2009-2013-cü illərdə regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı

  • Обновлено 11.05.2017 13:47
  • Создано 27.09.2012 06:05

AZƏRBAYCAN RESPUBLİKASI REGİONLARININ
2009-2013-CÜ İLLƏRDƏ SOSİAL-İQTİSADİ İNKİŞAFI
D Ö V L Ə T  P R O Q R A M I


GİRİŞ

Keçən əsrin 90-cı illərinin ortalarından Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə başlanmış demokratik dövlət quruculuğu sahəsində genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edilmiş, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəlmiş, iqtisadiyyatın dinamik inkişafının əsası qoyulmuşdur. Həyata keçirilən islahatların başlıca məqsədi demokratik və güclü iqtisadiyyata malik müstəqil dövlətin qurulmasından ibarət olmuşdur. İqtisadi sahədə həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etmək və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətə davamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə ölkənin iqtisadi qüdrətinin artırılmasına yönəlmişdir.
1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan “Əsrin müqaviləsi”nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan vermişdir. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən biri olmuşdur. Bu baxımdan regionların inkişafının sürətləndirilməsi dövlətin iqtisadi siyasətinin başlıca hədəflərindən biri kimi müəyyənləşdirilmişdir.
Regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və aqrar sektorda islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” təsdiq edilmişdir. Eyni zamanda, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə olaraq 17 sərəncam imzalanmışdır.
Regionların sosial-iqtisadi inkişafı ilə yanaşı, Bakı şəhərinin ətraf qəsəbələrini abadlaşdırmaq, onların resurslarından daha səmərəli istifadəni təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 fevral tarixli 1338 nömrəli Sərəncamı ilə “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” təsdiq olunmuşdur. Bu Proqramda hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər müəyyən edilmişdir.
Hər iki proqramda nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi nəticəsində ölkədə qeyri-neft sektorunun davamlı inkişafı, yeni müəssisələrin və iş yerlərinin yaradılması, regionlarda, eləcə də ölkə paytaxtında kommunal xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəldilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, əhalinin məşğulluq səviyyəsinin artırılması, yoxsulluğun azaldılması sahəsində əhəmiyyətli nailiyyətlər əldə olunmuşdur. Odur ki, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”, eləcə də “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı” çərçivəsində başlanmış işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır.
Dövlət Proqramının Tədbirlər Planı aşağıdakı bölmələr üzrə tərtib edilmişdir:
1. Ölkə əhəmiyyətli tədbirlər.
2. Bakı şəhərinin rayon və qəsəbələri üzrə tədbirlər.
3. Ölkənin iqtisadi rayonları üzrə tədbirlər:
3.1. Abşeron iqtisadi rayonu (Abşeron, Xızı rayonları, Sumqayıt şəhəri);
3.2. Aran iqtisadi rayonu (Ağcabədi, Ağdaş, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, Şirvan, Mingəçevir, Yevlax şəhərləri);
3.3. Dağlıq Şirvan iqtisadi rayonu (Ağsu, İsmayıllı, Qobustan, Şamaxı rayonları);
3.4. Gəncə-Qazax iqtisadi rayonu (Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz rayonları, Gəncə və Naftalan şəhərləri);
3.5. Quba-Xaçmaz iqtisadi rayonu (Dəvəçi, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları);
3.6. Lənkəran iqtisadi rayonu (Astara, Cəlilabad, Lerik, Masallı, Yardımlı, Lənkəran rayonları);
3.7. Naxçıvan iqtisadi rayonu (Naxçıvan şəhəri, Babək, Culfa, Ordubad, Sədərək, Şahbuz, Kəngərli, Şərur rayonları);
3.8. Kəlbəcər-Laçın iqtisadi rayonu (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonları);
3.9. Şəki-Zaqatala iqtisadi rayonu (Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki rayonları);
3.10. Yuxarı Qarabağ iqtisadi rayonu (1) (Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları, Xankəndi şəhəri).

Dövlət Proqramının icraçıları müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarıdır. Onun icrasının əlaqələndirilməsi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi tərəfindən həyata keçirilir.

(1) Kəlbəcər-Laçın və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil olan inzibati rayonlar erməni işğalından azad edildikdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı xüsusi proqram hazırlanaraq həyata keçiriləcəkdir.


1. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004-2008-ci illər)” və “Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın icrasının
əsas yekunları

