Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) 1 kv.m. yaşayış sahəsi üçün 1 ayda 0,02 manat, eləcə də yaşayış binalarında liftdən istifadəyə görə xidmət tarifləri adambaşına 1 ayda 0,2 manat təsdiq edilmişdir. Yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan mənzil istismar müəssisələri tərəfindən idarə olunan çoxmənzilli binalarda yaşayış sahəsinin saxlanması haqqı qeyd olunan tariflər əsasında hesablanır.
Həmçinin “Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 24.11.2011-ci il tarixli 5 nömrəli Qərarı ilə əhali qrupu üzrə bərk məişət tullantılarının yığılması və daşınmasına görə xidmət haqqı 1 nəfər üçün aylıq 0,30 manat müəyyən edilmişdir.
Bununla yanaşı, 2009-cu ildən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir. Məcəllənin 138.1-ci maddəsinə görə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir.
Məcəllənin 136.3-cü maddəsinə əsasən isə yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir.
Cavab: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarış əldə etmək üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) tələb olunur.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Həmçinin, Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
Beləliklə, çoxmənzilli binada yerləşən yaşayış və qeyri-yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı barədə çıxarışın əldə olunması üçün mənzil-tikinti kooperativi tərəfindən müvafiq sənədlərin verilməsinə görə haqqın alınması ilə bağlı mövcud qanunvericilikdə normalar müəyyən olunmamışdır.
Cavab: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 38-ci maddəsinə uyğun olaraq, çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.
Mənzil Məcəlləsinin 135-ci maddəsinə görə yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi, yaşayış sahəsinin mülkiyyətçisi üçün isə yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan yaranmış hesab edilir.
Mənzil Məcəlləsinin 137-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradıldığı çoxmənzilli binanın mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvü olmayan sahə mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti və ya mənzil-tikinti kooperativi və ya digər ixtisaslaşmış istehlak kooperativi ilə bağlanmış müqaviləyə uyğun olaraq ödəyirlər.
Həmçinin, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 393-1.4-cü maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçisi tərəfindən ona məxsus olan sahənin saxlanması xərclərini, habelə mənzil qanunvericiliyinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması xərclərini vaxtında və tam məbləğdə çəkməkdən boyun qaçırılmasına görə ödənilməli olan ödənişlərin məbləğinin yüz faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir.
Cavab: “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır.
Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır.
Həmçinin, adıçəkilən qanunların müvafiq olaraq 8-ci, 13-cü və 23-cü maddələrinə uyğun olaraq, yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra istismarına icazə verilə bilər.
Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.
Bu baxımdan, sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.
Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq sökülməsi barədə qərar qəbul edilmiş, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Qanunun 39-cu maddəsinə uyğun olaraq, yaşayış evləri və mənzillərin icbari sığortası üzrə sığorta məbləğləri və şərtsiz azadolma məbləğləri aşağıdakı kimi müəyyən edilir:
- Bakı şəhərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 25.000 manat, azadolma məbləği 250 manat;
- Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat;
- digər yaşayış məntəqələrində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 15.000 manat, azadolma məbləği 150 manat.
Qeyd olunan Qanuna əsasən müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir.
Azərbaycan Respublikası Vergi Məcəlləsinə (Maddə 197) uyğun olaraq rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri əmlak vergisi üzrə vergitutma obyekti sayılır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır (Maddə 200).
