Malların daxildə emal xüsusi gömrük proseduru haqqında sual-cavab

Daxildə emal nədir?

Daxildə emal müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən, ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurudur.

Emal əməliyyatları nədir?

Emal əməliyyatları dedikdə, quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması, emalı və təkrar emalı, bərpaedilmə və qaydaya salınma da daxil olmaqla, malın təmiri, emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması başa düşülür.

Hansı əməliyyatlar emal əməliyyatları hesab olunmur?

  • heyvanlardan bala alınması, heyvanların, quşların, balıqların, xərçəngkimilərin və molyuskların yetişdirilməsi və kökəldilməsi;
  • ağac və bitkilərin becərilməsi;
  • faydalı qazıntıların çıxarılması;
  • balıqların, xərçəngkimilərin tutulması;
  • ov edilməsi;
  • göbələk və bitkilərin yığılması;
  • daşınma zamanı malların ilkin vəziyyətdə qalmasının təmin edilməsi;
  • məlumatların, istənilən informasiya daşıyıcılarında audioyazıların və videoyazıların surətlərinin köçürülməsi və çoxaldılması;
  • bütün növ enerjilərin alınması;
  • texnoloji prosesdə xarici mallardan köməkçi vasitələr (avadanlıq, dəzgahlar, qurğular və s.) kimi istifadə edilməsi.

Emal prosesi bir neçə mərhələdən ibarətdirsə daxildə emal prosedurundan istifadə etmək mümkündürmü?

Bəli, istehsal prosesinin mərhələlərinin sayından asılı olmayaraq bu prosedurdan istifadə etmək olar.

Prosedur hansı qaydalarla tənzimlənir?

Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”

Prosedurdan istifadə etmək üçün sifariş müqaviləsi bağlanmalıdırmı?

10.04.2023-cü il tarixində qaydalara edilmiş dəyişikliklərə əsasən prosedur sahibi  alqı-satqı müqaviləsi əsasında istənilən satıcıdan xammal və ya materialı ölkəyə gətirib qanunvericilikdə nəzərdə tutulan müddət çərçivəsində emal edərək istənilən ölkədəki istənilən alıcıya ixrac edə bilər.  Bunun üçün sifariş müqaviləsinin bağlanmasına ehtiyac yoxdur.

Malların eyniləşdirilməsi nədir?

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün əsas tələblərdən biri malların eyniləşdirilməsi ilə bağlıdır. Eyniləşdirmə - plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama,   eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin      götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir.

Ekvivalent mallar nədir?

daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş xarici malların əvəzinə emal olunan və əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eynirəqəmli koda malik daxili mallardır.

Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsinə icazə kimlərə verilir?

  • gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə; 
  •  daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan emal əməliyyatları aparan şəxsə.

Daxildə emal xüsusi gömrük proseduru altında idxal olunmuş xammal əsasında istehsal olunmuş məhsulun bir hissəsini daxili bazara satmaq mümkündürmü?

Bəli mümkündür, bu zaman müvafiq bəyannamədə hansı hissənin ixrac hansı hissənin isə daxili bazar üçün idxal olunduğu göstərilməlidir.

Sahibkar xaricdə icarəyə verəcəyi malı daxildə emal prosdurundan istifadə edərək istehsal edə bilərmi?

Xeyr, sözügedən prosedurla istehsal olunan məhsul müvafiq alqı-satqı müqaviləsi ilə ixrac olunmalıdır.

Təminat tələbi nədir?

Gömrük orqanları malların daxildə emal xüsusi proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız Gömrük Məcəlləsinin 252-ci maddəsinə (Maddə 252. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın verilməsini tələb edirlər) uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.

Hasilat norması nədir?

Emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizidir. “Emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasının və ya orta hasilat normasının müəyyənləşdirilməsi Qaydası”nın tələblərinə əsasən hasilat norması müəyyən edilərkən, istehsalat tullantılarının və istehsalat itkilərinin miqdarı hesablanmalıdır. Hasilat normasının müəyyən edilməsi metodu ərizədə göstərilməlidir. Hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.

Ərizə ilə birlikdə hansı sənədlər tələb olunur?

  • Müqavilə  (Daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların prosedur sahibinin mülkiyyətinə keçməsini nəzərdə tutan alqı-satqı müqaviləsi və yaxud xidmət göstərilməsi məqsədilə xarici mallar daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildikdə, xarici malların emal edilməsinə dair bağlanılmış müqavilə və ya malın keyfiyyəti üçün qarantiya öhdəlikləri göstərilmiş mallar ixrac edilərkən bağlanılmış alqı-satqı müqaviləsi);
  • təmir məqsədi ilə daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilən malların qüsurlu olmasını təsbit edən sənəd;
  • fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və ya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti;
  • ərizəçi qeyri-kommersiya hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda - vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN-in) surəti;
  • gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına dair zəmanət.

Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti nə qədərdir?

Prosedur müddətinin maksimum müddəti 2 ildir. Əsaslandırılmış müraciət olduqda gömrük orqanı tərəfindən prosedurun başa çatması müddəti 1 ilədək uzadıla bilər.

Uçot əməliyyatları nədir?

“İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması Qaydaları”nın tələblərinə əsasən malları daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirmiş şəxs tərəfindən emal əməliyyatlarının uçotu aparılmalıdır.

Uçot əməliyyatları zamanı hansı məlumatlar təqdim edilir?

  • əməliyyatın yeri, tarixi, təsviri;
  • üzərində əməliyyat aparılmış malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, miqdarı, dəyəri, statusu;
  • gömrük bəyannaməsinin nömrəsi;
  • istifadə olunmuş ekvivalent malların, istehsalat tullantılarının, istehsal itkilərinin və mal qalığının miqdarı.

Uçot əməliyyatları hansı formada aparılır?

Əməliyyatların uçotu kağız üzərində yazılı və ya elektron formada aparılır.