Qiymətləndirmə fəaliyyəti

Qiymətləndirmə nədir?

Qiymətləndirmə - qiymətləndirmə obyektinin dəyərinin qiymətləndirici tərəfindən müəyyən edilməsi üzrə fəaliyyətdir.

 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni Qanunu  nə vaxt qəbul edilib və nədən bəhs edir?

 

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının yeni Qanunu 2023-cü il 8 dekabr tarixində qəbul edilib. Qiymətləndirmə ilə bağlı 1998-ci il 25 iyun tarixli Qanun isə ləğv edilib. Yeni qanun qiymətləndirmə sahəsində tənzimləmələrin təkmilləşdirilməsi və optimallaşdırılması, həmçinin bu sahədə mövcud çatışmazlıqların aradan qaldırılması məqsədilə qəbul edilib və Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin təşkilati, iqtisadi və hüquqi əsaslarını müəyyən edir.

Qiymətləndirmə sahəsində problemlər nədən ibarətdir?

Yeni qanun qəbul olunanadək qiymətləndirmə sahəsində bir sıra problemlər mövcud olmuşdur:

  • qiymətləndirici anlayışının konkret müəyyən edilməməsi;
  • qiymətləndiricilərin peşəkar birliyinin yaradılmaması, mövcud ictimai birliyin statusunun qanunvericiliklə müəyyən edilməməsi və üzvlüyün icbari olmaması;
  • üzvlərin icbari tədrisə cəlb edilməməsi, vaxtaşırı maarifləndirilməməsi;
  • maraq ziddiyyətlərinin həlli, qiymətləndiricilərin davranış qayda və prinsiplərinin müəyyən edilməməsi;
  • qiymətləndirmə fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq qurumun müəyyən edilməməsi; 
  • qiymətləndirmə sahəsində vahid baza-reyestrin mövcud olmaması;
  • qiymətləndirmə fəaliyyətini həyata keçirmək üçün sertifikasiya tələblərinin müəyyən olunmaması;
  • qiymətləndirmə fəaliyyətinə xitam verilməsi qaydasının və qiymətləndiricilərin məsuliyyət tədbirlərinin müəyyən edilməməsi;
  • qiymətləndirici şirkətlərin rəqabət qabiliyyətinin zəif olması və s.

Yeni qanun hansı məsələləri əhatə edir?

Yeni qanunda aşağıdakı məsələlər və təkmilləşmələr nəzərdə tutulub:

  • əsas anlayışlar (qiymətləndirmə fəaliyyəti, qiymətləndirici, qiymətləndirici təşkilat, qiymətləndirmə obyekti və sifarişçi) və Qanunun tətbiq dairəsi;
  • qiymətləndirmə fəaliyyətinin istiqamətləri;
  • Qiymətləndiricilər Palatasının yaradılması, onun səlahiyyətləri, orqanlarının təsis edilməsi və fəaliyyət;
  • sifarişçi ilə qiymətləndirici və ya qiymətləndirici təşkilat arasında bağlanılan müqavilədə və qiymətləndirmənin nəticələri haqqında hesabatda göstərilməli olan məlumatlar;
  • sifarişçinin hüquqları və vəzifələri;
  • ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxsin qiymətləndirici ola bilməsi tələbi, ixtisas imtahanının təşkili və keçirilməsi, Qiymətləndiricilər Palatasına üzvlüyə qəbul məsələləri;
  • qiymətləndiricilərin əlavə təhsilinin təşkili üçün tədbirlərin görülməsi;
  • Qiymətləndiricilər Palatası tərəfindən qiymətləndiricinin etik davranış qaydalarının təsdiq edilməsi və bu qaydaların tələblərinə riayət edilməsinə nəzarət edilməsi;
  • Qiymətləndiricilər Palatası tərəfindən üzvlərinin reyestrinin aparılması və rəsmi internet səhifəsində müvafiq məlumatların yerləşdirilməsi;
  • qiymətləndirmənin aparılmasına məhdudiyyətlər, maraqlar toqquşmasının qarşısının alınması;
  • qiymətləndiriciyə tətbiq edilən intizam tənbehi tədbirləri və onların tətbiq edilməsi qaydası;
  • qiymətləndirmənin düzgün aparılmaması nəticəsində sifarişçiyə və (və ya) üçüncü şəxslərə dəyən zərərin ödənilməsi;
  • qiymətləndiricinin peşə məsuliyyətinin sığortası tələbi;
  • qiymətləndiricinin fəaliyyətinin dayandırılması və fəaliyyətinə xitam verilməsinin əsasları.

Qiymətləndirmə fəaliyyəti hansı istiqamətlər üzrə həyata keçirilir?

Qiymətləndirmə fəaliyyəti aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  • daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;
  • daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;
  • daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;
  • müəssisələrin qiymətləndirilməsi;
  • qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;
  • kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;
  • təbii sərvətlərin qiymətləndirilməsi;
  • dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;
  • xidmətlərin qiymətləndirilməsi;
  • digər qiymətləndirmə obyektlərinin qiymətləndirilməsi.

Qiymətləndirməyə görə xidmət haqqı necə müəyyən edilir?

Qiymətləndirməyə görə xidmət haqqı qiymətləndirmə obyektinin yekun dəyərindən asılı deyildir. Qiymətləndirməyə görə xidmət haqqı, o cümlədən qiymətləndirmə fəaliyyətinə cəlb olunmuş mütəxəssislərin əməyi qarşılıqlı razılaşma əsasında müəyyən edilir.