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikinti obyektinin istismarına icazə üzrə icraat prosedurları müəyyən edilmişdir. Həmçinin, tikinti obyektinin istismarına icazə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin istismarına icazənin vahid forması”na əsasında yerli icra hakimiyyəti orqanları tərəfindən verilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Qanunun 8-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri də mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarıdır. Qanunun 10-cu maddəsində isə hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsinə dair prosedurlar müəyyən edilmişdir. Həmçinin, Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
Göstərilənləri nəzərə alaraq, sözügedən çoxmənzilli binalarda əmlak vergisinin hesablanması və ödənilməsi müvafiq əmlak üzərində mülkiyyət hüquqlarına dair təsdiqedici sənədlər əsasında həyata keçirilir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 139.1-ci maddəsinə uyğun olaraq kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Bununla əlaqədar, qüvvədə olan sahəvi normativ hüquqi aktların tələblərinə əsasən çoxmənzilli binalarda istehlakçılara təqdim olunan kommunal xidmətlərin təminatı qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada yalnız müvafiq təchizatçı müəssisə tərəfindən dayandırıla bilər.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmçinin, Məcəllənin 135-ci maddəsinə görə mənzil-tikinti kooperativi üzvləri üçün yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab olunur. Məcəllənin 137.9-cu maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin sahələrin saxlanması və təmiri üzrə xidmət və işlərin xərclərini müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq çəkirlər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 109-cu maddəsinə əsasən yaşayış sahələrinə olan ehtiyacın ödənilməsi üçün üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə müvafiq binaların tikintisi və (və ya) yenidən qurulması, habelə müəyyən dövr ərzində kooperativ binada yaşayış və qeyri-yaşayış sahələrinin sözügedən Məcəllənin 141-1-ci maddəsinə uyğun olaraq idarə edilməsi məqsədi ilə fiziki və (və ya) hüquqi şəxslərin üzvlüyə əsaslanan könüllü birliyi mənzil-tikinti kooperativləri hesab edilir. MTK-lar kooperativ binanın tikilməsi və (və ya) yenidən qurulması, həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin öz üzvləri arasında tam bölüşdürülməsi, üzvlərinin pay haqlarını tam həcmdə ödəmələri üçün tələb olunan müddətə yaradılırlar.
Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikasının Mənzil və Mülki məcəllələri, digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.
Həmçinin, Məcəllənin 112-ci maddəsinə əsasən MTK üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir.
Məcəllənin 113.1-ci maddəsinə uyğun olaraq, mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir.
Məcəllənin 140.1-ci maddəsinə əsasən isə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur.
Qeyd olunanları, habelə qanunvericilikdə MTK-nın yaradılmasının məqsədi və fəaliyyətinin mahiyyəti ilə bağlı müddəaları nəzərə alaraq, MTK-lar tərəfindən inşa olunan binada satılmayan mənzillərin mülkiyyətçisi kimi MTK üzvləri (iştirakçıları) çıxış edir və onlar həmin binada digər yaşayış və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərilə birlikdə çoxmənzilli binanın saxlanmasında iştirak edirlər və müvafiq haqq ödəyirlər.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi barədə qərarın verilməsi sahə mülkiyyətçilərinin ümümi yığıncağının səlahiyyətlərinə aiddir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 120.2.3-cü maddəsinə əsasən sahələri çoxmənzilli binanın müxtəlif (ikidən az olmayan) sahə mülkiyyətçilərinə məxsus olan, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə çoxmənzilli binalarda sahə mülkiyyətçiləri tərəfindən MMMC yaradıla bilər.
Mənzil Məcəlləsinin 125.2-ci maddəsinə əsasən isə MMMC-nin yenidən təşkili haqqında qərar qəbul etmək səlahiyyəti cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir.
Eyni zamanda, MMMC-nin yenidən təşkili, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması müvafiq qanunvericilik əsasında həyata keçirilir.
Şəhərsalma və Tikinti Məcəlləsinin 48-ci maddəsinə uyğun olaraq tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan yaşayış evlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. Məcəllənin 80-ci maddəsinə əsasən isə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur.