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Ötən beş ildə Ümumi Daxili Məhsulun (ÜDM) real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir. Qeyri-neft sektoruna qoyulan investisiyanın həcmi son beş ildə 6,2 dəfə artmış və ümumi investisiyaların strukturunda onun xüsusi çəkisi 2003-cü ildəki 26,8 faizdən 2008-ci ildə 69 faizə çatmışdır. Ölkə sənayesində 2,5 dəfə, kənd təsərrüfatında isə 25,2 faiz artım olmuşdur.
İqtisadiyyatın sürətli inkişafı ilə yanaşı, son illər əhalinin rifahını səciyyələndirən göstəricilərdə də yüksək artım dinamikası müşahidə edilmiş, 2003-cü illə müqayisədə 2008-ci ildə əhalinin gəlirləri 4 dəfə artmışdır. Bu dövrdə muzdla işləyənlərin orta aylıq əmək haqqı 3,5 dəfə artaraq inflyasiya səviyyəsini 1,7 dəfə üstələmiş və 268 manata çatmışdır. 2008-ci ilin sentyabrından minimum əmək haqqının və pensiyanın minimum məbləğinin həddi 75 manata çatdırılmışdır. 2003-cü ildə ölkə əhalisinin təxminən 45 faizi yoxsulluq şəraitində yaşayırdısa, 2008-ci ilin sonuna bu kateqoriyaya əhalinin yalnız 13,2 faizi aid olunur.
Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna öz təsirini göstərmişdir. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir.
Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur. 2008-ci ildə istifadə edilmiş investisiyanın həcmi 2003-cü il səviyyəsini 3 dəfə üstələmiş, adambaşına düşən investisiyanın həcmi 2003-cü illə müqayisədə 605,8 manat çox olmuşdur. 2003-cü ildə ümumi investisiyaların həcmində daxili investisiyaların payı 24,8 faiz olduğu halda, 2008-ci ildə bu göstərici 78,6 faiz təşkil etmişdir.
Ötən beş il ərzində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 766 mindən çox yeni, o cümlədən 547,5 min daimi iş yeri açılmışdır. Ölkədə 27,5 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da 40 faizə qədəri regionlarda fəaliyyət göstərir. Yeni yaradılmış müəssisələrin 88 faizdən çoxunu xüsusi mülkiyyətli müəssisələr təşkil edir.
Azərbaycan Respublikasında investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafının və yeni iş yerlərinin yaradılmasının sürətləndirilməsi məqsədilə fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddi 35 faizə, mənfəət vergisinin dərəcəsi və sosial sığorta ayırmaları 22 faiz səviyyəsinə endirilmiş, vergilərin ümumi sayı 9-dək azaldılmış, kənd təsərrüfatı məhsulları istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilmişdir. Ölkədə mövcud olan lisenziyalaşdırma sistemi köklü surətdə dəyişdirilmiş, lisenziyalaşdırılan fəaliyyət növlərinin sayı xeyli dərəcədə azaldılmış, lisenziyaların müddəti isə uzadılmışdır. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafını, istehsal olunan məhsulun, göstərilən xidmətlərin keyfiyyətinin yüksəlməsinə təkan vermişdir. Bununla yanaşı, ölkədə ixrac rüsumları ləğv edilmiş, idxalda rüsumların 15 faizlik maksimal həddi müəyyənləşdirilmişdir.
Dövlət Proqramının icrası dövründə sahibkarlığa dövlət dəstəyinin mühüm istiqamətlərindən biri də sahibkarların güzəştli kreditlərlə təmin edilməsi mexanizmi olmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və bu sahəyə dövlət qayğısının artırılması məqsədilə 2004-2008-ci illər ərzində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi nəzdində fəaliyyət göstərən Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına ölkə üzrə 6991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilmişdir.
Ötən müddət ərzində sahibkarların maliyyə mənbələrinə çıxışının sadələşdirilməsi məqsədilə ölkənin müxtəlif bölgələrində 567 filial və 99 bank şöbəsi fəaliyyət göstərmişdir. Bank filiallarının 47 faizi, bank şöbələrinin isə 57 faizi regionların payına düşür. Müntəzəm olaraq təşkil edilmiş biznes forumları yerli və müxtəlif ölkələrdən olan iş adamlarını, eləcə də rəsmi dairələri bir araya gətirməklə, sahibkarlar arasında maarifləndirmə işinin təşkili və onların məlumat əldə etmə imkanlarının genişləndirilməsinə, ölkə regionlarının mövcud təbii və əmək resurslarından səmərəli istifadə edilməsi, habelə xarici investisiyaların cəlb edilməsi prosesinin dəstəklənməsinə müsbət təsir göstərmişdir. Sahibkarlıq fəaliyyətinin inkişafının daha da sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin ”Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 25 oktyabr 2007-ci il tarixli 2458 nömrəli Sərəncamı qəbul edilmişdir. Sərəncama əsasən ölkədə biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə “bir pəncərə” prinsipinin tətbiqi nəzərdə tutulmuşdur.
Sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində ölkədə aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilmişdir. 2008-ci ildə açıqlanan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu “Doing Business” hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünya üzrə Ən İslahatçı Ölkə elan edilmişdir.
Azərbaycan Respublikasında əhalinin zəruri ərzaq məhsulları ilə təmin edilməsi məqsədilə aqrar bölmədə aparılan köklü islahatlar bu sahənin daha sürətlə inkişafına əlverişli zəmin yaratmışdır. Dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına və emal müəssisələrinə geniş texniki və maliyyə dəstəyi aqrar bölmənin inkişafında mühüm rol oynayır. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadə etdikləri yanacağın, motor yağının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsi kənd təsərrüfatı istehsalına güclü təkan vermişdir. 2003-cü illə müqayisədə 2008-ci ildə taxıl istehsalı 21,4 faiz, kartof - 40,1 faiz, tərəvəz - 17,4 faiz, bostan məhsulları - 14,3 faiz, meyvə və giləmeyvə - 24,6 faiz, üzüm - 78,1 faiz artmışdır. Bu müddət ərzində diri çəkidə ət istehsalı 30,6 faiz, süd istehsalı 18,3 faiz, yumurta istehsalı 47,9 faiz, yun istehsalı isə 22,3 faiz artmış, kənd təsərrüfatının ümumi məhsulu isə 25,2 faiz artmışdır.
