2017

  • Updated 14.03.2018 18:05
  • Created 20.05.2017 16:11

Azərbaycan Respublikasında ticarət, iaşə və pullu xidmət sahələrinin inkişafı

 

2017-ci ilin yanvar-mart aylarında ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 1.006,9 milyon manatlıq əlavə dəyər yaradılmış və onun ÜDM-də xüsusi çəkisi 12 faiz təşkil etmişdir. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə əlavə dəyərin real həcmi 3,2 faiz artmışdır.
Hesabat dövründə əsas kapitala yönəldilmiş bütün vəsaitin 0,1 faizi (2,1 milyon manat) ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrinə sərf edilmişdir. 2017-ci il martın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı iqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1.481,3 min nəfər olmuşdur, onların 19,3 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində cəmlənmişdir.
2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2017-ci ilin yanvar-mart aylarında ölkənin pərakəndə ticarət şəbəkəsindən əhaliyə satılan malların həcmi 1,6 faiz artaraq 7.926,1 milyon manat təşkil etmişdir.
İstehlak mallarının 99,9 faizi özəl təsərrüfat subyektlərində, o cümlədən 11,1 faizi hüquqi şəxs statuslu özəl müəssisələrdə, 53,4 faizi fərdi sahibkarlara məxsus ticarət subyektlərində, 35,4 faizi bazar və yarmarkalarda, 0,1 faizi hüquqi şəxs statuslu dövlət müəssisələrində satılmışdır. Hesabat dövründə pərakəndə ticarət şəbəkəsindən bir istehlakçı orta hesabla ayda 272,4 manatlıq və ya 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə 36,5 manat çox əmtəə almışdır.

 

2017-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət dövriyyəsinin strukturu

ticaret-xidmet-2017

Pərakəndə şəbəkədə satılmış qeyri-ərzaq mallarının həcmi 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz artaraq 3.886,8 milyon manata çatmışdır. Pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində qida məhsulları, içkilər və tütün məmulatları 4.039,3 milyon manata bərabər olmuş və 2016-cı ilin müvafiq dövrünün səviyyəsini real ifadədə 0,7 faiz üstələmişdir.
2017-ci ilin yanvar-mart aylarında hər bir istehlakçı fərdi istehlak məqsədi ilə pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 138,8 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 133,6 manatlıq isə qeyri-ərzaq malları almışdır. 2016-cı ilin müvafiq göstəricisi ilə müqayisədə istehlakçılar tərəfindən qeyri-ərzaq mallarının alınmasına 16,8 manat, qida məhsulları, içkilər və tütün məmulatları üçün isə 19,7 manat daha çox vəsait sərf olunmuşdur.
Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 51,0 faizi (4.039,3 milyon manat) qida məhsulları, içkilər və tütün məmulatlarının, 17,7 faizi (1.401,2 milyon manat) toxuculuq malları, geyim və ayaqqabıların, 6,1 faizi (482,7 milyon manat) elektrik malları və mebelin, 4,9 faizi (391,3 milyon manat) avtomobil yanacağının, 1,3 faizi (104,1 milyon manat) əczaçılıq və tibbi malların, 0,8 faizi (61,3 milyon manat) kompüterlər, telekommunikasiya avadanlıqları, çap məhsullarının, 18,2 faizi isə (1.446,2 milyon manat) digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.
Elektron ticarət
2017-ci ilin yanvar-mart aylarında elektron ticarət şəbəkəsində istehlakçılara 10,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə çox istehlak malları satılmışdır.
İaşə xidməti
2017-ci ilin yanvar-mart aylarında əhaliyə 279,7 milyon manatlıq və ya keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,6 faiz çox iaşə xidmətləri göstərilmişdir. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların payına düşmüşdür. Bu dövr ərzində hüquqi şəxs statuslu müəssisələrdə iaşə dövriyyəsinin həcmi 110,6 milyon manat olmuşdur.
Pullu xidmətlər
2017-ci ilin yanvar-mart aylarında əhaliyə 1.915,9 milyon manatlıq pullu xidmət göstərilmişdir. Hüquqi şəxslər tərəfindən əhaliyə 1.397,5 milyon manat xidmət göstərilmişdir ki, bu da ümumi xidmətlərin 72,9 faizini təşkil edir. Hesabat dövründə hər bir ölkə sakini orta hesabla 197,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11,6 manat çox müxtəlif növ pullu xidmətlərdən istifadə etmişdir.

 

 

← Back