeni Azərbaycan Partiyası sözün əsl mənasında, ümumxalq partiyasıdır”.

Ulu Öndərin uzaqgörən dünyəvi dövlət quruculuğu və milli inkişaf konsepsiyasının Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla və qlobal çağırışlara uyğun davam etdirilməsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi daha da möhkəmləndi, suverenliyimiz əbədi və dönməz xarakter aldı. Prezident İlham Əliyevin sosial-iqtisadi konsepsiyası, düşünülmüş və uzaqgörən strategiyası Azərbaycanın sürətli inkişafını təmin edən ən mühüm faktorlardır.

Təsadüfi deyil ki, 2003-cü ildə Azərbaycanı qüdrətli dövlətə çevirəcəyini bəyan edən Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmiz regionun siyasi-iqtisadi və mədəni mərkəzi, qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, dünya miqyasında mühüm enerji təminatçılarından biri, mötəbər beynəlxalq tədbirlər məkanı kimi tanınmış, kosmos dövlətləri ailəsinə qoşulmuş, 2011-ci ildə 155 ölkənin dəstəyini qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir.

Yüksək inkişaf tempi və möhkəm dayanıqlılıq nümayış etdirən Azərbaycanda 2004-2017-ci illərdə ÜDM real ifadədə 3,2 dəfə, o cümlədən qeyri-neft ÜDM 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş vəsaitlər 3 dəfə, dövlət büdcəsinin gəlirləri 13,5 dəfə artıb. Ölkənin strateji valyuta ehtiyatları 28 dəfə artaraq 45 milyard ABŞ dollarını ötüb.

Regionun, eləcə də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri vasitəsilə hazırda Xəzər dənizinin enerji resursları region ölkələrinə və Avropaya nəql edilir. Bu il rəsmi açılışı həyata keçirilmiş Cənub Qaz Dəhlizi və TANAP layihələri, eləcə də tikintisi uğurla davam edən TAP layihəsi Azərbaycanın dünyada mühüm enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirəcəkdir.

Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm yer tutur. Son 15 ildə  irimiqyaslı nəqliyyat infrastrukturu layihələri həyata keçirilmiş, bu sahəyə böyük həcmli dövlət investisiyaları yönəldilmişdir. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Limanı, müasir texnologiyalara əsaslanan Gəmiqayırma Zavodu istifadəyə verilmiş, TRASECA, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin inkişafı istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Avtomobil yollarının və dəmir yolu xətlərinin, xüsusilə Gürcüstan, Rusiya və İran istiqamətində ölkə ərazisindən keçən magistral yolların beynəlxalq standartlar əsasında yenidən qurulması, Bakıda və regionlarda beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun inkişafında önəmli rol oynamaqla yanaşı, tranzit potensialını daha da gücləndirir.

Prezident İlham Əliyevin təşəbbüsü və prinsipial mövqeyi sayəsində tikilən, əhəmiyyətinə görə "Dəmir İpək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ölkəmizin nəqliyyat-tranzit imkanlarını önəmli dərəcədə artırmışdır. Qeyd edim ki, 2018-ci ildə "Şimal-Cənub Beynəlxalq nəqliyyat dəhlizi” ilə əvvəlki illə müqayisədə 100 dəfədən çox yük daşınmışdır.

Qloballaşan dünyanın çağırışlarına uyğun olaraq, son illərdə ölkədə sənayeləşmə templəri yüksəlmiş, sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən birinə çevrilmiş, yüzlərlə müasir və yeni sənaye müəssisəsi, istehsal sahəsi yaradılmış, tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artmış, ixracın həcmi yüksəlmiş, bu ilin yanvar-noyabr aylarında qeyri-neft məhsulları ixracında sənayenin payı 52% təşkil etmişdir.