Ölkədə aparılan aqrar siyasətin tərkib hissəsi kimi lizinq münasibətlərinin inkişafı məqsədilə “Aqrolizinq” ASC yaradılmış və ötən müddət ərzində Səhmdar Cəmiyyətinin nəzdində müxtəlif bölgələrdə fəaliyyət göstərən Aqroservis filialları tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına sifarişlər əsasında 20 növ aqrotexniki xidmət göstərilmişdir. Fəaliyyətə başladığı 2005-ci ildən ötən dövr ərzində “Aqrolizinq” ASC tərəfindən 7299 ədəd kənd təsərrüfatı texnikası, 27 dəst texnoloji avadanlıq, 236,9 min ton mineral gübrə, 7 adda 294,3 ton pestisid gətirilmişdir.
Dövlət Proqramı çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir. Məhz ölkə iqtisadiyyatına geniş miqyaslı investisiya qoyuluşu uzunmüddətli perspektivdə qeyri-neft sektorunda yüksək iqtisadi artım tempinin dayanıqlığını təmin edəcəkdir.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında yanacaq-enerji kompleksinin müstəsna rolu vardır. Regionun lider ölkəsi kimi, Azərbaycan artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. Vaxtilə Rusiya və İrandan qaz idxal edən Azərbaycan Respublikası son 5 ildə qaz ixrac edən ölkəyə çevrilmişdir. Bu müddət ərzində ölkənin inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, şimal-cənub və şərq-qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələrin başa çatdırılması, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanılması ölkənin regional əhəmiyyətini artırmaqla yanaşı, bölgələrdə yaşayan əhalinin infrastruktura və bazarlara çıxış imkanlarını yaxşılaşdıraraq sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əsaslı zəmin yaratmışdır.
Ölkənin regionlarında yeni elektrik stansiyalarının tikintisi əhalinin elektrik enerjisinə olan tələbatını təmin etməklə, energetika sisteminin dayanıqlığında mühüm rol oynayır. Ötən 5 il ərzində ölkədə 9 elektrik stansiyası tikilmişdir ki, bunun 7-si regionlarda fəaliyyət göstərir. Astara, Şəki, Xaçmaz rayonlarında modul tipli elektrik stansiyalarının, Naxçıvan Muxtar Respublikasında 3 elektrik stansiyasının, Sumqayıt şəhərində yeni istilik elektrik stansiyasının tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir. Bundan başqa, Şirvan şəhərində, Dəvəçi, Quba və Füzuli rayonlarında yeni elektrik stansiyaları tikilməkdədir. Paytaxt əhalisinin elektrik enerjisinə olan tələbatını tam təmin etmək məqsədilə Bakı şəhərində 110 MVt-lıq və Qaradağ rayonunda 300 MVt-lıq “Səngəçal” modul tipli elektrik stansiyaları tikilib istifadəyə verilmişdir. “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin müstəqil fəaliyyəti bərpa edilmişdir.
Təbii qazla təchizatın yaxşılaşdırılması sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, habelə Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun Quzanlı qəsəbəsi və s. rayonlar təbii qazla təmin edilmişdir. Hazırda regionların, xüsusilə də kənd və qəsəbələrin qazlaşdırılması sahəsində işlər davam etdirilir.
2004-2008-ci illərdə regionlarda istilik sisteminin yenidən qurulması ilə əlaqədar 75 yeni qazanxana tikilmiş və 72 qazanxana əsaslı təmir olunmuşdur. Mərkəzləşmiş qaydada istiliklə təmin edilməsi nəzərdə tutulan obyektlərin istilik təminatını yaxşılaşdırmaq məqsədilə ötən dövr ərzində Bakı şəhərində onlarla qazanxana tikilib istifadəyə verilmiş, əhalinin qaz təchizatını yaxşılaşdırmaq üçün Sabunçu, Binəqədi, Suraxanı, Səbail, Qaradağ, Nizami, Xətai, Əzizbəyov rayonlarının qəsəbələrində yeni qaz xətləri çəkilmiş, mövcud qaz kəmərlərində əsaslı təmir və yenidənqurma işləri aparılmışdır.
Ötən müddət ərzində su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə dövlət investisiya xərcləri hesabına, eyni zamanda beynəlxalq maliyyə təşkilatlarını cəlb etməklə müvafiq layihələr, o cümlədən Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi, Gəncə, Şəki, Ağdaş və Göyçay şəhərlərinin, habelə ölkədəki kiçik şəhərlərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər davam etdirilmişdir.
Əhalinin su təminatının yaxşılaşdırılması üçün Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası böyük əhəmiyyətə malikdir. Su kəməri istifadəyə verildikdən sonra Oğuz və Qəbələ ərazisindəki yeraltı su mənbələri hesabına Bakı şəhərinə saniyədə 5 kubmetr həcmində su nəql ediləcək və əhali yüksək keyfiyyətli su ilə təmin olunacaqdır. Taxtakörpü su anbarının və su elektrik stansiyasının inşası Bakı, Sumqayıt şəhərlərinin, ümumən Abşeron yarımadasının içməli su, suvarma suyu və texniki su ilə təminatını 2 dəfə yaxşılaşdıracaq, bu obyektlərin istifadəyə verilməsi nəticəsində ildə 15 milyon manatlıq elektrik enerjisinə qənaət olunacaqdır.
Ölkənin dinamik sosial-iqtisadi inkişafı zəruri infrastrukturun, o cümlədən etibarlı nəqliyyat sisteminin inkişaf etdirilməsini labüd etmişdir. Nəqliyyat sisteminin inkişaf etdirilməsində başlıca vəzifə əhalinin nəqliyyat xidmətlərinə artan tələbini ödəməklə həyat səviyyəsinin yüksəldilməsi və dayanıqlı iqtisadi artıma xidmət etmək üçün əlverişli nəqliyyat siyasətinin həyata keçirilməsindən ibarətdir. Odur ki, 5 il ərzində regionlarda 1000 km-dən çox magistral yol çəkilmiş və ya əsaslı təmir edilmis, 600 km respublika əhəmiyyətli və 2700 km yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmişdir.
Son beş il ərzində Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilərək istifadəyə verilmişdir.
Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və sərnişindaşıma xidmətinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə ölkəyə iri və orta tutumlu avtobuslar gətirilərək istismara buraxılmışdır. Eyni zamanda, Bakı şəhərinin sərnişin nəqliyyatında hərəkətin tənzimlənməsinin və idarə olunmasının təkmilləşdirilməsi məqsədilə nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sisteminin yaradılması nəzərdə tutulmuşdur. Bu sistemin tətbiqi ilə Bakı şəhəri üzrə sərnişin daşınmasında və avtomobil nəqliyyatı vasitələrinin hərəkətində yaranmış problemlərin aradan qaldırılmasına və sərnişindaşıma marşrutlarının optimallaşdırılmasına nail olunacaqdır.
