Antiinhisar və İstehlakçı hüquqları

İstehlakçının hansı hüquqları var?

İstehlakçının malı (işi, xidməti) və onun istehsalçısını, icraçısını və satıcısını sərbəst seçmək, əldə etdiyi malın və ya xidmətin lazımi keyfiyyətdə olmasını tələb etmək, aldığı malın (işin və ya xidmətin) təhlükəsiz olması, mal (iş və xidmət) haqqında zəruri və düzgün məlumat əldə etmək, malın (işin, xidmətin) vurduğu zərərin ödənilməsini tələb etmək, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına (İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi), məhkəməyə müraciət etmək və ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşmək hüququ vardır.

Bir çox mağazalarda satılan malların üzərində qiymətlər göstərilmir. Qanunla bu necə olmalıdır?

Satışda olan bütün malların üzərində malın adı, növü və qiyməti göstərilməklə, dəqiq tərtib edilmiş qiymət kağızı, qiymət kağızının arxa tərəfində isə maddi məsul şəxsin imzası (və ya təşkilatın möhürü) və onun doldurulma tarixi olmalıdır. Malın adı, çəkisi və növü qablaşdırma materialında (qutusunda) göstərilərsə, qiymət yarlığında ancaq mal vahidinin dəyəri (ədədin qiyməti) göstərilməlidir.

Satıcı mal haqqında istehlakçıya hansı məlumatları verməyə borcludur?

Satıcı istehlakçını maraqlandıran malın qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, enerji dəyəri, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməyə borcludur. Satılan mal barəsində yalnış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı almasına və ya istifadə etməsinə səbəb olmuşdursa, onun müqviləni ləğv etmək hüququ vardır.

İstehlakçı aldığı malda qüsur və ya saxtalaşdırma halı aşkar etdikdə hansı hüquqlara malikdir?

İstehlakçı aldığı malın zəmanət müddəti ərzində malda hər hansı qüsur və ya saxtalaşdırma halı aşkar edərsə öz istəyinə görə satıcıdan və ya istehsalçıdan həmin məhsulu lazımi keyfiyyətli digər mala dəyişdirməyi, satış qiymətini uyğun məbləğdə azaltmağı, malın qüsurlarının satıcının (istehsalçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini,  malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini və ya müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb etmək hüququna malikdir. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur.

Alınan mala satıcı və ya istehlakçı tərəfindən zəmanət verilməyibsə, mal qüsurlu çıxıbsa nə etmək olar?

Zəmanət müddəti istehsalçı və ya satıcı tərəfindən qeyd edilən müddət ərzində məhsulun normal istismarına dair təminat verildiyi zaman dilimidir. Əgər satıcı və ya istehsalçı tərəfindən zəmanət müddəti müəyyən edilməmişdirsə istehlakçı satıcı (istehsalçı) qarşısında aşkar olunmuş qüsurlar barədə məhsulu əldə etdiyi gündən 2 il ərzində və ya müqavilə ilə müəyyənləşdirilmiş daha uzun müddətdə öz tələblərini irəli sürmək hüququna malikdir.

Malın dəyişdirilməsi necə həyata keçirilir?

İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli digər mala dəyişdirmək hüququna malikdir. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir.

İstehlakçı kimi hüquqlarım pozulduğuna görə məhkəməyə müraciət edə bilərəm?

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmələr həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. Qeyd edək ki, istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Qüsurlu mal dedikdə nə başa düşülür?

Mövcud qanunvericiliyə əsasən qüsur mal dedikdə malın normativ sənədlərin tələblərinə, müqavilə şərtlərinə, icraçı və ya  satıcının mal haqqında verdiyi məlumata, həmçinin malın adətən istifadə olunduğu məqsədə və ya istehlakçının satıcıya məlumat verdiyi məqsədinə, malların təsvirə və nümunəyə uyğun satışı zamanı təsvirə və nümunəyə uyğunsuzluğu başa düşülür. Həmçinin maldan onun məqsədli  təyinatına müvafiq surətdə istifadə olunmasını qeyri-mümkün və ya yolverilməz edən, istehlakçı üçün aradan qaldırıla bilməyən, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırılması mümkün olmayan, malı (işi, xidməti) müqavilədə nəzərdə tutulduğundan başqa şəkilə salan, ya da aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan qüsur mühüm qüsur hesab olunur. Malda qüsur və ya mühüm qüsur aşkarlandıqda istehlakçı satıcıya (istehsalçıya) qarşı qanunvericilikdə qeyd olunan tələbləri irəli sürə bilər.

