Dekabrın 10-da İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri üçün Sumqayıt Kimya Sənaye Parkına info-tur təşkil edilib.
İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifələrini icra edən Elşad Nuriyev media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən sənaye zonaları haqqında məlumat verib.
Bildirilib ki, hazırda ölkədə 7 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı, Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları) və 5 sənaye məhəlləsi (Sabirabad, Masallı, Neftçala, Hacıqabul və Şərur sənaye məhəllələri) mövcuddur.
Sənaye zonaları üzrə indiyədək 89 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 55-i istehsal fəaliyyətinə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6,2 milyard manatdan çox investisiya yatırılıb və 9.500-dək iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə sənaye zonalarına əlavə 400 milyon manat investisiyanın yatırılması və 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Sənaye zonaları üzrə indiyədək ümumilikdə 5 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 1,4 milyard manatı və ya təxminən 28%-i ixrac olunub.
Media nümayəndələrinə Sumqayıt Kimya Sənaye Parkında görülmüş işlər barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, Sumqayıt Kimya Sənaye Parkı cənubi Qafqazın ən böyük sənaye parkıdır və ərazisi 583,5 hektar təşkil edir. Sənaye Parkının hazırda 25 rezidenti var və bunlardan da 17-si fəaliyyət göstərir.
İndiyədək Sənaye Parkına rezidentlər tərəfindən 3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və 5700-dək insan daimi işlə təmin olunub. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə olaraq 312 milyon manat investisiyanın qoyulması və 1300-dək yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən bugünədək 3,9 milyard manatlıq satış həyata keçirilib ki, bunun da 1,3 milyard manatlıq hissəsi - təqribən 33%-i ixracın payına düşür.
2020-ci ilin 9 ayında sənaye parkının rezidentləri tərəfindən 892 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2021-ci ilin 9 ayında 61,8% daha çox, yəni 1,4 milyard manatlıq məhsul istehsal olunub (2020-ci ili 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında istehsal 2,2 dəfə artıb).
Eyni zamanda, 2020-ci ilin 9 ayında sənaye parkının rezidentləri tərəfindən 251 milyon manatlıq məhsul ixrac edilmişdisə, 2021-ci ilin 9 ayında 115,5% daha çox, yəni 541 milyon manatlıq ixrac həyata keçirilib (2020-ci ili 9 ayı ilə müqayisədə 2021-ci ilin 9 ayında ixrac 1,6 dəfə artıb).
2021-ci ilin 9 ayında 892 milyon manatlıq məhsul istehsalı ilə Sumqayıt Kimya Sənaye Parkının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 13,4%, qeyri-neft sənaye məhsullarının ixracında 25,7% (541 mln. manat) olub.
Qeyd edilib ki, 2021-ci ildə Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin ("Azerfloat" QSC-nin termoformasiya metodu ilə vərəqə şüşə istehsalı və "Azmonbat" MMC-nin akkumulyator batareyalarının utilizasiyası müəssisələri) açılış, 3 müəssisənin ("Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı, "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı və "Universal Packing İndustry" QSC-nin məişət təyinatli malların qablaşdırılmasında istifadə olunan qofri karton, diplomat zərf, fayl və başqa bu kimi məhsulların istehsalı müəssisələri) isə təməlqoyma mərasimi keçirilib, 2 yeni investora ("Azeka BM" MMC-nin boya sənayesində və məişət məhsullarının istehsalında istifadə olunan üyüdülmüş kalsit istehsalı və "Azərbaycan Vanhong Ceramics Co." MMC-nin keramik plitələr istehsal edəcək müəssisələri) isə rezidentlik statusu verilib. Hazırda Sumqayıt Kimya Sənaye Parkında əvvəlki dövrlərdə idxal hesabına təmin edilən azot gübrəsi, polimerlər, ferroərintilər, tütün məmulatları, aqrokimyəvi məhsullar, sənaye istifadəsi üçün torbalar, tibbi maskalar, şüşə lövhələr digər yeni məhsullar istehsal edilir. Bu məhsullar ölkədə daxili tələbatın ödənilməsi ilə yanaşı, “Made In Azerbaijan” brendi altında dünyanın 30-dan çox ölkəsinə ixrac edilir.
Media mənsublarına Azərbaycan Respublikası Prezidentinin fərmanları əsasında yaradılmış Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, Ağdam Sənaye Parkı 190 ha ərazini əhatə edir və artıq 74 ha ərazi minalardan təmizlənib. Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu qazılıb. Əraziyə 10 kV-luq elektrik xətti çəkilib və ərazidə 630 kV-luq komplekt transformator məntəqəsi (KTM) quraşdırılıb. Belə ki, işğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində quraşdırılıb. Sosial zonada konteyner tipli yataqxana (40 nəfərlik), tibb məntəqəsi, ofis, ərzaq və təsərrüfat marketləri, aptek, yeməkxana, camaşırxana və s. inşa olunub. Sosial zonaya asfalt yol çəkilib və abadlıq işləri aparılıb. Sənaye Parkının işıqlandırılmasında günəş enerjisindən qidalanan panellərdən istifadə edilir. Rahatlılığın təmin edilməsi məqsədi ilə söhbətgahlar yerləşdirilib. Bundan başqa, sənaye parkının ərazisində Kapital Bankın bankomatı (ATM) və ödəniş terminalları quraşdırılıb. Hazırda Ağdam Sənaye Parkında müxtəlif çeşidli sintetik xalça istehsalı, uniforma, xüsusi və fərdi geyimlərin istehsalı, polimer məhsulların istehsalı, günəş enerjisi ilə qidalanan işıq dirəkləri və xüsusi dam örtüklərinin istehsalı, prefabrik dəmir-beton məmulatlarının istehsalı üzrə ümumi 5 potensial layihəyə baxılır ki, bu layihələr üzrə 1100 nəfərdən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Daha sonra KİV nümayəndələrinə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı haqqında məlumat verilərək, qeyd edilib ki, Sənaye Parkı 200 hektar ərazini əhatə edir və hazırda ərazinin minalardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Bu günə kimi 130 hektardan (65 faizdən çox hissəsi) çox ərazi minlardan təmizlənib. Sənaye Parkının konseptual planı hazırlanıb. Rezidentlər lazım olan bütün infrastruktur sistemi ilə təmin ediləcək. Tezliklə Sənaye parkında sosial zonanın təşkili üçün konteynerlərin quraşdırılmasına başlanılacaq.
Sonda media nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ərazisində görülmüş işlərlə və Parkın rezidenti "Azərsulfat" MMC-nin sulfat turşusu istehsalı müəssisəsində gedən tikinti-quraşdırma işləri ilə tanış olublar. "Azərsulfat" MMC-nin direktoru Emil Quliyev KİV nümayəndələrinə bildirib ki, 18 yanvar 2021-ci ildə ölkə başçısının iştirakı ilə təməli qoyulmuş sulfat turşusu istehsalı müəssisəsində hazırda tikinti-quraşdırma işləri aparılır. Müəssisəsinin investisiya dəyəri 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 2,9 milyon dollar sərmayə qoyulub və işlərin 60%-i tamamlanıb.
Müəssisənin 2022-ci ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır və burada 40-a yaxın daimi iş yeri yaradılacaq.