Ötən müddət ərzində Bakı şəhərində bir sıra yol qovşağı və piyada keçidi istifadəyə verilmiş, ümumi uzunluğu 43,9 km olan Xırdalan dairəvi-Binəqədi-Balaxanı avtomobil yolu təmir olunmuşdur. Ölkənin 3 magistral yolunu birləşdirən, uzunluğu 21,5 km olan “Bakı dairəvi yolu”nun, “Əzizbəyov” metro stansiyası dairəsindən Heydər Əliyev Hava Limanına qədər (14 km) avtomobil yolunun və 6 zolaqlı Zığ-Binə, habelə Bilgəh-Pirşağı avtomobil yolunun tikintisi ölkə paytaxtının nəqliyyat sisteminin yaxşılaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Paytaxt sakinlərinin rahat və təhlükəsiz daşınmasında müstəsna rol oynayan metro nəqliyyatı sahəsində bir sıra işlər aparılmış, o cümlədən “Nəsimi” stansiyası inşa olunmuş, “İçərişəhər” və “28 may” stansiyaları yenidən qurulmuşdur, “Azadlıq prospekti” stansiyasının inşası isə artıq tamamlanmaq üzrədir.
Bakı şəhərində ekoloji vəziyyətin yaxşılaşdırılması və çirkli suların dənizə axıdılmasının qarşısının alınması məqsədilə Hövsan aerasiya stansiyasının genişləndirilməsi və 2 saylı Zığ nasos stansiyasının yenidən qurulması layihəsi həyata keçirilməkdədir. Bibiheybət və Sabunçu rayonu ərazisində neftlə çirklənmiş 100 hektara yaxın sahə rekultivasiya edilmiş, lay suları axıdılan açıq kanalların 1200 metrlik hissəsi qapalı dəmir-beton kanalla əvəz edilmişdir. Buzovna qəsəbəsində gücü 10 min kubmetr/gün olan bioloji təmizləyici qurğular kompleksi istifadəyə verilmişdir.
Son dövrdə əhaliyə göstərilən kommunal xidmətlərin yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, Almaniya, Rusiya və Yaponiya istehsalı olan ixtisaslaşdırılmış maşınlar Bakıya gətirilmişdir. Yeni texnika və texnologiyanın tətbiqi ilə məişət tullantılarının mütəmadi olaraq yığılması və emal edilməsi təmin ediləcəkdir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” 2008-ci il 6 avqust tarixli Sərəncamı isə bu sahədə köklü islahatların aparılmasında böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd olunan məqsədlərə nail olmaq üçün “Təmiz Şəhər” ASC-nin yaradılması, Balaxanıda bərk məişət tullantılarının yandırılması zavodunun inşası və Dünya Bankının “Bərk məişət tullantılarının kompleks idarəçiliyi” layihələrinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Müasir dövrdə ölkədə əlverişli biznes mühitinin formalaşmasında və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında rabitə xidmətləri müstəsna əhəmiyyət kəsb edir. Ötən müddət ərzində regionlarda rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müasir tipli avtomat telefon stansiyaları tikilmiş və yenidən qurulmuş, yeni poçt binaları istifadəyə verilmişdir.
Dövlət Proqramı çərçivəsində sosial təminat sahəsində əlillərin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması və əlillər üçün bərpa mərkəzlərinin yaradılması ilə bağlı zəruri tədbirlər həyata keçirilmişdir. Bu müddət ərzində regionlarda əlillər və şəhid ailələri üçün 33 yaşayış binası, əlillər üçün 7 bərpa mərkəzi inşa edilmişdir.
Azərbaycan Respublikasında təhsil ocaqlarının tikintisinə, onların maddi-texniki bazasının müasir tələblərə uyğun qurulmasına xüsusi diqqət yetirilir. Dövlət Proqramının qəbulundan ötən beş il ərzində 1600 yeni təhsil müəssisəsi və ayrı-ayrı təhsil müəssisələri üçün əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Regionlarda 636 yeni məktəb tikilmiş, 192 məktəb əsaslı təmir olunmuş, ayrı-ayrı məktəblərdə 243 yeni sinif otağı tikilib istifadəyə verilmişdir. Yalnız Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində ötən müddətdə 238 məktəb binası tikilmiş, 39 təhsil müəssisəsi, o cümlədən 28 internat məktəbi əsaslı təmir olunmuş, 8 uşaq bağçası bərpa edilmiş, müasir avadanlıqlarla təmin olunmuşdur.
Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca istiqamətlərindən olaraq daim dövlətin diqqət mərkəzindədir. Son illər iqtisadiyyatın yüksək inkişafı səhiyyə sahəsinə də öz təsirini göstərmiş və bu sahədə aparılan islahatlar nəticəsində əhalinin sağlamlığının qorunması istiqamətində bir sıra mühüm işlər görülmüş, o cümlədən tibb müəssisələrinin maddi-texniki bazası əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Ötən müddət ərzində ölkədə onlarla xəstəxana, poliklinika və diaqnostika mərkəzi tikilərək əhalinin istifadəsinə verilmiş, səhiyyə müəssisələri müasir tibbi ləvazimat və avadanlıqlarla təchiz edilmişdir. Lənkəran, Qazax, Zaqatala, Bərdə, Qəbələ rayonlarında, Gəncə, Naxçıvan və Şirvan şəhərlərində yeni müasir müalicə-diaqnostika mərkəzləri fəaliyyətə başlamış, Sumqayıtda “Real-Med” diaqnostika sağlamlıq mərkəzi, Xaçmazda “N-KAY M Klinik” özəl klinikası, Sabirabadda “Muğan” klinikası, Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda Mərkəzi xəstəxana, Babək rayonunda “Duzdağ” Fizioterapeya mərkəzi və s. səhiyyə obyektləri tikilib istifadəyə verilmişdir.
Bakının Xocasən, Əhmədli və Bülbülə qəsəbələrində poliklinikalar, Buzovnada Vərəm Əleyhinə Dispanser üçün 125 çarpayılıq yeni korpus inşa edilmişdir. 2008-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan bütün müalicə-profilaktika müəssisələrində pullu xidmət ləğv edilmişdir ki, bu da insanların sağlamlığının qorunması sahəsində çox mühüm və əhəmiyyətli addım olmuşdur.
Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün idman potensialının güclənməsi də çox böyük əhəmiyyət daşıyır. Çünki həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləri sırasında gənclərin sağlamlığının qorunması və fiziki inkişafı aktual istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Ötən dövr ərzində ölkənin regionlarında 18 müasir olimpiya kompleksi tikilib istifadəyə verilmişdir, 15 belə kompleksin tikintisi isə davam etdirilir.
Ölkədə formalaşmış əlverişli iqtisadi mühit Dövlət Proqramının uğurla gerçəkləşdirilməsinə zəmin yaratmışdır. Bundan sonrakı dövrdə də həyata keçiriləcək sosial-iqtisadi siyasət, yaradılmış iqtisadi potensial iqtisadi inkişafın sürətləndirilməsinə və keyfiyyətcə daha yüksək səviyyəyə qalxmasına, cəmiyyətdə orta təbəqənin payının artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına və yoxsulluq həddinin aşağı düşməsinə səbəb olmaqla, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsində mühüm rol oynayacaqdır.