Satıcı istehlakçıya mal haqqında hansı sənədləri təqdim etməlidir?

Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və s.) verməyə borcludur. Malın keyfiyyətinin texniki sənədlərdə və standartlarda göstərilmiş səviyyədə olması üçün satıcı öz üzərinə vəzifələr götürür. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. İstehlakçının tələbi ilə satıcı (icraçı) malın mənşəyini, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri ona təqdim etməyə borcludur.

Hansı mallar dəyişdirilmir və ya qaytarılmır?

Mövcud qanunvericilikdə istehlakçının əsas hüquqlarından biri də lazımi keyfiyyətli malın dəyişdirilməsi hüquqdur. Lakin bilməliyik ki, Azərbaycan Respublikası ərazisində pərakəndə ticarət obyektlərində qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar, istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, dəsmallar, haşiyələr), parfümer-kosmetika malları, bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları, məişət kimyası malları, şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.),  kişi, qadın və uşaq çimərlik paltarları, uşaq oyuncaqları, istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarlar, ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar, dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları dəyişdirilməli olmayan mallara aid edilmişdir. Sözügedən məhsullar yalnız qüsurlu olduqda qanunvericiliyin tələblərinə uyğun olaraq dəyişdirilib qaytarıla bilər.

İstehlakçılar hansı hallarda malı dəyişdirə və ya geri qaytara bilərlər?

Birincisi, istehlakçı qanunvericilikdə və ya müqavilədə müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə satıcıdan və ya istehsalçıdan həmin malı lazımi keyfiyyətli digər mala dəyişdirməyi  tələb etmək hüququna malikdir. Satıcı (icraçı) isə istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və istehlakçının qeyd olunan tələblərindən birini yerinə yetirməyə borcludur. İkincisi, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, enerji dəyəri, sağlamlıq üçün zərərli maddələrin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri ilə), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Bu cür məlumatların tam verilməməsi istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olmuşdursa istehakçının malı qaytarmaq huququ vardır. Üçüncüsü, lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu 14 gün ərzində uyğun mala dəyişdirmək hüququ vardır. Bu zaman satışda uyğun mal yoxdursa istehlakçının həmin malı qaytarmaq hüququ vardır.

Elektron (onlayn) qaydada alınmış məhsulları dəyişdirmək, qaytarmaq mümkündür mü?

Elektron (onlayn) qaydada məhsul əldə edən istehlakçının hüquqları ilə ənənəvi qaydada mal alan istehlakçının hüquqları bərabərdir. Elektron  (onlayn) qaydada mal alındığı zaman istehlakçı hüquqlarına hər hansı bir məhdudiyyət qoyula bilməz. Ona görə də elektron (onlayn) qaydada alınmış məhsulu qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada dəyişdirmək və ya qaytarmaq mümkündür.

Onlayn alış-verişdə alıcı nələrə diqqət etməlidir?

Malın hansı formada alınmasından və ya istehlakçıya təqdim edilməsindən asılı olmayaraq qanunvericiliyin tələblərinə ciddi əməl etmək lazımdır. İstehlakçılar əldə etdikləri malı satıcıdan qəbul etməmişdən öncə yoxlamalı, satıcıdan mala dair zəruri sənədləri (qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədi) tələb etməlidir. Onlayn qaydada mal (iş, xidmət) alarkən aldanmamaq, riskli hallardan sığortalanmaq və hüquqlarınızın pozulmasına yol verməmək üçün ilk növbədə satıcı tərəfindən adı və ünvanı, internet və elektron poçt ünvanı, telefonu, VÖEN-i, habelə malın (işin, xidmətin) qiyməti  və s. barədə məlumatların istehlakçıya verilib-verilmədiyinə diqqət yetirilməli, bu cür məlumatları təqdim etməyən satıcıdan mal almaqdan çəkinilməlidir.

İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilə şərtləri pozularkən istehlakçının hüquqları və icraçının məsuliyyəti nədən ibarətdir?

İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Eyni zamanda, işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və dəymiş zərərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. Həmçinin icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var.

İstehlakçı hüquqlarının pozulması ilə bağlı eyni anda həm inzibati orqana, həm də məhkəməyə müraciət edə bilər mi?

