Rövşən Çingiz oğlu Nəcəf

Rövşən Nəcəf 1982-ci il aprelin 9-da Bakı şəhərində anadan olmuşdur.

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olmuş, 2001-ci ildə bakalavr, 2003-cü ildə isə magistratura proqramını fərqlənmə ilə bitirmişdir.

2007-2008-ci illərdə ARDNŞ-ın təqaüd proqramı çərçivəsində ABŞ-ın Kolumbiya Universitetində təhsil alaraq İqtisadi Siyasətin İdarəedilməsi/Beynəlxalq Enerji Menecment və Siyasəti üzrə magistr proqramını uğurla bitirmişdir

Əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasında laborant vəzifəsində başlamışdır.

2003-2007-ci illərdə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin İnvestisiyalar və Beynəlxalq İqtisadi Əməkdaşlıq departamentinin İnvestisiya Siyasəti şöbəsində məsləhətçi və baş məsləhətçi vəzifəsində çalışmışdır.

2008-2009-cu illərdə ARDNŞ-nın Sərmayələr İdarəsinin Sərmayələr üzrə Kontraktlar şöbəsinin rəisi vəzifəsində işləmişdir.

2009-2010-cu illərdə İqtisadi İnkişaf Nazirliyində Xarici İqtisadi Əlaqələr şöbəsinin müdiri və İqtisadi İnkişaf Nazirinin köməkçisi olmuşdur.

2010-2018-ci illərdə “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktorunun müavini və icraçı direktoru vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsinin müdiri təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 avqust tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 fevral tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini təyin edilmişdir. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.

3-cü dərəcəli dövlət müşaviridir.

Evlidir, 2 övladı var.