Sənayeləşmə siyasətinə uyğun olaraq, ölkəmizdə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri yaradılır, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artır, ixrac imkanları genişlənir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında təməli qoyulmuş "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı müəssisələri də istehsalın və ixracın genişlənməsinə təkan verəcək istehsal sahələrindəndir.
Hazırda bu müəssisələrdə layihələndirmə işləri tamamlanıb, tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda istehsal prosesində istifadə ediləcək avadanlıqların idxalına başlanılıb və bu istiqamətdə işlər davam etdirilir. "Glassica" QSC-də Almaniya, "Azərsulfat" MMC-də isə Çin texnologiyalarından istifadə ediləcək. Şüşə tara məhsullarının istehsalı müəssisəsinin investisiya dəyəri 12 milyon ABŞ dollarıdır, bunun artıq 7 milyon dollarlıq hissəsi layihənin reallaşdırılmasına yatırılıb və tikinti-quraşdırma işlərinin 75%-i yerinə yetirilib.
Sulfat turşusu istehsalı müəssisəsinin investisiya dəyəri isə 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.
Müəssisələrdə ümumilikdə 200-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Hər iki müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.
Sulfat turşusu və şüşə tara məhsullarının istehsalı müəssisələri idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqlar.