Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramları çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini daha da yaxşılaşdırmışdır. Ölkə iqtisadiyyatının inkişafı ilə bağlı qəbul edilmiş müxtəlif dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində də infrastruktur layihələrinin, abadlıq-quruculuq işlərinin həyata keçirilməsinə, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşmasına, ümdə məsələlərin həlli istiqamətində irimiqyaslı işlərin görülməsinə şərait yaratmışdır.
Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı", Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli, 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı" Bakı şəhəri və onun qəsəbələrinin inkişafının təmin edilməsi, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, mövcud problemlərin aradan qaldırılması sahəsində mühüm rol oynamış, hər bir qəsəbə üzrə müxtəlif sahələri əhatə edən konkret tədbirlər uğurla icra olunmuşdur.
Görülmüş işlərin davam etdirilməsi və ilk növbədə şəhərətrafı qəsəbələrin sakinlərinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə ölkə başçısının 17 yanvar 2014-cü il tarixli, 232 nömrəli Sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiq edilmişdir.
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Bakı şəhəri və ətraf qəsəbələrin inkişafının sürətləndirilməsi, o cümlədən elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin, eləcə də sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, əhalinin sosial müdafiəsi və s.) inşası, beynəlxalq standartlara uyğun yenidən qurulması, ekoloji vəziyyətin yaxşılaşdırılması, yeni müəssisələrin və iş yerlərinin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərin reallaşdırılması nəzərdə tutulmuş və icra olunmuşdur.
Ümumilikdə Dövlət Proqramında 17 müxtəlif sahəni əhatə edən 445 tədbirin icrası nəzərdə tutulmuşdur ki, bunlardan da 28-i ümumərazi inkişaf tədbirlərini, 417-si isə Bakı şəhərinin rayonlarını əhatə edir.
2016-cı il ərzində Dövlət Proqramına uyğun olaraq qaz təsərrüfatının inkişafı və yenidən qurulması, qazla təchiz olunmayan yaşayış məntəqələrinin qazlaşdırılması, istehlakçıların təhlükəsiz və fasiləsiz qazla təmin edilməsi məqsədilə paytaxt və qəsəbələrdə 24,95 km müxtəlif diametrli qaz kəmərləri çəkilmiş, 114,92 km qaz kəmərləri əsaslı təmir olunmuş, 8198 ədəd "Smart-kart" tipli elektron qaz sayğacı quraşdırılmışdır.
Bakı şəhəri və onun qəsəbələrində yaşayan əhalinin elektrik enerjisi ilə təchizatının yaxşılaşdırılması və iqtisadiyyatın davamlı enerji təchizatı ilə təmin olunması istiqamətində Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il ərzində 1 yarımstansiya, 11 transformator məntəqəsi tikilmiş, 10 yarımstansiya yenidən qurulmuş, 9 transformator məntəqəsi təmir olunmuş, 296 kompleks transformator məntəqəsi quraşdırılmış, 982,2 km elektrik xətləri çəkilmişdir. Dövlət Proqramına uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi istiqamətində Suraxanı və Pirallahı günəş elektrik stansiyalarının güclərinin artırılması, Qaradağ rayonunun Sahil qəsəbəsində günəş elektrik stansiyasının tikintisi işləri davam etdirilmişdir.
Yaşayış məntəqələrinin istilik təchizatının yaxşılaşdırılması işləri proqrama uyğun olaraq davam etdirilmiş, Dövlət Proqramı çərçivəsində 2016-cı il ərzində 1 yeni qazanxana tikilərək istifadəyə verilmiş, 2 qazanxana təmir və ya bərpa edilmiş, 3 km yeni istilik xətləri çəkilmiş və ya təmir edilmiş, 18 yaşayış binasının aşağı paylama istilik sistemi yenidən qurulmuşdur. Eyni zamanda Dövlət Proqramı çərçivəsində təmir-tikinti işləri aparılan bütün sosial obyektlərin istilik sistemləri də yenidən qurulur.
Dövlət Proqramına uyğun olaraq Bakı şəhəri və onun qəsəbələrinin etibarlı və dayanıqlı su təchizatının yaxşılaşdırılması məqsədilə yeni sutəmizləyici qurğuların inşası, paylayıcı magistral kəmərlərin, su və kanalizasiya xətlərinin tikintisi və digər tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Belə ki, 2016-cı il ərzində 144,5 km uzunluğunda müxtəlif diametrli su xətti, 38,8 km uzunluğunda kanalizasiya xətti və ya kollektor çəkilmiş, 45442 ədəd su sayğacı, o cümlədən 44346 ədəd "smart-kart" tipli su sayğacı quraşdırılmışdır.