Qeyd olunanları nəzərə alaraq, hər bir vətəndaş xüsusi lisenziya əsasında layihələndirmə fəaliyyəti həyata keçirən istənilən hüquqi və ya fiziki şəxsə müraciət edərək yaşayış evinizin tikintisi üçün layihənin hazırlanmasına tələb olunan məbləğ barədə məlumat ala bilər.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsinə əsasən, bu məişət səs küyünə qarşı mübarizə qaydalarının pozulması hesab olunur. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 393-cü maddəsinə əsasən,
Yaşayış sahələrində ümumi istifadə yerlərinin, pilləkən meydançalarının, liftlərin, evlərin girişlərinin, evyanı ərazilərin təmiz saxlanması qaydalarının pozulmasına görə -
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar on manatdan iyirmi manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Yaşayış sahələrinin istifadə edilməsi və mühəndis avadanlığının istismar qaydalarının pozulmasına və ya bunların təsərrüfatsızlıqla saxlanmasına görə -
fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
Yaşayış sahələrinin özbaşına yenidən qurulmasına və (və ya) yenidən planlaşdırılmasına, onlardan başqa məqsədlər üçün istifadəyə görə, əgər bu, şəxslərin hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına real təhlükə yaradırsa -
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Yaşayış binalarının, onların avadanlığının və abadlıq obyektlərinin korlanmasına görə -
fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Bununla yanaşı, Mənzil Məcəlləsinin 29-cu maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119.2-ci maddəsinə əsasən mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. Yaradılması nəzərdə tutulan MMMC-nin qeyri-kommersiya qurumu kimi dövlət qeydiyyatına alınması üçün "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununun 5-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir.
Təsis olunacaq MMMC-nin dövlət qeydiyyatından keçməsi üçün tələb olunan sənədlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsi ilə müəyyən olunmuşdur.
Mənzil Məcəlləsinin 43-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanı olmaqla, çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi, çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi, çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi, eləcə də Mənzil Məcəlləsi ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər barədə qərar qəbul etmək səlahiyyətinə malikdir.
Məcəllənin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
Eyni zamanda, Məcəllənin 141.2-ci maddəsində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin binanın idarə edilməsi məqsədilə üç idarəetmə üsulundan (- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; - mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; - idarəedici təşkilat tərəfindən idarə edilmə) birini seçməyə borclu olduğu müəyyən olunmuşdur.
Bununla yanaşı, Məcəllənin 109.5-cü maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan bütün yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ Mənzil Məcəlləsi, Mülki Məcəllə və digər qanunlar ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya MMMC-yə çevrilməlidir.
Mənzil Məcəlləsinin 120.2-ci maddəsinə əsasən MMMC ən azı iki mənzilin yerləşdiyi binaların, ən azı bir mənzil və digər mülkiyyətçiyə məxsus bir qeyri-yaşayış sahəsi olan binaların, sahələri çoxmənzilli binanın müxtəlif (ikidən az olmayan) sahə mülkiyyətçilərinə məxsus olan, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə çoxmənzilli binanın, ümumi torpaq sahəsində və ya bir neçə qonşu (həmsərhəd) torpaq sahələrində yerləşən, eyni mühəndis-texniki təminat şəbəkələri və digər infrastruktur elementləri ilə birləşmiş bir neçə yaşayış evlərinin sahə mülkiyyətçiləri tərəfindən yaradıla bilər.
Eləcə də, Məcəllənin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər mənzil qanunvericiliyinə uyğun MMMC yaratmaq hüququna malikdirlər.
Çoxmənzilli binalarda mövcud olan sahələr üzərində hüquqlarla bağlı qeyd etmək istərdik ki, Mənzil Məcəlləsinin 35-ci maddəsinə əsasən yaşayış binasında mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və Mənzil Məcəlləsi, eləcə də mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir.
Məcəllənin 38-ci maddəsinə uyğun olaraq çoxmənzilli binanın ümumi əmlakının saxlanması üzrə xərclər binanın sahə mülkiyyətçilərinin hesabına ödənilir. Çoxmənzilli binanın sahə mülkiyyətçisinin hesabına ödənilən binanın ümumi əmlakının saxlanması üzrə məcburi xərclərdə mülkiyyətçinin payı onun binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq müəyyənləşdirilir.
Həmçinin, çoxmənzilli binadakı qeyri-yaşayış sahəsinə mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ əldə etmiş şəxslər həmin binanın, o cümlədən ümumi sahələrin (əmlakın) saxlanılmasında iştirak etməlidirlər.
Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin (mənzil sahibinin) ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
Həmçinin, Mənzil Məcəlləsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
Hazırda elektrik, qaz və su təsərrüfatı sahəsində mövcud olan qanunvericilik aktlarına əsasən fiziki şəxs olan istehlakçı üçün sayğacların quraşdırılması müvafiq xidmətləri göstərən təchizatçı müəssisənin ("Azərişıq" ASC, ARDNŞ, "Azərsu" ASC) hesabına quraşdırılmalıdır. Həmçinin, sözügedən abonentin təqsirindən sayğac zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı həmin abonentin hesabına yerinə yetirilir.
Mənzil Məcəlləsinə əsasən yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər. Həmçinin, "İcbari sığortalar haqqında" Azərbaycan Respublikası Qanununun 35.2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binaların, mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.
Vergi Məcəlləsinə əsasən vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə vergi ödəyicisi olan hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınır. Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən 30 gün müddətində verilməlidir.
Eyni zamanda, MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil.
Mülki Məcəlləyə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
Mövcud qanunvericilik aktlarına əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə uyğun olaraq müəyyənləşdirilmiş tariflər əsasında sayğac göstəriciləri nəzərə alınmaqla müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir.
Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə əsasən çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. Digər mərtəbədə yerləşən mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsinə qeyri-yaşayış sahəsinə keçirilən mənzilin bilavasitə altında yerləşən sahələrin yaşayış sahələri olmadığı hallarda yol verilir.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur.
Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir.
Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə yerli icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq-planlaşdırma bölməsini Şəhərsalma və Tikinti Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Yerli icra hakimiyyəti orqanı tərəfindən bir ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan obyektlərin tikintisinə icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. Bu müddət sifarişçinin yazılı müraciəti əsasında uzadılır. Müddətin uzadılması ilə bağlı hallar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
Mənzil Məcəlləsinin 31-ci maddəsinə əsasən, yaşayış sahəsinin və (və ya) onun altındakı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146-cı maddəsinə əsasən, Mənzil Məcəlləsi qanuni qüvvəyə mindiyi 1 oktyabr 2009-cu il tarixədək "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayırlar.
Lakin, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu Mənzil Məcəlləsi qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Həmin yaşayış sahələrinin özəlləşdirilməsi yalnız Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər.
"Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq Milli Arxiv İdarəsi tərəfindən arxiv arayışı verilir.
Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə Əmlak Məsələləri Dövlət Komitəsinə verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:
- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;
- mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);
- mənzil sahəsinin orderi.
Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 3.7.3-cü yarımbəndinə əsasən məişət tullantılarının yığılması, daşınması, zərərsizləşdirilməsi üçün tədbirlərin görülməsi yerli icra hakimiyyətlərinin ümumi vəzifələrinə aid edilmişdir.
Eyni zamanda, "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tullantılarla bağlı fəaliyyətə dövlət nəzarəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir.
Qeyd olunan məsələ ilə əlaqədar yarana biləcək problemlərlə bağlı yuxarıda adıçəkilən dövlət qurumlarına müraciət edilməsi tövsiyə olunur.
Çoxmənzilli binanın idarə olunması üsulunun seçilməsi sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı əsasında müəyyən olunur. Çoxmənzilli binanın idarə olunması üsulları aşağıdakılardır:
- binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə;
- mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə;
- idarəedici təşkilat tərəfindən idarə edilmə.
Çoxmənzilli binaların sahə mülkiyyətçiləri ilə həyata keçirilən maarifləndirmə və təbliğat işinin nəticəsi olaraq, Bakı şəhərinin ayrı-ayrı ünvanlarında yerləşən binalarda mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri yaradılaraq onlardan 22 (iyirmi iki) vahidi artıq Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, həmçinin Yasamal, Nərimanov, Xətai, Səbail və başqa rayonlarda, eləcə də ölkənin digər regionlarında, o cümlədən Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən çoxmənzilli binalarda MMMC-lərin yaradılması istiqamətində müvafiq işlər aparılmaqdadır.