İstehlakçının inzibati orqana müraciət etməsi onun məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İstehlakçı hüquqlarının pozulması ilə bağlı eyni anda həm inzibati orqana, həm də məhkəməyə müraciət edə bilər. Qeyd etmək lazımdır ki, inzibati orqan istehlakçının müraciəti üzrə satıcı (istehsalçı, icraçı) tərəfindən istehlakçı hüquqlarının pozulub-pozulmaması faktını  müəyyənləşdirir. Əgər istehlakçının hüquqlarının pozulması faktı aşkar edilərsə buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görür, istehlakçıların hüquqlarının qorunmasını təmin edir. İstehlakçıların hüquqlarının müdafiəsini, onlara dəyən ziyanın ödənilməsini məhkəmələr həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

Fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisinin alqı-satqısı, və onlardan istifadə üçün sayğaclarla təchiz edilməsi nece həyata keçirilir?

Su, qaz və elektrik enerjisinin alqı-satqısı təchizatçılarla bilavasitə istehlakçılar arasında bağlanmış müqavilələr əsasında həyata keçirilir. Həmin müqavilələrin bağlanılması zamanı üçüncü şəxslər, o cümlədən binaların mülkiyyətçiləri, yaxud idarəetməni həyata keçirən şəxslər (təsərrüfat cəmiyyətləri, mənzil-tikinti kooperativləri, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri və s.) hər hansı formada iştirak etmədiyindən, onların su, qaz və elektrik təchizatı üzrə yaranan münasibətlərdə tərəf hesab edilmələri istisna edilməlidir.

Həmçinin, fiziki şəxs olan istehlakçıların su, qaz və elektrik enerjisindən istifadə üçün sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi müvafiq olaraq təchizatçı müəssisələrin vəsaiti hesabına təmin edilir və onlardan təchizatçı müəssisə və ya binaların mülkiyyətçiləri, o cümlədən idarəetməni həyata keçirən şəxslər tərəfindən sayğacların dəyərinin tələb edilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır.

Təchizatçı müəssisələrlə aranızda müqavilələrin bağlanılması və sözügedən ünvanın sayğaclarla təchiz edilməsi üçün mülkiyyət sənədləri ilə birlikdə “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə müraciət edilərək həyata keçirilir.

Pandemiya müddətində ləğv olunan uçuşların biletləri geri qaytrılır mı?

COVID-19 pandemiyası səbəbindən “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin ləğv edilən reyslərinin biletlərini alan sərnişinlərə həmin biletləri aviadaşıyıcıların hazırda yerinə yetirilən xüsusi reyslərinə yenidən təxsis edilə bilər və ya aviabiletin dəyərinin qaytarılmasına alternativ olaraq vauçer formasında sənəd təklif olunur. Həmin vauçeri ilkin aviabiletin əldə edildiyi tarixdən iki il ərzində istifadə etmək mümkündür.

Ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün tikinti-quraşdırma işləri kim tərəfindən, necə aparılır?

"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin 12-ci bəndinə əsasən ərazi planlaşdırılması aparılmamış ərazilərdə qaz təchizatı üçün layihələndirmə və tikinti obyektlerinden qazpaylayıcı şəbəkənin qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri istehlakçının seçdiyi podratçı və ya qaz paylayıcısı tərəfindən istehlakçının vəsaiti, dövlət sifarişi olduğu halda isə dövlətin vəsaiti hesabına həyata keçirilir. Həmçinin, lisenziyası olan podratçıların siyahısı Dövlət Xidmətinin, “Azərişıq” ASC-nin, “ASAN xidmət” in rəsmi internet saytlarında yerləşdirilmişdir.

İstismar müddəti bitmiş köhnə elektrik sayğacın yenisi ilə əvəz edilərkən “Azərişıq” ASC tərəfindən birtərəfli qaydada protokolun tərtib edilməsi düzgündür mü?

Qaydalarda elektrik sayğacının dəyişdirilməsi zamanı məişət abonenti olan istehlakçının iştirakının məcburi qaydada təmin edilməsi ilə bağlı müvafiq tələb nəzərdə tutulmamışdır.

Gecikdirilmiş qalıq borcuna görə istehlakçıya məxsus digər ünvandakı borcu olmayan mənzilin də su təchizatı dayandırıla bilərmi?

Bir ünvanda yaranmış borca görə istehlakçıya məxsus borcu olmayan digər mənzil və ya obyektin su təchizatı borc tam ödənilənədək dayandırıla bilər.

Hökmran mövqe nədir?

Hökmran mövqe təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən müstəsna vəziyyətidir. Müvafiq əmtəə bazarında payı 35%-dən çox və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan bazar subyektləri hökmran mövqe tutmuş hesab olunur.

İnhisarçılıq nədir?