2013-cü ildə ilk süni peykini orbitə çıxan Azərbaycan bu yaxınlarda sayca 3-cü peykini - "Azərspace-2”-ni orbitə buraxmışdır. Alternativ və bərpa olunan enerji sahəsində bir sıra müəssisələr fəaliyyətə başlamış, yeni perspektivli layihələr həyata keçirilməkdədir. Ölkədə təkrar istehsalın təşkili məqsədilə yaradılmış Balaxanı Sənaye Parkı uğurla fəaliyyət göstərir. Şərqi Avropada və MDB məkanında bu tipli ən iri müəssisə olan və Avropa İttifaqının sərt normativlərinə tam cavab verən Bərk Məişət Tullantılarının Yandırılması Zavodu ekoloji vəziyyətin yaxşılaşdırılmasına və ətraf mühitə mənfi təsirlərin azaldılmasına xidmət etməklə yanaşı, tullantıları enerjiyə çevirir.

 Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutan xalçaçılıq, ipəkçilik və digər ənənəvi sənaye sahələrinin inkişafına böyük diqqət göstərilir. Hazırda xalçaçılığın və ipəkçiliyin inkişafına dair dövlət proqramları uğurla icra olunur, bölgələrdə yeni müəssisələrin yaradılması ilə ənənəvi əmək vərdişlərinin reallaşdırılmasına geniş imkanlar açılır.

Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə məqsədilə sənaye parkları və məhəllələri yaradılır. Artıq sənaye parklarının və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılmışdır.

Regionlarda kiçik və orta sahibkarlığın genişləndirilməsində əhəmiyyətli olan sənaye məhəllələrinin yaradılması davam etdirilir. Artıq Neftçala və Masallı sənaye məhəllələri fəaliyyət göstərir, Hacıqabul və Sabirabad sənaye məhəllələri isə gələn il sahibkarların istifadəsinə veriləcək.

Hələ müstəqilliyimizin ilk illərində Ulu Öndərin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı kəndlini torpağın əsl sahibinə çevirdi. Bu gün Prezident İlham Əliyevin "Kənd təsərrüfatının bütün sahələrinin inkişafı ölkəmiz üçün mühüm önəm daşıyır” strateji xəttinə uyğun olaraq, kənd təsərrüfatı innovativ meyarlara uyğun qurulur, müasir emal müəssisələri, quşçuluq və heyvandarlıq kompleksləri, iri fermer təsərrüfatları, aqroparklar yaradılır, meliorativ tədbirlər görülməklə yeni torpaqlar əkin dövriyyəsinə cəlb edilir. Fermerlərin kənd təsərrüfatı məhsullarını uzun müddət saxlamaları üçün iritutumlu soyuducu anbarlar, əhalinin tərəvəz məhsulları ilə fasiləsiz təminatı üçün istixanalar tikilir.

Həyata keçirilmiş sistemli tədbirlər nəticəsində kənd təsərrüfatı və ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsi yüksəlmiş, 2017-ci ildə kənd, meşə və balıqçılıq təsərrüfatları sahəsində əlavə dəyər istehsalı 4,2%, bu ilin yanvar-noyabr aylarında isə 4,6% artmışdır. Ötən il kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6%, bu ilin 11 ayında isə 11,8% artıb.

Bölgələrin inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası müstəsna əhəmiyyət kəsb edir. 2004-cü ildən başlayan bu proqramların icrası şəhər və rayonların simasını köklü şəkildə dəyişmiş, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açır. İndiyədək regionların inkişafına dair 3 dövlət proqramı qəbul olunmuş və onlardan ikisi artıq uğurla icra edilmişdir. Dövlət proqramları çərçivəsində regionların inkişafına 70 milyard manatdan çox vəsait yönəldilmişdir.

Həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində son 15 ildə ölkəmizdə yaradılmış 2 milyondan çox iş yerinin 75 faizi regionların payına düşür. Hazırda "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”nın icrası başa çatdırılır və dövlət başçısının tapşırığına əsasən, 2019-2023-cü illəri əhatə edən IV Dövlət Proqramının layihəsinin hazırlanması işləri yekunlaşmaq üzrədir.