Qiymətləndirmə fəaliyyətini həyata keçirən subyektlər hansılardır?

Qiymətləndirmə fəaliyyətini həyata keçirən subyektlər qiymətləndirici və qiymətləndirici təşkilatdır. Qiymətləndirici qanunla müəyyən edilmiş tələblərə cavab verən, qiymətləndirmə fəaliyyətini həyata keçirmək hüququnu əldə edən və Qiymətləndiricilər Palatasının üzvü olan fiziki şəxs, qiymətləndirici təşkilat isə əsas fəaliyyət sahəsi qiymətləndirmə fəaliyyəti olan və qiymətləndirmə fəaliyyətinin istiqaməti (istiqamətləri) üzrə ixtisaslaşmış kommersiya hüquqi şəxsidir.

Kimlər qiymətləndirici ola bilərlər?

Ali təhsilə və 3 (üç) ildən az olmayan ümumi iş stajına malik olan, ixtisas imtahanını müvəffəqiyyətlə vermiş və Qiymətləndiricilər Palatasının üzvü olan şəxs qiymətləndirici ola bilər. Qəsdən ağır və xüsusilə ağır cinayət, habelə xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olmayaraq korrupsiya cinayəti və qulluq mənafeyi əleyhinə olan digər cinayət, həmçinin iqtisadi sahədə cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər qiymətləndirici ola bilməzlər.

Qiymətləndirici olmaq istəyən şəxslər necə müəyyənləşdirilir?

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanları yazılı testdən ibarət olmaqla, qiymətləndirmə fəaliyyətinin istiqamətləri üzrə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilir və keçirilir.

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən və Qanunla nəzərdə tutulmuş tələblərə uyğunluğu müəyyən edilmiş şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir. İxtisas şəhadətnaməsini almış şəxs üzvlüyə qəbul edilmək üçün Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinə ərizə ilə müraciət edir. Qiymətləndiricilər Palatasının üzvü olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində qiymətləndirmə fəaliyyəti ilə məşğul ola bilməzlər.

Qiymətləndiricilər Palatasının funksiyası nədən ibarətdir?

Qiymətləndiricilər Palatası qiymətləndiricilərin məcburi üzvlüyü əsasında yaradılan və fəaliyyətini özünüidarəetmə prinsipi əsasında həyata keçirən qeyri-kommersiya hüquqi şəxsdir.

2024-cü il iyulun 1-dək Qiymətləndiricilər Palatasını təsis etmək hüququ olan şəxslərin müəyyən edilməsi, təsis yığıncağının hazırlanmasının və keçirilməsinin təmin edilməsi məqsədilə Nazirlər Kabineti tərəfindən İqtisadiyyat və Maliyyə nazirliklərinin nümayəndələri daxil olmaqla 5 üzvdən ibarət təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinin sifarişi əsasında Dövlət İmtahan Mərkəzi 6 ay müddətində hər ay qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq üçün ixtisas imtahanlarını təşkil edəcək və keçirəcəkdir. Qiymətləndiricilər Palatasını təsis etmək hüququ yaranmış azı 15 nəfər qiymətləndirici tərəfindən Qiymətləndiricilər Palatası təsis olunacaq, onun Rəyasət Heyətinin sədri, sədrinin müavinləri və digər üzvləri, Qiymətləndiricilərin İntizam Komissiyasının sədri və üzvləri seçiləcəkdir.

 Qiymətləndiricilər Palatası:

  • qiymətləndirmə fəaliyyətinə dair qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verir;
  • qiymətləndirmə üzrə yanaşma və metodları təsdiq edir;
  • Qiymətləndiricilər Palatasına üzvlüyə qəbul edir və ya üzvlüyə xitam verir, üzvlük haqqının məbləğini və ödənilmə qaydasını müəyyən edir;
  • qiymətləndiricinin etik davranış qaydalarını təsdiq edir və üzvləri tərəfindən bu qaydaların tələblərinə riayət edilməsinə nəzarət edir;
  • qiymətləndiricilərin əlavə təhsilinin təşkili üçün tədbirlər görür;
  • dövlət orqanları (qurumları) və yerli özünüidarə orqanları, habelə qiymətləndiricilərin beynəlxalq peşə birlikləri ilə münasibətlərdə üzvlərinin mənafelərini təmsil edir;
  • üzvlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə edir;
  • hazırkı üzvlərinin və keçmiş üzvlərinin reyestrini ayrılıqda aparır və rəsmi internet səhifəsində hər bir üzvün adı, soyadı, atasının adı, iş stajı, təhsili, ixtisas şəhadətnaməsinin və qiymətləndiricinin peşə məsuliyyətinin sığorta şəhadətnaməsinin mövcudluğu və sığortaçı barədə məlumatları yerləşdirir;
  • üzvlərinin fəaliyyəti ilə bağlı sifarişçilərin və digər şəxslərin müraciətlərinə baxır;
  • üzvlərinə bu Qanunla müəyyən olunmuş qaydada intizam tənbehi tətbiq edir;
  • üzvlərinin informasiya və metodiki təminatını təşkil edir;
  • ildə bir dəfə hesabat ilindən sonrakı ayın 20-dən gec olmayaraq öz fəaliyyəti və üzvlərinin fəaliyyəti haqqında məlumatı öz rəsmi internet səhifəsində yerləşdirir.

Əlaqə

Qiymətləndiricilər Palatası təsis olunanadək mövzuya dair suallar İqtisadiyyat Nazirliyinin office@economy.gov.az e-mail ünvanına göndərilməlidir.