2. Dövlət Proqramının məqsədi, vəzifələri və regional inkişafın prioritet istiqamətləri

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:
• ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi;
• infrastruktur təminatının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• sahibkarlıq mühitinin yaxşılaşdırılması ilə bağlı məqsədyönlü tədbirlərin həyata keçirilməsi və sahibkarlığın inkişafının daha da sürətləndirilməsi;
• iqtisadiyyatın inkişafına investisiyaların cəlb olunması işinin davam etdirilməsi;
• ixracyönümlü məhsul istehsalının stimullaşdırılması;
• müasir tipli infrastruktur obyektlərinin yaradılması, mövcud obyektlərin beynəlxalq standartlara uyğunlaşdırılması;
• əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması;
• əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin davam etdirilməsi;
• yoxsulluğun səviyyəsinin azaldılması.

Dövlət Proqramında müəyyən edilmiş məqsədlərə nail olunması, eləcə də qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün ölkədə makroiqtisadi sabitliyin davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir. Uğurla həyata keçirilən neft strategiyası Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiyasına, neft və qaz gəlirlərinin səmərəli istifadəsi nəticəsində makroiqtisadi sabitliyin qorunub saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı olaraq həyata keçirilməsinə əlverişli şərait yaratmışdır.
Makroiqtisadi sabitliyi nəzərə alaraq qarşıdakı illərdə bütövlükdə iqtisadiyyatın, o cümlədən regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtlərindən biri olan orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılması, vergi dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi, kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlərin müddətinin artırılması, yeni iş yerlərinin yaradılmasının stimullaşdırılması, gömrük dərəcələrinin optimal səviyyədə saxlanılması, xarici borcların səmərəli idarə olunması siyasəti davam etdiriləcəkdir. Valyuta gəlirlərinin artırılması, inflyasiya risklərinin azaldılması, monetar və büdcə-vergi siyasətinin koordinasiyasının gücləndirilməsi, dövlət xərclərinin artımının nəzarətdə saxlanılması və digər tədbirlər hesabına makroiqtisadi vəziyyətə, habelə qeyri-neft sektorunun inkişafına mənfi təsirlərin qarşısının alınması növbəti illərdə də iqtisadi siyasətin başlıca məsələləri hesab olunur.
Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə gələcəkdə Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, iqtisadi birliklərlə əməkdaşlığının genişləndirilməsi üçün qanunvericiliyin, standartların beynəlxalq tələblərə, o cümlədən Ümumdünya Ticarət Təşkilatının (ÜTT) tələblərinə uyğunlaşdırılması prosesi sürətləndiriləcəkdir. Xarici iqtisadi siyasət istehsal olunmuş məhsulların ixracı üçün əlverişli şərait yaradılmasına, eyni zamanda, daxili bazarın haqsız rəqabətdən qorunmasına yönələcəkdir.
Büdcə-vergi siyasətində əsas məqsədlərdən biri qeyri-neft sektorunun dayanıqlı inkişafına, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, iqtisadiyyatın səmərəli tənzimlənməsi və onun dinamik inkişafının stimullaşdırılmasına nail olmaqdan ibarətdir. Bu baxımdan qarşıdakı illərdə ölkədə istehsalın genişləndirilməsinə, rəqabət qabiliyyətli iqtisadiyyatın, infrastrukturun, əlverişli investisiya mühitinin yaradılmasına və iqtisadiyyata cəlb olunacaq sərmayələrdə ölkənin daxili resurslarının payının artırılmasına nail olunması zəruridir. Eyni zamanda, kənd təsərrüfatına dövlət qayğısının və bu sahəyə birbaşa subsidiyaların artırılması, emal müəssisələrinin yaradılmasına investisiyaların cəlb edilməsi, qeyri-neft, qeyri-xammal sənaye sahələrinin, turizmin inkişafının təmin edilməsi 2009-2013-cü illərdə qarşıda duran prioritet istiqamətlər hesab olunur.
Vergi sisteminin təkmilləşdirilməsi məqsədilə qarşıdakı illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:
• vergi dərəcələrinin optimallaşdırılması;
• sahibkarlığın təşviqinə yönəlmiş vergi-gömrük siyasətinin həyata keçirilməsi;
• kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması;
• sahibkarlara göstərilən vergi xidmətinin yaxşılaşdırılması və əhatə dairəsinin genişləndirilməsi üçün kompyuter terminallarının və özəl vergi məsləhəti xidmətinin yaradılması.