Dövlət başçısının müəyyən etdiyi: "Azərbaycanın hər bir yerində quruculuq-abadlıq işləri aparılır, regionların sosial-iqtisadi inkişafı proqramı icra edilir. Əlbəttə, bu proqram həm yeni iş yerlərinin açılmasına xidmət edir, eyni zamanda bölgələrin sosial problemlərinin aradan qaldırılmasına kömək göstərir”.

 

Hörmətli Konfrans iştirakçıları!

Ölkəmizin inkişaf strategiyasında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, sahibkarlığın inkişafı prioritet istiqamətlərdəndir. Azərbaycan Respublikası Prezidentinin "Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” strateji kursuna uyğun olaraq, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər həyata keçirilir, qanunvericilik bazası təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, vergi yükü azaldılır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir.

Dövlət başçısının müasir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, sahibkarlıq sahəsində yoxlamalar 2021-ci ilədək dayandırılmış, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı 59-dan 37-yə, icazələrin sayı təqribən 4 dəfə azaldılaraq 86-ya endirilmiş, lisenziyanın verilməsinə görə dövlət rüsumları 2 dəfə, regionlar üzrə 4 dəfə azaldılmış, lisenziyanın verilməsi prosedurları sadələşdirilmiş, "Lisenziyalar və icazələr” portalı yaradılmış və hazırda 24 fəaliyyət növü üzrə elektron lisenziyaların verilməsi həyata keçirilir.

Daha bir islahat tədbiri olaraq, 2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. İndiyədək 289 sahibkarlıq subyektinə 330 investisiya təşviqi sənədi təqdim edilmişdir. İnvestisiya təşviqi mexanizminin tətbiqindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,8 milyard manatdır. Bu layihələrin icrası nəticəsində 21 mindən çox yeni iş yeri yaradılmışdır.

Eyni zamanda investisiya təşviqi sənədi əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 256 sahibkarlıq subyektinə 2150 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektlərinin əldə etdiyi güzəştlərin ümumi dəyəri 107 milyon ABŞ dollarından çoxdur.

Dövlət başçısının Fərmanına əsasən, kiçik və orta sahibkarlığın rolunun və rəqabət qabiliyyətinin artırılması, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılmışdır. Artıq Masallı, Xaçmaz və Siyəzəndə Agentliyin əsas mexanizmlərindən olan "Kiçik və Orta Biznesin Dostu” fəaliyyət göstərir. Ölkənin digər şəhər və rayonlarında da 60 "KOB Dostu” şəbəkəsinin yaradılması işləri aparılır, Bakıda ilk "KOB evi”nin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.

Görülmüş işlər nəticəsində Azərbaycanda güclü özəl sektor formalaşmış, 2017-ci ildə özəl bölmənin payı ÜDM-də 84 faizə yaxın, məşğulluqda 76 faiz təşkil etmişdir.

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti beynəlxalq təşkilatlar tərəfindən də müsbət qiymətləndirilir. Təsadüfi deyildir ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilmiş və ən çox islahat aparan ölkə elan olunmuşdur.

Bu gün dünya bazarına "Made in Azerbaijan” brendi ilə çıxarılan Azərbaycan məhsullarına, xüsusilə də meyvə-tərəvəz, şərab, meyvə şirələri, spirtli içkilərə və s. böyük maraq və tələbat vardır. Son 15 ildə görülmüş tədbirlər nəticəsində Azərbaycanın xarici ticarət tərəfdaşlarının sayı 1,5 dəfə, ixrac 5,3 dəfə, o cümlədən qeyri-neft ixracı 4,1 dəfə, ixrac məhsullarının çeşidi 2,6 dəfə artmışdir.

Siyasi və makroiqtisadi sabitlik, investorların hüquqlarının etibarlı qorunması, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici investisiyalar üçün cəlbedici ölkəyə çevirmişdir.

2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Ümumi investisiya qoyuluşunun 60%-dən çoxu qeyri-neft sektorunun inkişafına yönəldilmişdir.

