İnsan kapitalı

Azərbaycanda dövlət siyasətinin mərkəzində vətəndaş amili, əhalinin yüksək rifahı və layiqli həyat səviyyəsi dayanır. Yeni dövrdə isə dövlət müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqların inkişafına, rəqabətli insan kapitalının formalaşmasına, cəmiyyətin yüksək rəqəmsal mədəniyyət və bacarıqlara yiyələnməsi, innovativ texnologiyalara əsaslanan iqtisadiyyatın qurulmasına xüsusi önəm verir. Azərbaycan dünyada artan rəqabətə uyğun insan kapitalı formalaşdırmaqla rifaha nail olmağı prioritet kimi müəyyən edib. Bu məqsədlə ölkəmizdə rəqəmsal iqtisadiyyatın və texnologiyaların inkişafi üçün əlverişli infrastrukturun yaradılması istiqamətində sistemli  iş aparılır. Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin, Azərbaycanda Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Afiləedilmiş Mərkəzinin yaradılması da ölkəmizi yeni texnoloji rəqabət mühitində önə çıxarmaq məqsədindən irəli gəlir.

Rəqəmsal bacarıqların inkişafı, qabaqcıl texnologiyalar sahəsində biliklərin artırılması və əmək bazarında ixtisaslı kadrların hazırlanması 4SİM-in əsas fəaliyyət istiqamətlərindən biridir. Mərkəzin Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə birgə həyata keçirdiyi “4Sİ Akademiyası” bu baxımdan mühüm layihədir. 15 sentyabr 2023-cü il tarixində başlamış 1 illik pilot layihə çərçivəsində 10 min nəfər dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”dan ödənişsiz yararlanmaq imkanı əldə edib. İştirakçılara Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 nüfuzlu universitet, həmçinin “Microsoft”, “IBM”, “Meta” və “Google” kimi qabaqcıl şirkətlərin 4-cü sənaye inqilabı, rəqəmsal transformasiya, karyera inkişafı və dil biliklərinə dair 800-dək təlimi təklif olunub. Layihə yaşından və ixtisasından asılı olmayaraq istifadəçilər arasında rəğbətlə qarşılanıb.  İştirakçılar 32 min saatdan çox kurs dinləyiblər, təlimləri uğurla tamamlayanlar ümumilikdə 4200 beynəlxalq sertifikat əldə ediblər. Layihə 2024-cü ildə “Coursera” şirkəti tərəfindən “Üstün Nailiyyət Mükafatı 2024” müsabiqəsinin “Süni İntellekt İnnovasiyası” kateqoriyası üzrə qalibi olub.

4SİM 1 aprel 2025-ci il tarixindən etibarən Təhsilin İnkişafı Fondu ilə birgə “4Sİ Akademiyası” layihəsinin davamı olaraq “Milli Proqram”a start verib. Layihə çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin “Coursera” platformasında təlimlərdən ödənişsiz faydalanması nəzərdə tutulub. Azərbaycan vətəndaşları yaşından və məşğulluq vəziyyətindən asılı olmayaraq bu imkandan yararlana bilərlər. “Milli Proqram” iştirakçıları Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 8000-ə qədər təliminə giriş əldə edirlər. Proqram çərçivəsində “Coursera” platformasında ən çox müraciət olunan 2500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilində altyazı ilə müşayiət olunur.

Bununla yanaşı, idarəetmə sahəsində daim təkmilləşmə və effektivlilik əsas götürülərək insan kapitalının, kadr potensialının formalaşması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə də yeni layihələr həyata keçirilməkdədir. Məsələn,  "Yüksəliş" müsabiqəsi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri, yeni dövrə uyğun bilik və vərdişləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr bankının yaradılmasını təmin etmək məqsədilə atılmış mühüm addımdır. Bununla yanaşı, İqtisadiyyat Nazirliyində yüksək potensiallı ehtiyat kadrlar bazasının formalaşdırılmasında mövcud potensialdan səmərəli istifadə, peşəkarlıq səviyyəsinin artırılması, rotasiya, hərtərəfli inkişaf üçün şəraitin yaradılmasının təmin edilməsi, eləcə də idarəetmə sahəsində təcrübə mübadiləsinin təşkil edilməsində "Uğur yolu" karyera inkişaf proqramının həyata keçirilməsi xüsusi önəm kəsb edir.

Bu təşəbbüs və layihələr insan kapitalının davamlı inkişafına verilən önəmin göstəricisidir. Müasir çağırışlara cavab verən, rəqabətqabiliyyətli və innovativ düşüncəyə malik kadr potensialının formalaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Rəqəmsal bacarıqların artırılması, qabaqcıl təhsil imkanlarına çıxışın genişləndirilməsi, istedadlı şəxslərin müəyyənləşdirilməsi və onların inkişafına dəstək verilməsi insan kapitalının keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. Bu isə öz növbəsində ölkənin dayanıqlı inkişafı və iqtisadi tərəqqisi baxımından mühüm əhəmiyyət daşıyır.