İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransı keçirilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Elşad Nuriyev KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan sənaye zonalarında ötən il görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə məlumat verib. Bildirilib ki, Agentlik 6 sənaye parkının (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 4 sənaye məhəlləsinin (Hacıqabul, Masallı, Neftçala və Sabirabad sənaye məhəllələri), 51 aqroparkın və Peşə Təhsil Mərkəzinin idarəedici təşkilatıdır.
İndiyədək sənaye zonaları üzrə 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsala başlayıb. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,47 milyard manatdan çox investisiya yatırılıb və 10300-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 460 milyon manata yaxın investisiyanın yatırılması və 4500-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 2,9 milyard manatlıq və ya 33%-ə yaxın hissəsi ixrac olunub.
2022-ci ildə İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 28 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 12-si Ağdam Sənaye Parkının, 2-si “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 3-ü Hacıqabul Sənaye Məhəlləsinin, 1-i Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb. Ötən il qeydiyyata alınmış rezidentlər tərəfindən 171 milyon manat investisiyanın yatırılması, 2400-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu rezidentlər tərəfindən sənaye zonalarında müxtəlif tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin, elektrik, havalandırma və yanğınsöndürmə avadanlıqlarının, tikinti kimyəvilərinin, yumşaq polimer qablaşdırma məhsullarının, müxtəlif metal məmulatların, dam örtüklərinin, avtomatlaşdırma və telemexanika sistemlərinin, divar kağızlarının, qanda şəkəri təyin edən cihaz (qlukometr) və striplərin və s. istehsalı layihələri həyata keçiriləcək.
2022-ci ildə sənaye zonalarının fəaliyyətdə olan rezidentləri tərəfindən ümumilikdə 2,9 milyard manat dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1,1 milyard manatlıq hissəsi ixracın payına düşür. 2021-ci illə müqayisədə ötən il satış 22,7%, ixrac isə 13% artıb. Ötən il sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7%, ixracında isə 29,5% olub.
2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında 4 müəssisənin (Çin kapitallı “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin keramik plitələrin istehsalı müəssisəsi, “AK Pack” MMC-nin mat və parlaq ambalaj istehsalı müəssisəsi, "Novus Plastica" MMC-nin polimer məhsullarının emalı müəssisəsi, “UPI - Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsullarının (qofro karton, zərf, fayl və s.) istehsalı müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır. Ümumi investisiya həcmi 90 milyon manatdan çox olan bu müəssisələrdə 600-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonalarında istehsal olunan məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi altında dünyanın 50-dən çox ölkəsinə (Kanada, ABŞ, BƏƏ, Avstriya, Çexiya, Braziliya, Almaniya, İtaliya, Hindistan, Çin, Tayvan, İsrail, İspaniya və s.) ixrac edilib.
Media nümayəndələrinə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib. Bildirilib ki, 2022-ci ildə Ağdam Sənaye Parkında 12 sahibkarlıq subyektinə rezidentlik, 3 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 66 milyon manatdan çox investisiya yatırılması və 800-dən çox iş yerinin yaradılacağı nəzərdə tutulur. Sənaye Parkında ilk müəssisələrin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.
200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının hazırda 2 rezidenti və 1 qeyri-rezidenti var. Rezidentlər tərəfindən 17,8 milyon manat investisiya yatırılması, 250-dən artıq iş yerinin yaradılması gözlənilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında ilk müəssisənin 2023-cü ilin sonlarında fəaliyyətə başlaması nəzərdə tutulur.
Media nümayəndələrinin diqqətə çatdırılıb ki, sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli biznes mühiti formalaşdırılıb. Belə ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunurlar. ƏDV və gömrük güzəştlərinin tətbiqi nəticəsində İZİA-nın idarəçiliyində olan sənaye parklarının rezidentləri indiyədək 436,4 milyon manatdan çox vəsaitə qənaət ediblər.
Sənaye zonalarında sahibkarlar üçün yaradılmış əlverişli mühit investisiya cəlbediciliyini daha da artırır. Bunun nəticəsidir ki, İqtisadi Zonaların İnkişafı Agentliyində hazırda 50-dək (kompozit armatur və şəbəkələrin, dərman vasitələri və qida əlavələrinin, ayaqqabıların, mebellərin, boru və qutu profillərin, xüsusi təyinatlı texnikaların və s. istehsalı) layihəyə baxılır.
Sonra KİV nümayəndələrinə Agentliyin idarəçiliyində olan aqroparklar, burada görülmüş işlər və qarşıda duran hədəflər barədə məlumat verilib.
Qeyd edilib ki, hazırda respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə 51 aqroparkın yaradılması üzrə işlər davam etdirilir. Aqroparkların 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. Bu aqroparklardan 44-ü artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və tikinti işləri aparılır. Aqroparkların ümumi layihə dəyəri 2,4 mlrd. manat təşkil edir, bunun da artıq 1,4 mlrd. manatı layihələrin reallaşdırılmasına yatırılıb.
Aqroparklar ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, məşğulluq səviyyəsinin artırılmasında da önəmli rol oynayır. Hazırda aqroparklarda 4600-dən çox insan daimi işlə təmin edilib, 5200 nəfərdən çox insan isə mövsümi işlərə cəlb edilib. Gələcəkdə əlavə 4700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
2021-2022-ci illərdə aqroparkların əkin dövriyyəsinə cəlb olunmuş 127,2 min hektar torpaq sahəsinin 80,1 min hektarı suvarılan ərazilərdir ki, bunun da 55,4 min hektarında (67%) mütərəqqi suvarma sistemləri qurulub.
Aqroparkların 8256 min hektar ərazisində yeni intensiv və superintensiv meyvə bağları salınıb.
2022-ci ildə aqroparklarda 152 min ton buğda, 71 min ton arpa, 70 min ton dən qarğıdalı, 177 min ton şəkər çuğunduru, 26 min ton kartof, 1,9 min ton soya, 31 min ton pambıq, 57 min ton silos üçün qarğıdalı və 18 min ton yonca istehsal olunub.
İnnovativ texnologiyalar tətbiq edən aqroparklarda hər hektara düşən orta məhsuldarlıq arpa və buğda üzrə 6-7 ton/ha, qarğıdalı üzrə 12-15 ton/ha, şəkər çuğunduru üzrə isə 80 ton/ha təşkil edib. Bundan əlavə aqroparklarda taxıl məhsullarının tədarükü, saxlanması və satışı üçün 493 min kub metr tutumunda taxıl anbarı kompleksləri mövcuddur ki, bu da ölkədə olan müasir taxıl anbarlarının 24%-ni təşkil edir.
Fəaliyyətə başlamış aqroparklardan 10-u ətlik və südlük istiqamətli heyvandarlıq məhsulları istehsal edir. Bu aqroparklarda 2022-ci ildə 36,9 min ton süd və 2,3 min ton ət istehsal olunub.
Aqroparklara zəruri xarici infrastrukturun yaradılması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi ilə dövlət tərəfindən dəstək tədbirləri həyata keçirilir. Belə ki, indiyədək 25 aqroparkın yaradılmasına Sahibkarlığın İnkişafı Fondu tərəfindən 195 milyon manat güzəştli kredit verilib. Bununla yanaşı, investisiya təşviqi sənədi verilmiş 27 aqropark texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 44,7 milyon manat dəyərində güzəşt əldə edib.
Bunlarla yanaşı, ötən il dövlət tərəfindən aqroparkların yaradılması üzrə işlər də davam etdirilib. Belə ki, “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası” pilot layihəsi çərçivəsində Yevlax rayonu ərazisində 100-dən artıq kiçik və orta fermerlərin cəlb olunması ilə Yevlax Pilot Aqroparkı yaradılıb. Aqroparka 100 milyon manatdan çox özəl investisiyanın qoyulması, 500 daimi və 1000-dən dən çox işçinin isə mövsümü işlərə cəlb edilməsi nəzərdə tutulur. Artıq Yevlax Pilot Aqroparkın ilk rezidenti olan “İSFA” MMC-yə ayrılmış ərazinin 10 hektarında müasir suvarma sistemlərinin tətbiqi ilə tez yetişən gilas, nektarin, şaftalı, alça və ərik tingləri, həmçinin tingçilik üçün ayrılmış ərazidə 500 min ədəd tingin calaqaltısı əkilib. “İSFA” MMC daxili bazarda satış ilə yanaşı, ting ixracını da həyata keçirəcək.
Sabirabad rayonunda “Orta fermer təsərrüfatının aqrar-sənaye klasterinə inteqrasiyası” layihəsi çərçivəsində yeni pilot aqroparkların yaradılması üzrə işlər davam etdirilir. Aqroparkda 41 milyon manat özəl investisiyanın qoyulması ilə 725 işçinin işlərə cəlb edilməsi nəzərdə tutulur.
KİV nümayəndələrinə məlumat verilib ki, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Özbəkistanın biznes assosiasiyaları arasında ipəkçiliyin və baramaçılığın, həmçinin pambıqçılığın və tekstil sənayesinin inkişafına dair əməkdaşlıq memorandumları imzalanıb. Birgə əməkdaşlıq çərçivəsində iqtisadi zonalarda pambıqçılıq və ipəkçilik klasterlərinin yaradılması planlaşdırılır.
Qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”yə uyğun olaraq hazırda aqroparkların reyestrinin aparılması, həmçinin onları təmsil edən hüquqi və fiziki şəxslərə aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsinin verilməsi ilə bağlı işlər aparılır. Reyestrinin aparılması ilkin mərhələdə nəzərdə tutulan aqroparklar və onların rezidentləri üzrə işlərin 2023-cü ilin fevral ayının sonunadək yekunlaşdırılması planlaşdırılır. Aqroparkların gələcək fəaliyyətində əsas hədəflərdən biri müxtəlif istiqamətlərdə klasterləşmə modelinin tətbiqidir. Aqrar-sənaye klasterlərinin təşkili yerli məhsulların rəqabətqabiliyyətliliyinin və ixracının artırılmasına, milli brendlərin və əlaqələndirilmiş vahid sistemin formalaşmasına, məhsulun istehsalına çəkilən xərclərin azalmasına əlavə imkanlar yaradacaq.
Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.