Qarşıdakı illərdə pul-kredit siyasətində manatın rəqabət qabiliyyətliliyinin əlverişli səviyyədə saxlanmasını təmin edən məzənnə siyasətinin həyata keçirilməsinə və pul təklifi kanallarının optimallaşdırılmasına xüsusi diqqət yetiriləcəkdir. Pul-kredit siyasəti makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, o cümlədən qeyri-neft sektorunda, regionlarda məşğulluğun və istehsalın stimullaşdırılmasına, bu əsasda onun sürətli və intensiv inkişafına, real sektorda investisiya fəallığının yüksəlməsinə, iqtisadiyyatın diversifikasiyasına, yoxsulluğun səviyyəsinin azaldılmasına və əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə yönələcəkdir.
Azərbaycan Respublikasında pul-kredit sahəsində, o cümlədən regionlarda maliyyə xidmətlərinin inkişaf etdirilməsi üçün həyata keçirilən vahid dövlət siyasətinin başlıca məqsədləri aşağıdakılardan ibarət olacaqdır:
- ölkənin valyuta ehtiyatlarının artırılması;
- monetar siyasət və monetar tənzimləmə alət və mexanizmlərinin təkmilləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi;
- manatın sabitliyinin və tam daxili dönərliliyinin təmin edilməsi;
- bank sistemində maliyyə sabitliyinin qorunması, bankların regional filial şəbəkəsinin genişləndirilməsi;
- nağdsız ödəniş vasitələrinin (POS-terminallar, bankomatlar, info-köşklər) quraşdırılmasının sürətləndirilməsi üçün stimullaşdırıcı tədbirlərin görülməsi;
- sığorta və lizinq xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi;
- kənd təsərrüfatında sığortanın stimullaşdırılması və inkişafı məqsədilə beynəlxalq təcrübəyə əsaslanan yeni iqtisadi metodların tətbiqi.

Ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm alətlərdən biridir. Bu sahədə əsas vəzifə iqtisadiyyatın bütün sahələrinə investisiya qoyuluşu imkanlarının genişləndirilməsi və daha əlverişli investisiya mühitinin təmin edilməsi məqsədilə bütün investorlar üçün azad rəqabət mühitinin yaradılmasından və sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsindən ibarət olacaqdır.
Qarşıdakı illərdə özəlləşdirməyə açılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcəkdir. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcəkdir.
Dövlət investisiya siyasəti regionlarda yeni iş yerlərinin yaradılmasına, infrastruktur obyektlərinin etibarlı istismarının təmin edilməsinə, insan kapitalının inkişafı və vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi kimi prioritetlərin həyata keçirilməsinə yönəldiləcəkdir.
Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin yaradılmasıdır. Bu baxımdan sahibkarlığın, əsasən, kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təmin edilməsindən ibarət olacaqdır. Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin həyata keçirilməsi nəzərdə tutulur:
• sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması;
• məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi;
• işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirləri həyata keçirilməsi;
• əmək bazarında tələb və təklif arasında dinamikuyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirməsi;
• kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması.

Ölkə iqtisadiyyatı inkişaf etdikcə, daxili əmək bazarında iştirak edən əcnəbilərin sayı artmaqdadır. Azərbaycan Respublikasının əlverişli geosiyasi mövqeyi, ölkədə aparılan iqtisadi islahatlar, sahibkarlığın inkişafı, beynəlxalq kommunikasiya layihələrinin həyata keçirilməsi və s. əmək miqrasiyası axınlarının artmasına səbəb olmuşdur. Qarşıdakı illərdə miqrasiya siyasətinin əsas istiqamətləri aşağıdakılar olacaqdır:
- miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması;
- miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafelərinin nəzərə alınması;
- miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması;
- miqrantların hüquqlarının müdafiəsi;
- qeyri-qanuni miqrasiyanın qarşısının alınması.

Sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edəcəkdir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə yönəldiləcəkdir. Davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından sahibkarlıq sahəsində aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
• kiçik və orta sahibkarlığın (KOS) dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi;
• sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji baxımdan strukturunun optimallaşdırılması;
• kiçik, orta və iri müəssisələr arasında qarşılıqlı səmərəli əməkdaşlığın, o cümlədən istehsal-kooperasiya əlaqələrinin genişləndirilməsi;
• sahibkarlığın dəstəklənməsinin müasir təşkilati modellərinin yaradılması, o cümlədən sahibkarlar üçün məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti və sair strukturların yaradılmasının davam etdirilməsi;
• ticarət yarmarkalarının yaradılması;
• yerli iqtisadiyyatın yönümünü nəzərə almaqla rayonlarda işsizlər üçün kadrların peşə hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin yaradılması;
• sahibkarlıq fəaliyyətinə müdaxilələrin qarşısının alınması.

Azərbaycanda qeyri-neft sektorunun inkişafına yönəlmiş tədbirlərin kompleks şəkildə həyata keçirilməsi ixracyönümlü məhsulların istehsalını sürətləndirən müvafiq iqtisadi mexanizmlərin tətbiqi əsasında mümkün olacaqdır. Ölkənin ixrac potensialının inkişaf etdirilməsi, Azərbaycan malları və xidmətlərinin xarici bazarlara çıxarılması, bunun üçün əlverişli şəraitin yaradılması, ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyasını təmin etmək üçün tədbirlərin həyata keçirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdən olacaqdır.
Ölkənin ixrac potensialının səmərəli reallaşması, daxili bazarda sağlam rəqabət mühitinin formalaşması, istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi, standartlaşdırma və metrologiya sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
• özəl sektorda ixracın stimullaşdırılması və ixrac mallarının çeşidinin artırılması;
• mil¬li istehsalçıların xarici bazarlarda mövqelərinin möhkəmləndirilməsi, maraqlarının müdafiəsinin gücləndirilməsi istiqamətlərində müvafiq tədbirlərin həyata keçirilməsi;
• ticarət, iaşə və məişət sahələrində xidmət səviyyəsinin daha da yüksəldilməsi və ÜTT prinsipləri çərçivəsində daxili bazarın qorunması tədbirlərinin həyata keçirilməsi;
• haqsız rəqabət hallarına qarşı mübarizənin gücləndirilməsi və rəqabətin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə sahibkarların və istehlakçıların cəlb olunması;
• istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi.

Sənaye sahəsində əsas məqsədlərdən biri regionlardakı mövcud sənaye müəssisələrinin fəaliyyətinin bərpası və yenidənqurulmasından, yeni müəssisələrin yaradılmasından ibarət olacaqdır. Burada kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bərpasına və ixrac potensilaının artırılmasına xüsusi diqqət yetiriləcəkdir. Sənaye sektorunda əsas məqsədə nail olmaq üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
• sənayenin qeyri-neft sektorunun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
• rəqabətədavamlı sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin yaradılmasının təşviqi;
• dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan sənaye müəssisələrinin sağlamlaşdırılması və özəlləşdirilməsi;
• özəlləşdirmədən sonra müəssisələrin fəaliyyətinin dəstəklənməsi;
• istehsalın texnoloji cəhətdən yenidən qurulması;
• ixtisaslı kadrların hazırlanması.

Ötən dövr ərzində institusional baxımdan torpaq və aqrar islahatlarının uğurla başa çatması - kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə də sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik olan bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. Kənd təsərrüfatı məhsullarının istehsalının müxtəlif təsərrüfat formaları üzrə, o cümlədən kollektiv təsərrüfat forması üzrə inkişafı regionlarda birgə əmək kooperasiyasının genişlənməsinə və daha məhsuldar olan ictimai qüvvənin əmələ gəlməsinə səbəb olacaqdır. Növbəti illərdə Azərbaycanın kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalacaqdır. Aqrar sektorda islahatlar davam etdiriləcək, dağ rayonlarının inkişafına xüsusi diqqət yetiriləcəkdir. Aqrar bölmənin inkişafı istiqamətləri aşağıdakılardan ibarətdir:
• aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi;
• aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması;
• aqrar bölməyə maliyyə dəstəyinin artırılması;
• aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi;
• aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi;
• kənd təsərrüfatında suvarma və meliorasiya təminatının yaxşılaşdırılması;
• torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi.

Azərbaycan Respublikasında turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi qarşıdakı illərdə prioritet istiqamətlərdəndir. Turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək qeyri-neft sektorunun inkişafı istiqamətində qarşıda duran mühüm vəzifələrdəndir. Turizm sahəsinin inkişaf istiqamətləri aşağıdakılardan ibarətdir:
• rəqabətqabiliyyətli turizm infrastrukturunun və turizm sənayesinin yaradılması;
• mövcud turizm obyektlərinin beynəlxalq standartlara uyğunlaşdırılması;
• turizm xidməti üzrə mütərəqqi üsulların və standartların hazırlanması və tətbiqi;
• ölkə turizm-rekreasiya zonalarının hüquqi statusunun müəyyən edilməsi, ölkə ərazisində turizm zonalarının və turist marşrutlarının müəyyən olunması;
• turizm sahəsində zəngin təcrübəsi olan ölkələrlə kadr hazırlığı sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi.

