İşğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadi inkişafı

İşğaldan azad edilmiş ərazilərin dayanıqlı iqtisadi inkişafı

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi Zəfərlə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri qarşıya qoyulan hədəf və məqsədlər çərçivəsində həyata keçirilməkdədir.    

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir. Ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet müəyyən edilmişdir:

1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;

2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış;

5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Sözügedən prioritetlərin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq olunmuşdur. 4-cü prioritetin icrası, işğaldan azad edilmiş ərazilərin dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiyanın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının prioritet istiqamətlərini işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkili, yaşayış məntəqələrinin tikintisi və infrastrukturla təmini, əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması, ərazilərin inkişafına və reinteqrasiyasına dəstək göstərən strateji əhəmiyyətli və əhatəli infrastrukturun qurulması, dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası, ekoloji mühitin yaxşılaşdırılması və ekoloji təmiz texnologiyaların tətbiqi təşkil edir.

Azərbaycan bərpa və yenidənqurma işlərini öz maliyyə imkanları hesabına həyata keçirir; indiyədək bu məqsədlə dövlət büdcəsindən 25,5 milyard manat vəsait ayrılmışdır.

İşğaldan azad edilmiş ərazilərin zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamı təsdiq edilmişdir. Sərəncamın icrası istiqamətində aşağıdakı güzəşt və azadolmalar təsdiq olunmuşdur:

Vergi və gömrük güzəştləri:

  • işğaldan azad edilmiş ərazilərin rezidentlərinin 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq, sadələşdirilmiş vergidən azad edilməsi;
  • işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 10 il müddətində vergidən azad edilməsi;
  • Müvafiq iqtisadi fəaliyyət sahələri qurulacağı təqdirdə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların 2032-ci ilin 31 dekabr tarixinədək ƏDV və gömrük rüsumlarından azad olunması

Sosial sığorta haqlarının subsidiyalaşdırılması:

- işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən qeyri-dövlət sektoru üzrə sığortaedənlər tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının subsidiyalaşdırılması:

2023-2025-ci illər (100%)

2026-2028-ci illər (80%)

2029-2030-cu illər (60%)

2031-2032-ci illər (40%)

- muzdlu işə aid olmayan fəaliyyətdən (fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları) gəlir əldə edən sığortaolunan tərəfindən ödənilmiş məcburi dövlət sosial sığorta haqqının 10 il müddətinə 100% həcmdə subsidiyalaşdırılması.

Kommunal xidmətlər üzrə güzəştlər:

 - İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər tərəfindən

kommunal xidmətlərdən (elektrik enerjisi və təbii qazın satışı, su təchizatı və tullantı sularının axıdılması) istifadəyə görə ölkədaxili tariflərə uyğun olaraq ödənilmiş vəsaitin 20 (iyirmi) faizi məbləğində dövlət büdcəsinin vəsaiti hesabına maliyyə yardımının ödənilməsi.

Maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi:

sahibkarlara verilən 500 mln. manat kredit portfelinin 450 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilməsi;

Kreditin illik faiz dərəcəsi maksimum 13% olmalıdır.

Kredit maksimum 7 il müddətinə verilə bilər.

Kredit üzrə güzəşt müddəti kreditin ümumi müddətinin yarısından çox olmamalı və maksimum 36 ay təşkil etməlidir.

Hər bir kredit üzrə dövlət zəmanəti kredit məbləğinin maksimum 90%-ni əhatə edə bilər.

Kreditin illik faiz dərəcəsinin yarısı həcmində subsidiya təqdim olunur.

Faiz subsidiyası maksimum 36 ay müddətinə verilir.

İşğaldan azad edilmiş ərazinin rezidenti dedikdə, işğaldan azad edilmiş ərazilərdə vergi uçotuna alınan və bilavasitə həmin ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər başa düşülür.

