İqtisadiyyat Nazirliyi

Azərbaycan beynəlxalq hesabatlarda

 

Dünya İqtisadi Forumunun açıqladığı "Qlobal Rəqabət Qabiliyyəti 2017-2018" hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək 137 ölkə arasında 35-ci, MDB məkanında isə 2009-cu ildən etibarən 1-ci yerdədir. Ümumiyyətlə, son illər Azərbaycanın Dünya İqtisadi Forumu tərəfindən hazırlanmış hesabatlarda nəticələri yaxşılaşıb. Belə ki, ölkəmiz "Qlobal rəqabət qabiliyyəti" hesabatları üzrə 34 pillə - 2005-ci ildə 117 iqtisadiyyat arasında 69-cu yerdən 2017-ci ildə 137 iqtisadiyyat arasında 35-ci yerədək irəliləyib. Bununla da, Azərbaycan "G-20"yə üzv olan bəzi ölkələri geridə qoyub. Belə ki, "Qlobal Rəqabət Qabiliyyəti 2017-2018" hesabatında "G-20"ə üzv olan İndoneziya 36-cı, Rusiya Federasiyası 38-ci, Hindistan 40-cı, İtaliya 43-cü, Meksika 51-ci, Türkiyə 53-cü, Cənubi Afrika Respublikası 61-ci, Braziliya 80-ci, Argentina isə 92-ci yerdədir. Qlobal rəqabət indeksinə görə Azərbaycan regionun ən rəqabətqabiliyyətli iqtisadiyyatına malikdir və qonşu ölkələrlə müqayisədə ön sıradadır. Hesabatda region ölkələrindən Gürcüstan 67-ci, Ermənistan isə 73-cü yerdə qərarlaşıb.
Azərbaycanın rəqabət qabiliyyətinin artması hesabatın bir sıra indikatorlarında daha aydın şəkildə özünü göstərir. Hesabatda Azərbaycan 12 kateqoriyanın 9-u üzrə öz mövqeyini yaxşılaşdırıb:

- biznesin mükəməlləşdirilməsi üzrə 20 pillə (40-cı yer);

- əmtəə bazarının səmərəliliyi üzrə 19 pillə (31-ci yer);

- infrastruktur üzrə 4 pillə (51-ci yer);

- əmək bazarının səmərəliliyi üzrə 9 pillə (17-ci yer);

- səhiyyə və ibtidai təhsil üzrə 1 pillə (74-cü yer);

- maliyyə bazarının inkişafı üzrə 18 pillə (79-cu yer);

- innovasiya potensialı üzrə 11 pillə (33-cü yer)

- institutların keyfiyyəti üzrə 15 pillə (33-cü yer)

- ali təhsil və təlim üzrə 10 pillə (68-ci yer) irəlləyib.

Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar paketinin reallaşdırılmasının nəticəsi olaraq, ölkəmiz 190 ölkənin biznes mühitini qiymətləndirən Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının dərc etdiyi növbəti "Doing Business 2018" hesabatında 8 pillə irəliləyərək 57-ci mövqeyə yüksəlmiş, ötən il ərzində davam etdirilən uğurlu islahatların nəticəsi olaraq, 6 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.
Belə ki, "Doing Business 2018" hesabatında Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" göstəricisi üzrə 22 pillə irəliləyərək 10-cu pilləyə, "Əmlakın qeydiyyatı" göstəricisi üzrə 1 pillə irəliləyərək 21-ci pilləyə, "Vergilərin ödənişi" göstəricisi üzrə 5 pillə irəliləyərək 35-ci pilləyə, "Müqavilələrin icrasının təmin edilməsi" göstəricisi üzrə 6 pillə irəliləyərək 38-ci pilləyə, "Müəssisənin bağlanması" göstəricisi üzrə 39 pillə irəliləyərək 47-ci pilləyə, "Elektrik təchizatı şəbəkələrinə qoşulma" göstəricisi üzrə 3 pillə irəliləyərək 102-ci pilləyə yüksəlmişdir.
Hesabatda bir sıra göstəricilər üzrə biznes mühitinin yaxşılaşdırılması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində ölkəmizdə aparılan islahatlar xüsusi qeyd edilmişdir. Belə ki, Azərbaycan "Doing Business 2018" hesabatında Avropa və Mərkəzi Asiyada 4 və daha çox islahat aparan 3 ölkədən biri kimi qiymətləndirilmişdir.
Hesabatda Azərbaycan "Kiçik investorların maraqlarının qorunması" (10), "Biznesə başlama" (18), "Əmlakın qeydiyyatı" (21), "Vergilərin ödənilməsi" (35), "Müqavilələrin icrasının təmin edilməsi" (38), "Müəssisənin bağlanması" (47) göstəriciləri üzrə reytinqdə ilk 50 ölkənin sırasına daxil edilmişdir.

 

Saytda yerləşdirilən məlumatlar və saytın dizaynı © İqtisadiyyat Nazirliyi. Bütün hüquqlar qorunub.

Top Desktop version