Azərbaycan Respublikasının iqtisadi təhlükəsizliyinin təmin olunmasında karbohidrogen ehtiyatlarından səmərəli istifadə müstəsna əhəmiyyət kəsb edir. "Əsrin müqaviləsi"nin imzalanması ilə beynəlxalq neft şirkətlərinin enerji sektoruna uzunmüddətli investisiya qoyuluşunun təmin olunması Azərbaycanı dünyanın enerji sahəsində aparıcı dövlətə çevirmişdir. Ölkənin yanacaq-enerji kompleksinin qarşısında duran əsas vəzifə iqtisadiyyatın və əhalinin enerji resurslarına olan tələbatının daha dolğun ödənilməsini təmin etməkdən ibarətdir. 2009-2013-cü illərdə bu sahədə dövlət siyasətinin əsas istiqamətləri aşağıdakılardan ibarət olacaqdır:
• neft-qaz hasilatı, nəqli və emalı infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi;
• yeni yataqların və perspektiv strukturların geoloji kəşfiyyat işlərinin sürətləndirilməsi və onların istismara hazırlanması;
• ölkənin qazla təmin edilməyən məntəqələrinin qazla təchiz edilməsi;
• regionların inkişafı və bununla əlaqədar elektrik enerjisinə tələbatın artım sürətini nəzərə alaraq yeni güclərin yaradılması, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin təminatının yüksəldilməsi;
• energetika sektorunda sahibkarlıq fəaliyyətinin dəstəklənməsi;
• müasir tipli elektrik stansiyalarının inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi;
• elektrik ötürücü xətlərin və yarımstansiyaların yeniləşməsi və tamamilə yeniləri ilə əvəz olunması.

Son illər ölkə iqtisadiyyatına investisiya qoyuluşu üçün yaranmış əlverişli mühit nəticəsində yeni tikilən yaşayış və məişət obyektlərinin sayı əhəmiyyətli dərəcədə artmışdır. Bu da, şəhərsalma qanunvericiliyinə əsasən, müvafiq kommunal infrastrukturun yenidən qurulmasını və bazar iqtisadiyyatının tələblərinə uyğun xidmətlərin təşkilini zəruri edir. Bu sahədə həyata keçirilməsi planlaşdırılan məqsədyönlü islahatlar nəticəsində ölkədə mənzil-kommunal təsərrüfatı sahələrində istehlakçılara göstərilən xidmətlərin səviyyəsinin dünya standartlarına uyğunlaşdırılması nəzərdə tutulmuşdur:
• qəza vəziyyətində olan bina və tikililərin bərpa-gücləndirilmə işlərinin aparılması;
• kommunal xidmətlər sahəsində restrukturizasiya tədbirlərinin sürətləndirilməsi;
• mövcud istilik sistemlərinin bərpası, modernləşdirilməsi və yenidənqurulması;
• məişət tullantılarının toplanması, daşınması, zərərsizləşdirilməsi və emalı üzrə yeni müəssisələrin yaradılması, bu sahəyə özəl sektorun cəlb olunması;
• su sektorunda restrukturizasiya tədbirlərinin davam etdirilməsi və dünya standartlarına uyğun etibarlı su təchizatının təmin olunması;
• ölkənin şəhərlərində, rayon mərkəzlərində, xüsusilə kənd yerlərində su və kanalizasiya sistemlərinin bərpası və yeni xətlərin, qurğuların tikilməsinə özəl sektorun və bələdiyyələrin cəlb olunması.

Azərbaycan Respublikasının dünya iqtisadiyyatına inteqrasiyası və xarici ticarətin genişləndirilməsi nəqliyyat infrastrukturunun yenidənqurulmasını, tranzit ölkə kimi mövcud imkanlardan səmərəli istifadə edilməsini, ölkə yükdaşıyıcılarının rəqabətqabiliyyətliliyinin artırılmasını və nəqliyyat xidmətləri ixracının inkişafını tələb edir. Qarşıdakı illərdə ölkədə nəqliyyat sisteminin səmərəli inkişafının təşkil edilməsi, yeni müasir yolların və yol qurğularının, körpülərin, yeraltı və yerüstü keçid və dayanacaqların tikilməsi, ictimai nəqliyyatın fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin işlənib hazırlanması nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə bu sahənin kompleks inkişafına nail olunması və nəqliyyat xidmətlərinin inkişafının daha da yaxşılaşdırılması üçün aşağıdakı istiqamətlər üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
• ölkənin yol-kommunikasiya kompleksinə daxil olan müxtəlif nəqliyyat növlərinin ahəngdar inkişafı;
• ölkə ərazisində beynəlxalq və tranzit dəhliz və yolların, eləcə də ölkənin regionlararası, şəhər və rayondaxili yol-nəqliyyat i nfrastrukturunun tarazlı inkişafı;
• ölkə ərazisindən keçən nəqliyyat-kommunikasiya trafikinin və əsas nəqliyyat vasitələrinin dünya standartlarına uyğun modernləşdirilməsi əsasında milli nəqliyyat-yol sisteminin dünya kommunikasiya məkanına sürətli inteqrasiyası;
• yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşasının, yenidənqurulmasının və inkişafı layihələrinin həyata keçirilməsinin davam etdirilməsi;
• təsərrüfatlararası mal mübadiləsini gerçəkləşdirən yükdaşıma nəqliyyatının və əhalinin əsas sosial tələbatlarından birini təmin edən sərnişin nəqliyyatının tarazlı inkişafı.

Azərbaycan Respublikasında son illər rabitə və informasiya texnologiyaları sahəsi yüksək sürətlə inkişaf edir. XXI əsrdə ölkədə informasiya cəmiyyətinə keçid, elektron hökumətin formalaşdırılması və intellektual potensialın inkişafı sosial-iqtisadi inkişafın yüksəldilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Eyni zamanda, ölkə üzrə rabitə və informasiya texnologiyalarını inkişaf etdirməklə ölkənin hərtərəfli tərəqqisinə nail olmaq, xüsusilə informasiya və kommunika

← Назад