Azərbaycan–BƏƏ Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA)
Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 9 iyul 2025-ci ildə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) imzalanıb.
CEPA 18 fəsil və onların əlavələrindən ibarətdir. Saziş iqtisadi şaxələnmə və rifahın artırılması, müasir çağırışlara cavab verən dayanıqlı, biliyə və innovasiyaya əsaslanan iqtisadi inkişaf üçün əhəmiyyətli baza yaradır.
Saziş çərçivəsində mal və xidmətlərin ticarəti üzrə bazara çıxış genişləndirilir, tərəflər arasında ticarətdə mal nomenklaturunun 90%-dən yuxarı hissəsi üzrə tariflər aradan qaldırılır. Bununla yanaşı, gömrük prosedurları sadələşdirilir, sanitariya və fitosanitar tədbirlər üzrə tələblər asanlaşdırılır, aydın mənşə qaydaları tətbiq edilir.
Qeyd edək ki, Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi (CEPA) tərəfdaş ölkələr arasında iqtisadi əməkdaşlığın və inteqrasiyanın dərinləşdirilməsinə xidmət edən geniş əhatəli ticarət sazişidir. Ənənəvi azad ticarət sazişlərindən fərqli olaraq, CEPA yalnız mallar üzrə tariflərin azaldılması və ya aradan qaldırılması ilə məhdudlaşmır, həmçinin xidmətlər ticarəti, investisiyalar, əqli mülkiyyət, rəqəmsal iqtisadiyyat, innovasiya və digər sahələr üzrə əməkdaşlığı əhatə edir. Sazişin əsas məqsədləri qarşılıqlı ticarət və investisiya axınlarının artırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, tarif və qeyri-tarif maneələrinin azaldılması, biznes mühitinin daha əlverişli və şəffaf şəkildə formalaşdırılmasıdır.