Rabitə və informasiya texnologiyalarının inkişaf etdirilməsinə, internet və digər informasiya-kommunikasiya texnologiyalarının inkişafına xüsusi diqqət yetirilmiş, 2016-cı il ərzində 4 ATS istismara verilmiş, 5 ATS genişləndirilmiş, ADSL portları 5072 ədəd artırılmış, 43,96 km fiber optik kabel çəkilmiş, 5280 nömrə abunə tutumu istismara verilmişdir.
Dövlət Proqramına müvafiq olaraq 2016-cı il ərzində paytaxt və qəsəbələrin yaşıllaşdırılması, ətraf mühitin yaxşılaşdırılması və ekoloji tarazlığın qorunub saxlanması üzrə həlli vacib işlər davam etdirilmişdir. Belə ki, ümumilikdə 106 hektar ərazidə 137 min ədəd ağac və kol bitkiləri əkilmişdir. Bununla yanaşı, neft mədənləri ərazisində mövcud olan neftlə çirklənmiş göllərin qurudulması, həmin ərazilərin yaşıllaşdırılması və abadlaşdırılması istiqamətində işlər davam etdirilmiş, ümumilikdə 44,23 hektar neftlə çirklənmiş ərazi təmizlənmiş, Abşeron yarımadasında yerləşən 9 gölün ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə hazırlanmış konseptual layihələrə uyğun olaraq Zığ gölünün ekoloji bərpasına başlanılması üçün hazırlıq işləri aparılır.
Hesabat dövründə rayon və qəsəbələrdə abadlıq-quruculuq işləri aparılmış 2016-cı il ərzində 154 minə yaxın ağac və kollar əkilmişdir. Həmçinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində, Pirallahı rayonunda yeni parklar salınmış, Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yeni parkın salınması, Qaraçuxur qəsəbəsində Neftçilər parkının əsaslı təmiri, Bakı şəhərində yol kənarlarının, məhəllələrin abadlaşdırılması, binaların fasadlarının, pilləkən qəfəslərinin təmiri işləri davam etdirilir.
Paytaxt və qəsəbələrin yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı 2016-cı il ərzində Qala-Pirallahı avtomobil yolunun ikinci hissəsi, Pirallahı qəsəbəsini sahillə birləşdirən körpü istifadəyə verilmiş, Bilgəh-Novxanı-Sumqayıt, Zığ-Hövsan yolunun, Həsən Əliyev küçəsindən Ziya Bünyadov küçəsinə paralel olaraq Koroğlu metrostansiyasına qədər yeni yolun tikintisi, Xocasən-Lökbatan avtomobil yolunun, Xəqani Rüstəmov küçəsinin ("Ağ şəhər") avtomobil yolunun yenidənqurulması işləri davam etdirilmiş, 37,7 km qəsəbələrarası yollar çəkilmiş, 6 yeni yol qovşağı, körpü, tunel və piyada keçidi tikilmiş, rayon və qəsəbədaxili yollara 306.080 kv.m asfalt örtüyü salınmış, 568 ədəd işıq dirəkləri quraşdırılmışdır.
Sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi, sahibkarlara güzəştli kreditlərlə maliyyə dəstəyinin verilməsi, müasir texnologiyalara əsaslanan istehsal və emal sahələrinin inkişafını stimullaşdıran infrastruktur layihələrinin maliyyələşdirilməsi, sahibkarlığın məsləhət, informasiya təminatının gücləndirilməsi, yüksək keyfiyyətli, idxalı əvəz edən, rəqabətə davamlı ixrac qabiliyyətli məhsullar istehsalının stimullaşdırılması və biznes sahəsində əlaqələrin gücləndirilməsi istiqamətində işlər uğurla davam etdirilmiş, 2016-cı il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələri üzrə 145 sahibkara 49,2 milyon manat güzəştli kreditlər verilmişdir. Maliyyələşdirilən investisiya layihələrinin həyata keçirilməsi nəticəsində Bakı qəsəbələri üzrə 2.322 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Eyni zamanda, 2016-cı il ərzində sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Bakı qəsəbələrində "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair 6 işgüzar forum keçirilmişdir. Bu forumlarda Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına müvəkkil kredit təşkilatları vasitəsilə ictimaiyyətin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə şəffaf formada güzəştli kreditlər təqdim edilmiş, tədbirlərdə iştirak etmiş 610 sahibkara Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi mexanizmi, investisiya layihələrinin hazırlanması və təqdim olunması, investisiya layihələrinin qiymətləndirilmə meyarları, sahibkarlıq subyektlərində monitorinqlərin aparılması qaydaları, müvəkkil kredit təşkilatları və Fondun internet səhifəsindən istifadə mövzusunda maarifləndirici treninqlər keçirilmiş, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrin əhəmiyyəti barədə ətraflı məlumat verilmiş, müxtəlif istiqamətlər üzrə hazırlanmış nümunəvi investisiya layihələrinin təqdimatları keçirilərək bu materialların, eləcə də digər metodiki materialların sahibkarlıq subyektlərinə paylanması təmin olunmuşdur.
İqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi əhalinin məşğulluğunun təmin edilməsi və idxaldan asılılığı azaltmaqla rəqabət qabiliyyətli qeyri-neft məhsulları ixracının artırılması məqsədilə Bakı şəhərində Balaxanı Sənaye Parkının infrastrukturu qurulmuş, rezident kimi qeydiyyata alınmış şirkətlərin təsərrüfat sahələrinin hazırlanması və digər müəssisələrin cəlb edilməsi istiqamətində işlər davam etdirilir.
Təhsil sisteminin inkişafı, müasir tələblərə uyğun şəkildə infrastrukturun təkmilləşdirilməsi məqsədilə Bakı və ətraf qəsəbələrdə təhsil müəssisələrinin inşası, təmir-bərpası və yenidən qurulması ilə bağlı tədbirlər davam etdirilmiş, 2016-cı il ərzində 17 məktəbdə, 2 uşaq bağçasında təmir-tikinti işləri yekunlaşmış, 8 təhsil obyekti üzrə işlər davam etdirilmişdir.
Dövlətin sosial siyasətində mühüm yer tutan səhiyyənin müasirləşdirilməsi, əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni, müasir səhiyyə müəssisələrinin tikintisi, mövcud müəssisələrin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bir sıra mühüm işlər görülmüş, hesabat dövrü ərzində Bakı şəhərində Milli Sağlamlıq Mərkəzinin, Badamdar qəsəbəsində yeni xəstəxananın, Qobustan qəsəbəsində 17 saylı Birləşmiş Şəhər Xəstəxanasının tikintisi, 11 saylı Birləşmiş Şəhər Xəstəxanasının sökülərək yenidən qurulması və onun ərazisində Təcili Tibbi Yardım Stansiyasının tikintisi işləri davam etdirilmişdir.
Hesabat dövründə paytaxtın bütün qəsəbələrində mədəniyyət müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tarixi-mədəni və ədəbi-bədii irsin qorunub saxlanması istiqamətində işlər görülmüş, Nardaran və Maştağa qəsəbələrində mədəniyyət evlərinin, Şağan, Qızıldaş və Bakıxanov qəsəbələrində Mədəniyyət Mərkəzlərinin, Nərimanov rayonunda 21 nömrəli 11 illik musiqi məktəbinin yeni binasının tikintisi işləri davam etdirilmişdir.
Gənc nəslin sağlam ruhda tərbiyəsi və onların müntəzəm şəkildə idmana cəlb olunması, idmanın kütləviləşməsi və müsir tələblərə cavab verən maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlər həyata keçirilmişdir. Dövlət Proqramına uyğun olaraq 2016-cı il ərzində 12 gənclər və idman obyektində tikinti işləri davam etdirilmişdir.
Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də aztəminatlı təbəqənin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmışdır. Bu qəbildən olan insanların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində işlər məqsədyönlü şəkildə həyata keçirilmiş Gözdən əlillər üçün tədris bərpa mərkəzi, Yetkinlik yaşına çatmayanlar üçün 50 yerlik İxtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və Sosial Sığınacaq tikilərək istifadəyə verilmiş, Bakı şəhər Uşaq Bərpa Mərkəzi əsaslı təmir olunmuş, Bilgəh Müharibə və Əmək Əlilləri üçün Pansionatın (Qocalar evi) köhnə binasının əsaslı təmiri, Bakı Protez-Ortopedik Bərpa Mərkəzinin təmiri, Mərdəkan qəsəbəsində Əlillər üçün Müalicə Pansionatının yenidən qurulması, əlillər üçün Nizami rayonunda 12 mərtəbəli 96 mənzilli yaşayış binasının tikintisi işləri davam etdirilmişdir.