Ümumdünya Şəhər Forumunda işğaldan azad edilmiş ərazilərimizin potensialı barədə məlumat verilib

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” mövzusunda 11-ci sessiyası çərçivəsində panel görüşü keçirilib.

Tədbirdə iştirak edən İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov 2030-cu ilədək Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlərində müəyyən olunmuş hədəflər və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işləri, regionun iqtisadi potensialı barədə məlumat verib. Panel görüşdə işğaldan azad edilmiş ərazilərimizdə dayanıqlı məskunlaşmanın, bölgənin iqtisadi fəaliyyətə reinteqrasiyasının, məşğulluğun və davamlı inkişafın təmin edilməsi üçün yaradılan əlverişli mühitə dair video-çarx nümayiş olunub.

Qeyd edək ki, Ümumdünya Şəhər Forumu BMT-nin Yaşayış Məskənləri Proqramı (UN-HABITAT) tərəfindən hər iki ildən bir keçirilir və sürətli urbanizasiyanın yaratdığı problemlərə həsr olunur.