Məmmədov Sahib Əli oğlu

1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetində "Beynəlxalq hüquq" fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsində ekspert köməkçisi kimi başlayıb.

2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert işləyib.

2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində “Europa House” informasiya üzrə məsul şəxs, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan  nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur.

Ailəlidir, 2 övladı var.