Sual: Bilmək istəyirdim ki, tədris (kurs) mərkəzi üçün lisenziya alınmalıdır?
Cavab: “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.47-ci maddəsinə əsasən müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurum təhsil müəssisəsidir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən təhsil haqqında dövlət sənədi növbəti pillədə və səviyyədə təhsili davam etdirmək və ya ixtisas üzrə əmək fəaliyyətinə başlamaq üçün əsas sayılır. Eyni zamanda Qanunun 1.0.21-ci və 27.1-ci maddələrinə əsasən dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil forması formal təhsildir və təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün lisenziyası olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində verilir. Qanunun 1.0.31-ci maddəsinə əsasən isə müxtəlif kurslar və fərdi məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin verilməsi ilə müşayiət olunmayan təhsil forması qeyri-formal təhsilə aid edilmişdir. Qeyri-formal təhsil fəaliyyətinin həyata keçirilməsi üçün isə lisenziya tələb olunmur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 1 nömrəli əlavəsi olan “Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı”nın 5-ci maddəsinə əsasən təhsil fəaliyyətinə (dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisələri, dövlət ümumi təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə təhsili müəssisələri, orta ixtisas təhsili müəssisələri, ali təhsil müəssisələri, əlavə təhsil müəssisələri, dini orta ixtisas təhsili müəssisələri, ali dini təhsil müəssisələri) lisenziya tələb olunur.