Davamlı iqtisadi inkişaf, maliyyə imkanlarının artması, özəl sektorun inkişafı Azərbaycanı eyni zamanda investisiya ixracatçısına çevirmiş, xarici ölkələrə müxtəlif sahələr üzrə 21 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır.

Xarici ölkələrlə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə Rusiya, Çin, Birləşmiş Ərəb Əmirliklərində və Mərkəzi Avropada Azərbaycanın ticarət nümayəndəlikləri fəaliyyət göstərir. Belarus, Ukrayna, Latviya, Çin, Polşa və Rusiyada Azərbaycan ticarət evləri açılmışdır. Azərbaycanın xarici ölkədə ilk şərab evi Çində fəaliyyətə başlamışdır. Gələn il Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstanda Azərbaycanın ticarət evləri açılacaq.

Qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmin inkişafı, ölkənin turizm potensialından səmərəli istifadə olunması, yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən turizm sənayesinin formalaşdırılması məqsədilə köklü islahatlar və məqsədyönlü tədbirlər həyata keçirilir. Turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi, turizm potensialı olan ərazilərdə turizm və rekreasiya zonalarının yaradılması, güzəştli kreditlər və investisiya təşviqi mexanizmləri bu sahənin investisiya cəlbediciliyini əhəmiyyətli dərəcədə artırır.

"ASAN Viza” sisteminin tətbiqi nəticəsində Azərbaycana turizm məqsədilə gələn xarici ölkə vətəndaşlarına və vətəndaşlığı olmayan şəxslərə 30 günlük birdəfəlik elektron vizanın 3 iş günü müddətində, eləcə də elektron vizanın sürətləndirilmiş qaydada alınması ilə bağlı müraciət edildikdə 3 saat ərzində təcili vizanın verilməsi həyata keçirilir.

Təsadüfi deyildir ki, 2017-ci ildə ölkəmizə gələn turistlərin sayı 20% artmışdır.

 

Hörmətli Konfrans iştirakçıları!

Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq cənab İlham Əliyevin həyat fəlsəfəsidir. Dövlət başçısının müəyyənləşdirdiyi kimi: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”. Azərbaycanda həyata keçirilən sosial-iqtisadi tədbirlər də məhz bu məqsədə xidmət edir.

Yeri gəlmişkən qeyd edim ki, son 15 ildə 3000-dən çox məktəbdə, 500-dən çox məktəbəqədər təhsil müəssisəsində və 650-yə yaxın səhiyyə müəssisəsində tikinti, əsaslı təmir və yenidənqurma işləri həyata keçirilmişdir. Bu, bütün məktəblərin təxminən 70%-i deməkdir.

İnsan kapitalının inkişafı məqsədilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində minlərlə gənc dünyanın nüfuzlu ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil alıblar.

Dövlət başçısı tərəfindən idmanın inkişafına göstərilən böyük diqqət və qayğı nəticəsində 40-dan çox olimpiya idman kompleksi inşa olunmuş, ölkəmiz I Avropa Oyunları, İslam Həmrəylik Oyunları, "Formula1” kimi mötəbər idman yarışlarına uğurla ev sahibliyi etmişdir.

Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə, o cümlədən əlillərə, müharibə veteranlarına, aztəminatlı vətəndaşlara, qaçqın və məcburi köçkünlərə dövlət qayğısının nəticəsi olaraq onların mənzil və məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir.

Prezident İlham Əliyevin 2018-ci il 19 aprel tarixli Fərmanına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11000 manat birdəfəlik ödəmə verilir. Bütün sosial-texniki infrastruktura malik müasir qəsəbələr salınmış, qaçqın və məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır.

