Sahibkarlığın inkişafı

Sahibkarlığın inkişafına dövlət dəstəyi

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81%-ə, məşğulluqda payı isə 77%-ə çatıb. Özəl bölmənin dövlət dəstək alətlərindən daha geniş istifadəsi qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrinin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradır.

Kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsinin real mənbəyi kimi sahibkarlığa dövlət maliyyə yardımı mexanizmi formalaşdırılmışdır ki, bu da əsas etibarilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə səciyyələnir. Fondun vəsaiti qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.

Sahibkarların investisiya təminatının gücləndirilməsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin xüsusi rolu var. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhfə vermək, həyata keçirilən əlverişli layihələrə investisiya qoymaq, rəqabətqabiliyyətli və əlavə dəyər yaradan, xüsusilə ixracyönümlü və ya idxal əvəzləyici layihələrdə iştirak şirkətin əsas məqsədlərindəndir.

Ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i kiçik və orta sahibkarlıq subyektləridir və onların əlavə dəyərin yaradılmasında, ixrac, məşğulluq və investisyalarda payı artır. Kiçik və orta sahibkarlığın ölkə iqtisadiyyatında rolunun və rəqabət qabiliyyətinin yüksəldilməsi, bu sahədə idarəçilik sisteminin müasir tələblərə uyğunlaşdırılması və institusional dəstək mexanizmlərinin formalaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yaradılıb. Agentlik tərəfindən KOB-ların iqtisadiyyatda rolunun və rəqabət qabiliyyətinin, bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi istiqamətində müxtəlif təşviq və dəstək mexanizmləri həyata keçirilir. KOB dostu ofisləri, KOB İnkişaf Mərkəzləri, KOB-lar üçün təhsil, elm, tədqiqat layihələrinin maliyyələşdirilməsi, "Startap şəhadətnaməsi"nin verilməsi buna misal ola bilər.

Sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növlərinin əhəmiyyətli dərəcədə azaldılması, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsi, satınalmalar sahəsində kotirovka sorğusu prosedurunun tamamilə elektronlaşdırılması və vahid internet portalı - etender.gov.az vasitəsilə həyata keçirilməsi, vergi qanunvericiliyində köklü islahatlar və s. tədbirlər də özəl sektorun fəaliyyətinin gücləndirilməsinə, şəffaflığın və hesabatlılığın artırılmasına, rəqəmsallaşmanın geniş vüsət almasına, rəqabət mühitinin inkişafına xidmət edir.

Azərbaycanın ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsi kimi öncül məqsədlərin reallaşdırılması məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) təsis edilib. Fond ölkə sahibkarlarının ixrac potensialının artırılmasında, investisiya imkanlarının genişləndirilməsində, potensial tərəfdaşların tapılmasında və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsində sahibkarlara yaxından dəstək verir.

Sahibkarlığın inkişafına sistemli və ardıcıl dövlət dəstəyinin daha bir nümunəsi kimi Export.az elektron ticarət portalını göstərmək olar. Portal sahibkarlıq subyektlərinə biznes əlaqələrdə etibarlı vasitəçi, dünya biznesinə asan çıxış imkanının yaradılması missiyasını yerinə yetirir.

Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarların hüquqlarının müdafiəsi məqsədilə indiyədək bir çox qanunlar qəbul olunub. Sahibkarlığın inkişafına töhfə verən belə qanunlardan biri də 2013-cü ilin 2 iyul tarixində qəbul olunmuş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunudur. Qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb.

Sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında və mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları fəaliyyət göstərir.

Dövlət başçısının müvafiq Sərəncamı ilə ölkənin iqtisadiyyatında, məşğulluğun təmin olunmasında sahibkarların artan rolunu nəzərə alaraq, cəmiyyətdə sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək məqsədi ilə hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar Günü" kimi qeyd olunur.