Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında keçiriləcək İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda dünyanın aparıcı investorlarının, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrinin, biznes liderlərinin iştirakı ilə önəmli sahələrə investisiyaların yatırılması müzakirə olunacaq.
25–26 sentyabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək. İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, Avropa Evi – “Ambrosetti”nin strateji tərəfdaşlığı ilə keçiriləcək Forum “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusuna həsr olunacaq.
Qeyd edək ki, ötən ilin sentyabrında keçirilən Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda 1000-dən çox iştirakçı bir araya gəlib, ümumi dəyəri 10 milyard ABŞ dollarından çox olan investisiya sazişləri imzalanıb. Sazişlərin 7 milyard ABŞ dollarından çoxu qeyri-neft sektorunu əhatə edib.
Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, təchizat zəncirlərinin yenidən formalaşması, yeni nəqliyyat və enerji marşrutlarının yaranması, texnologiya və süni intellektin iqtisadi proseslərə təsirinin artması investisiya gündəliyinə də yeni yanaşmalar gətirir. Bu şəraitdə Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən strateji mövqeyi onun regional və qlobal bağlantılarda rolunu daha da artırır.
Forum dünyanın aparıcı investorlarını, dövlət və beynəlxalq maliyyə institutlarının nümayəndələrini, biznes liderlərini bir araya gətirəcək. Plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar müzakirə olunacaq.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu yeni tərəfdaşlıqların qurulması, investisiyaların cəlb edilməsi və iqtisadi imkanların genişləndirilməsi baxımından mühüm beynəlxalq tədbirdir. Forum çərçivəsində konkret layihələr üzrə tərəfdaşlıqların qurulması və qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq mexanizmlərinin formalaşdırılması diqqət mərkəzində olacaq.
Azərbaycanın dayanıqlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyi və əlverişli biznes mühiti investorlar üçün etibarlı və proqnozlaşdırılan imkanlar yaradır. Ölkəmiz texnologiya, investisiya və bilik gətirən layihələrin həyata keçirilməsində maraqlıdır və bu istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırdır.
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun yeni ideya və təşəbbüslərin konkret layihələrə çevrilməsinə, xarici investorlarla əməkdaşlığın genişlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyi gözlənilir.