Dövlət mənzil fondu üzrə yaşayış sahələrinə görə haqqın miqdarı Azərbaycan Respublikasının Nazirlər Kabineti, bələdiyyə mənzil fondu üzrə bələdiyyələr, özəl mənzil fondu üzrə isə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə uyğun olaraq idarəetmə orqanları tərəfindən müəyyən olunur.
Mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binada yaşayış sahəsinin saxlanması haqqı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə təyin edilir. Əgər sahə mülkiyyətçiləri bu barədə qərar qəbul etməzlərsə haqqın miqdarı Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.
Tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yarada bilərlər.
Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan altı ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir.
Bu zaman haqqın miqdarı mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən müəyyən olunur.
Yaşayış sahəsinin saxlanması və təmiri xərcləri:
- çoxmənzilli binanın idarə edilməsi xərci;
- ümumi əmlakın saxlanması xərci;
- ümumi əmlakın cari və əsaslı təmiri xərci.
Kommunal xidmətlərə görə ödənilən haqlar:
- soyuq və isti su təminatı, kanalizasiya xərcləri;
- elektrik təminatı xərci;
- qaz təminatı xərci;
- istilik təchizatı xərci.
Yaşayış sahəsinin saxlanmasına görə haqq həmin yaşayış sahəsinin idarə edilməsini həyata keçirən idarəedici təşkilata ödənilməlidir.
Mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə müvafiq arayışın - 2 №-li formanın verilməsinə görə Azərbaycan Respublikasının normativ hüquqi aktlarında hər hansı ödəniş nəzərdə tutulmamışdır.
Bidiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"nın 1.8-ci bəndinə əsasən, tikintisi başa çatmış çoxmənzilli yaşayış binalarının mənzil mülkiyyətçiləri ilə fərdi müqavilələr daxili təchizat sistemi texniki şərtlərə uyğun qurulduqdan sonra bağlanılmalıdır.
Qeyd olunan müddəaya uyğun olaraq, binanın tikintisi başa çatıbsa, eləcə də daxili su və kanalizasiya təminatı sistemi texniki şərtə uyğun qurulubsa, bu halda binanın sifarişçisi tərəfindən daxili su və kanalizasiya təminatı sisteminin istismara hazır olması ilə bağlı "Azərsu" ASC-yə müraciət olunmalıdır.
Eyni zamanda,nəzərə alınmalıdır ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci maddəsinə əsasən, tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir.
Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikinti obyektinin istismarına icazə yerli icra hakimiyyəti orqanı tərəfindən verilir. Obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda yerli icra hakimiyyəti orqanı tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra yerli icra hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş "Tikinti obyektinin istismarına icazənin vahid forması" əsasında verilir.
Yerli icra hakimiyyəti orqanı istismara icazə verməzdən əvvəl tikintinin və ya onun hissələrinin ekspertizadan keçirilməsinə dair ekspertiza müəssisəsinə müraciət edə bilər. Bu müraciət tikintinin təhlükəsizliyi baxımından əsaslandırılmış olmalıdır.
Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır.
Həmçinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 4 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydaları”nın 3.2-ci bəndinə uyğun olaraq yaşayış binasında otaqların və digər yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Binanın isidilmə sisteminə daxil olan sobanın (buxarının) və havalandırma üçün nəzərdə tutulmuş şaquli boşluqların yerləşdiyi sahə otağın və digər yerləşgələrin sahələrinə daxil edilmir.
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir.
Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə uyğun olaraq, hüquqların dövlət qeydiyyatı sözügedən qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə, müvafiq etibarnamə notariat qaydasında təsdiqlənməlidir.
İstehlakçılara göstərilən elektrik enerjisi, qaz təchizatı, su və tullantı sularının axıdılması xidmətləri yalnız müvafiq olaraq “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallarda təchizatçı müəssisələr tərəfindən dayandırıla bilər.