Prezident İlham Əliyevin yeni həyat bəxş etdiyi və Böyük Qayıdışın rəmzinə çevrilən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə uzun fasilədən sonra qayıdan sakinlər üçün fərdi yaşayış evləri, məktəb, məscid binası istifadəyə verilib, infrastruktur işləri və kommunal tədbirlər həyata keçirilib. Bununla da, Cocuq Mərcanlı Azərbaycan torpaqlarının təcavüzkar Ermənistan tərəfindən işğal olunması nəticəsində yurd-yuvasından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına qayıtdığı ilk yaşayış məskəni kimi tarixə düşmüşdür. Cocuq Mərcanlının inkişafı, burada yaşayan əhalinin məşğulluğunun təmin olunması üçün bir sıra layihələr həyata keçirilir. Azərbaycan hökumətinin Türkiyə ilə birgə həyata keçirdiyi belə layihələrdən biri çərçivəsində Cocuq Mərcanlıda istixanalar və arıçılıq təsərrüfatları yaradılmışdır. Artıq bu təsərrüfatlarda istehsal edilən kənd təsərrüfatı məhsulları "Cocuq Mərcanlı”, bal isə "Qarabağlı” brendləri ilə satışdadır.

Cəmiyyətdə və iqtisadiyyatda şəffaflıq hər bir ölkənin gələcəyini müəyyən edən məsələdir. “Şəffaflıq olmadan biz heç bir islahatı apara bilmərik və nə iqtisadi, nə siyasi cəhətdən ölkə sürətlə inkişaf edə bilməz” deyən Prezident İlham Əliyevin müəllifi olduğu və bu gün Azərbaycan brendi kimi dünyada tanınan "ASAN xidmət” bir sıra ölkələr tərəfindən maraqla öyrənilir və tətbiq edilir.

Ölkəmizin ictimai-siyasi həyatında, sosial-iqtisadi inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri misilsizdir. Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirilən layihələr sosial sahənin inkişafına mühüm töhfələr verir, minlərlə insanın rifahını yaxşılaşdırır, Azərbaycanın dünyada nüfuzunu daha da artırır.

Görülmüş genişmiqyaslı işlərin, sistemli və ardıcıl islahatların nəticəsidir ki, bu ilin aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkilərində qədirbilən xalqımız bir daha özünün haqq səsinə, işıqlı gələcəyinə, yüksək sosial rifahına, sabitliyə, sülhə səs verərək, bu yoldan dönməzliyini bir daha sübut etdi. Ümummilli və əbədiyaşar liderin siyasi kursunun layiqli davamçısına səs verən xalqımız milli-mənəvi və ümumbəşəri dəyərlərə sadiqliyini, həmrəyliyini, ən başlıcası isə öz rəhbərinə dərin inam və etibarını bir daha bütün dünyaya nümayiş etdirdi. Seçkilərdə cənab İlham Əliyevin inamlı və möhtəşəm qələbəsi Heydər Əliyevin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” müdrikliyinin, xalq-iqtidar birliyinin daha bir təntənəsidir.

Qazanılmış nailiyyətlər, davamlı sosial-iqtisadi inkişaf qarşıdakı illərdə də ölkəmizin daha böyük uğurlara imza atacağına möhkəm zəmin və dərin inam yaradır. Prezident İlham Əliyevin “Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayacaqdır, biz bu siyasəti davam etdirəcəyik” model-konsepsiyası isə Vətənimizin gələcək inkişafının əsasını təşkil edir. Hədəf isə aydındır – daha qüdrətli Azərbaycan, daha firəvan xalq.

Heç şübhəsiz ki, güclü potensialı, ideyalarının mükəmməlliyi, ən başlıcası isə partiya sədrinə – Azərbaycan Respublikası Prezidentinə ümumxalq sevgisi, dövlətimizin başçısının beynəlxalq aləmdə qazandığı böyük nüfuz və etimad sayəsində Yeni Azərbaycan Partiyası Vətənimizi daha möhtəşəm zəfərlərə, böyük qələbələrə aparan yolun daim önündə olacaqdır.

Dövlət başçısının müəyyənləşdirdiyi kimi, "...Görülən bütün bu işlərin məqsədi budur - Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın, ölkəmizin iqtisadi müstəqilliyi daha da möhkəmlənsin və dünyada rolumuz, əhəmiyyətimiz artsın”.

Diqqətinizə görə sağ olun!

← Geriyə