İnhisarçılıq təsərrüfat subyektlərinin, icra hakimiyyəti və idarəetmə orqanlarının rəqabətə yol verməməyə, onu məhdudlaşdırmağa yaxud arada qaldırmağa yönəlmiş fəaliyyətidir. İnhisarçılıq fəaliyyətinə bazar subyektlərinin   qiymətlərlə manipulyasiya etməsi,  məhsulun alternativ satıcıları və alıcıları olmadıqda təsərrüfat subyektləri arasında ayrı-seçkilik yaratmaq məqsədilə məhsulu satmaqdan və ya almaqdan imtina etməsi,  qapalı satış şəbəkələrinin yaradılması, müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi və qanunvericiliklə qadağan edilmiş digər hərəkətlər aid edilə bilər.

Təsərrüfat subyektlərinin və onların birliklərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi zamanı Dövlət Xidmətinin rəyi alınmalıdırmı?

Təsərrüfat subyektlərinin hökmran mövqelərindən sui-istifadə və ya rəqabəti məhdudlaşdıran hərəkətlərinin qarşısını almaq məqsədi ilə qanunvericilyə uyğun olaraq Xidmətdən müvafiq rəy alınmalıdır.

Standart nədir?

Təkrar və ümumi istifadə üçün nəzərdə tutulan, mala (işə, xidmətə), onunla əlaqəli prosesə (o cümlədən idarəetmə sisteminə) və istehsal metodlarına dair norma, qayda və tövsiyələri müəyyən edən, tətbiqi könüllü olan normativ sənəddir.

Standartların rəsmi nüsxələrini necə əldə etmək olar?

Dövlət orqanları (qurumları), fiziki və hüquqi şəxslər standartların rəsmi nəşrlərini Standartlaşdırma üzrə dövlət fondundan Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxslə bağlanılmış müqavilələr əsasında kağız daşıyıcıda və ya İnstitutun rəsmi internet saytından onlayn formada əldə edə bilərlər.

Uyğunluq sertifikatı nədir?

Uyğunluq sertifikatı malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlarda göstərilən tələblərə uyğunluğunu təsdiq edən müəyyən formalı sənəddir.

Uyğunluq sertifikatını necə əldə etmək olar?

Uyğunluq sertifikatının əldə edilməsi üçün sifarişçi tərəfindən müvafiq sahədə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş istənilən uyğunluğu qiymətləndirən quruma müraciət edilə bilər. Maraqlı şəxslər həmin qurumlar barəsində məlumatları Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin internet səhifəsindən əldə edə bilərlər.

Hansı hallarda uyğunluq sertifikatının qüvvəsi dayandırılır?

Malın (işin, xidmətin), onunla əlaqəli prosesin (o cümlədən idarəetmə sisteminin), istehsal metodunun standartlaşdırma üzrə normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən edildiyi halda, uyğunluq sertifikatının qüvvəsinin dayandırılması barədə qərar qəbul edilir.

Ölçmələrə dair məcburi tələblər hansılardır?

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələr tipi təsdiq edilmiş və yoxlamadan keçmiş ölçmə vasitələrindən istifadə edilməklə, attestasiya edilmiş ölçmə metodikaları (metodları) ilə (birbaşa ölçmələrin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ölçmə metodikaları (metodları) istisna olmaqla) yerinə yetirilməlidir. 

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid edilən sahələr hansılardır?

“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” 3 iyun 2013-cü il tarixli 686-IVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinə əsasən ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinin şamil olunduğu sahələr (səhiyyə, bitki mühafizəsi və karantini, aqrokimyəvi tədbirlərin həyata keçirilməsi, baytarlıq, ətraf mühitin mühafizəsi, əməyin mühafizəsi və s.) müəyyən edilmişdir.

Ölçmə vasitəsi nədir?

Ölçmə vasitəsi ölçmənin yerinə yetirilməsi üçün istifadə olunan texniki vasitədir.

Ölçmə vasitələrinə dair məcburi metroloji tələblər nələrdir?

Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan sahədə tipi təsdiq edilmiş və yoxlamadan keçmiş, ölçmə vasitələrinə məcburi metroloji və texniki tələblər daxil olmaqla, ölçmələrin vəhdətinin təmin edilməsinə dair məcburi tələblərə riayət edilməsini təmin edən ölçmə vasitələrindən istifadə edilir.

Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi hansı qurum tərəfindən həyata keçirilir?

Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiq edilməsi dövlət qurumlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən həyata keçirilir.

Ölçmə vasitələrinin yoxlanılmasını hansı qurumlar təmin edir?