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni “İşğaldan azad edilmiş ərazilər üzrə kredit” məhsulu çərçivəsində sahibkarlara 10 min manatdan 10 milyon manatadək, 120 ayadək müddətə və illik 5%-dək kreditlər veriləcək. Sahibkarlar kredit müddətinin yarısınadək olan dövrdə borcun əsas hissəsinin ödənilməsinə möhlət ala bilərlər. Bu imkan layihələrin həyata keçirilməsinin ilkin mərhələsində sahibkarların maliyyə yükünün azaldılmasına şərait yaradır.

Kredit vəsaitləri biznes fəaliyyəti üçün avadanlıqların, texnologiyaların və nəqliyyat vasitələrinin alınması üçün istifadə oluna bilər. Eyni zamanda, kredit məbləğinin 50%-dək hissəsi tikinti və təmir xərclərinə yönəldilə bilər. 500 min manatdan yuxarı kredit məbləği üçün sahibkarlar layihənin ümumi dəyərinin ən azı 20%-ni öz vəsaitləri hesabına maliyyələşdirməlidilər.

Kredit məhsulu çərçivəsində əsas maliyyələşdirmə istiqamətlərinə qeyri-neft-qaz sənayesi, yaşıl taksonomiya, strateji kənd təsərrüfatı, logistika və təchizat zənciri infrastrukturu üzrə fəaliyyətlər daxildir. Bununla yanaşı,  balıqçılıq və akvakultura, rəqəmsal inkişaf və İKT layihələri, yükdaşıma və saxlama, ictimai sərnişindaşıma, turizm və yerləşdirmə infrastrukturu, səhiyyə, təhsil və sosial xidmətlər, istehsal və kənd təsərrüfatını dəstəkləyən xidmətlər sahələrində də layihələrin maliyyələşdirilməsi nəzərdə tutulub.

Sənaye zonaları bölgədə əlverişli işgüzar mühitin formalaşmasına mühüm töhfə verir

Dövlət başçısının fərmanlarına əsasən işğaldan azad olunmuş ərazilərdə əlverişli işgüzar mühitin formalaşdırılması məqsədilə yaradılan Ağdam və “Araz Vadis İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir. Ağdam Sənaye Parkı artıq rezidentlərinin sayına görə Sumqayıt Sənaye Parkından sonra ölkədə ikinci böyük sənaye parkına çevrilib. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Logistik imkanlar baxımından əlverişli ərazidə təşkil olunması investorların diqqətini cəlb edən əsas məqamlardan biridir. 

Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, idxal olunan avadanlıqlara görə ƏDV və gömrük rüsumlarından azad olunur. 

Eyni zamanda, xidmət və servis infrastrukturu – texniki xidmət mərkəzləri və yanacaqdoldurma məntəqələri rezidentlərin fasiləsiz fəaliyyətini təmin edir.

Sənaye parklarının rezidentləri tərəfindən istehsal olunan müxtəlif sənaye məhsulları Gürcüstan, Türkiyə, Moldova, Özbəkistan, Qazaxıstan və Rusiyaya ixrac edilir.

Regionun enerji potensialı

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il  3 may tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması istiqamətində tədbirlərə başlanılmışdır. Sərəncamın icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli Sərəncamı ilə prioritet istiqamətləri özündə ehtiva edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilmişdir. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində işğaldan azad edilmiş ərazilərdə enerji təchizatı infrastrukturunun qurulması, bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisinin istehsalı, enerji səmərəliliyinin təmin edilməsi, yaşıl texnologiyaların tətbiqi, bu sahədə dövlət-özəl sektor tərəfdaşlığının təşviqi kimi tədbirlər nəzərdə tutulmuşdur.