Ölçmə vasitələrinin yoxlanılması sifarişçilərin müraciətləri əsasında “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumlar tərəfindən həyata keçirilir. Uyğunluğu qiymətləndirən qurumlar barədə məlumatlar “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin rəsmi internet səhifəsinə yerləşdirilir. (https://accreditation.gov.az/az/database/personnel-certification-organization).

Mənşə sertifikatı nədir və sahibkarlara hansı üstünlüklər verir?

Mənşə sertifikatı ixracatçı ölkənin səlahiyyətli orqanı tərəfindən verilən və mənşə ölkəsini təsdiq edən sənəddir. Malın mənşə ölkəsi Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallar üzərində tarif və qeyri-tarif göstəricilərinin həyata keçirilməsini təmin etmək məqsədi ilə müəyyən olunur. Mənşə sertifikatının alınması malların ixracı zamanı sahibkarlara idxalçı ölkədə güzəştli şərtlərlə idxal gömrük rüsumlarını ödəməyə şərait yaradır.

Hansı reklamlar istehlakçıların çaşdırılmasına səbəb olur?

  • Əmtəənin mənşəyi, hazırlanma üsulu, istifadə üçün yararlılığı, keyfiyyəti, çəkisi, qiyməti və digər məsələlərlə əlaqədar istehlakçını çaşdıra və ya aldada bilən hər hansı məlumatlardan istifadə edilməsi;
  • Əmtəənin satışı, yaxud sövdələşmə zamanı istehlakçının sərbəst seçim hüququna təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması;
  • İstehlakçını çaşdıra bilən tərzdə öz əmtəəsinin rəqibin əmtəəsi ilə müqayisə edilməsi, habelə bu müqayisənin reklam və ya informasiya materialı kimi təqdim olunması;
  • Əmtəənin istehlak xassələri və digər mühüm xüsusiyyətləri barədə həqiqətə uyğun olmayan göstəricilərlə (o cümlədən fərqləndirici nişan və ya marka ilə) təchiz edilməsi və bununla əlaqədar reklamın verilməsi; Müəyyən edilmiş standartlara uyğun olmayan əmtəənin təklif edilməsi, yaxud əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi.

Hansı reklamlar haqsız reklam hesab edilir?

“Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.-ci maddəsinə əsasən:

  • reklam olunan əmtəə ilə eyni funksiyaları yerinə yetirən başqa istehsalçıların əmtəəsinin keyfiyyət və kəmiyyət göstəriciləri arasında digər bazar iştirakçılarının adını çəkməklə və ya əmtəəni göstərməklə müqayisə aparıldıqda;
  • müxtəlif vasitələrlə bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda;
  • əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə;
  • müəlliflik hüquqlarından qeyri-qanuni istifadə olunduqda;
  • reklam edilən əmtəə başqa istehsalçıların və satıcıların əmtəəsinə çaşqınlıq yarada biləcək dərəcədə bənzədildikdə;
  • reklam edilən əmtəənin sağlamlığa və ətraf mühitə mənfi təsiri barədə məlumatlar qəsdən gizlədildikdə;

“Reklam haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.-ci maddəsinə əsasən haqsız reklama yol verilmir.

Reklam materiallarının saxlanma müddəti nə qədərdir?

Reklam materialları (surətləri), habelə onlara edilən dəyişikliklər, reklamın istehsalına, yerləşdirilməsinə və yayımına dair müqavilələr reklamın son yayımından və ya müqavilə müddətinin bitdiyi tarixindən etibarən reklamvericidə, reklam yaradıcısında, reklam istehsalçısında, reklam agentində və reklam yayıcısında azı bir il müddətində saxlanmalıdır.

Mənbə: “Reklam haqqında” Azərbaycan Respublikasının Qanunun, maddə 18.

Rəqabəti məhdudlaşdıran hallar hansılardır?

Hökmran mövqeyə sahib bazar subyektlərin bazarda əlavə üstünlük əldə etmək məqsədilə bazara süni giriş əngəlləri yaratması, öz bazar gücündən istifadə edərək digər bazar iştirakçılarının fəaliyyətinə təsir etməsi, qiymətləri manipulyasiya etməsi, təklif etdiyi mal və xidmətlərin satışında ayrı-seçkiliyə yol verməsi, rəqabəti məhdudlaşdıran şaquli və üfüqi inteqrasiyalar yaratması, qapalı satış şəbəkəsinə yol verməsi və digər hallar rəqabəti məhdudlaşdıran hallar hesab edilir.