Ümumilikdə Şərqi Zəngəzur və Qarabağın “yaşıl enerji” potensialı (günəş, külək və su) 10 min meqavat gücündə qiymətləndirilir. Hazırda bölgədə müxtəlif beynəlxalq və yerli tərəfdaşlarla əməkdaşlıq çərçivəsində günəş və kiçik su elektrik stansiyalarının tikintisi və bərpası üzrə layihələr reallaşdırılır. Bu layihələr regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, bərpa olunan enerji istehsalının artırılmasına, karbon emissiyalarının azaldılmasına və işğaldan azad edilmiş ərazilərin yaşıl enerji mərkəzi kimi inkişafına mühüm töhfə verir. 

Təbii ehtiyatların iqtisadi dövriyyəyə cəlb edilməsi

İşğaldan azad edilmiş ərazilərin zəngin təbii ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Faydalı qazıntı yataqlarının mərhələli şəkildə istismara verilməsi, yeni dağ-mədən və emal müəssisələrinin fəaliyyətə başlaması, eləcə də yeni yataqlar üzrə istismar hüquqlarının hərrac və müsabiqələr vasitəsilə sahibkarlara təqdim edilməsi regionun sənaye potensialının gücləndirilməsinə, tikinti materialları istehsalının genişlənməsinə, ixrac imkanlarının artmasına və məşğulluğun təmin edilməsinə mühüm töhfə verir.

Bununla yanaşı, dövlət başçısının 27 noyabr 2024-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin keçirilməsi Qaydaları"na əsasən işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların investisiya müsabiqələri vasitəsilə kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə icarəyə verilir ki, bu da işğaldan azad edilmiş ərazilərdə aqrar istehsalın inkişafını və torpaq resurslarından səmərəli istifadəni təşviq edir.

İşğaldan azad edilmiş ərazilərdə bərpa quruculuq işləri

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafın və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində şəhər və kəndlərin, təhsil və səhiyyə obyektlərinin, hava limanlarının bərpası və tikintisi istiqamətində işlər davam etdirilir, eyni zamanda müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır.

Qarabağ Dirçəliş Fondu. Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa, yenidənqurma və dayanıqlı inkişaf layihələrinin maliyyələşdirilməsinə dəstək göstərən publik hüquqi şəxsdir. Fond dövlət tərəfindən icra olunan layihələrə əlavə maliyyə mənbələrinin cəlb edilməsini, dövlət-özəl tərəfdaşlığı çərçivəsində təşəbbüslərin dəstəklənməsini, ianə və sərmayələrin səfərbər olunmasını, habelə sosial, iqtisadi, infrastruktur, mədəni irs və digər dirçəliş layihələrinin maliyyələşdirilməsini təmin edir. Bununla yanaşı, Fond ölkə daxilində və xaricində Qarabağın bərpası ilə bağlı məlumatlandırma və təşviqat fəaliyyətini həyata keçirir.

Təhsil infrastrukturu: Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən təhsil müəssisələrinin tikintisi və bərpası davam etdirilir, tədris mühitinin keyfiyyətinin yüksəldilməsi və insan kapitalının inkişafı əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Yaşayış məntəqələrinin tikintisi: Müasir urbanizasiya tələblərinə uyğun olaraq şəhər və kəndlərin yenidən qurulması, yaşayış komplekslərinin inşası və əhalinin mərhələli şəkildə doğma torpaqlara qayıdışı təmin edilir. Bu proses sosial infrastrukturun inkişafı ilə paralel şəkildə reallaşdırılır. 

Səhiyyə infrastrukturu: Regionda əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək məqsədilə müasir səhiyyə müəssisələrinin yaradılması və təchizatı istiqamətində işlər həyata keçirilir.

Yol-nəqliyyat infrastrukturu:  İşğaldan azad edilmiş ərazilərdə hazırda yüzlərlə km uzunluğu olan avtomobil yolu layihələri həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərdə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) bütün tələblərinə uyğun olaraq inşa edilən Füzuli Beynəlxalq Hava Limanı, Zəngilan Beynəlxalq Hava Limanı, Laçın Beynəlxalq Hava Limanı istifadəyə verilib.