Dekabrın 10-da Bakı Konqres Mərkəzində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Gənclər Fondunun, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə Gənc Sahibkarların II Forumu keçirilib.
Forumda müvafiq dövlət qurumlarının və gənclər sahəsində fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahəyə maraq göstərən gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti, bu sahədə görülən işlər barədə məlumat verib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi üçün yaradılmış imkanlar və bu sahədə KOBİA-nın xidmətləri barədə fikirlərini bölüşüb, forumun əhəmiyyətini vurğulayıb.
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qurumun fəaliyyəti və sahibkarlara göstərilən dəstək barədə danışıb.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qurum tərəfindən gənclərin bilik və bacarıqlarının inkişafı, eləcə də müvafiq təşəbbüs və layihələrin müxtəlif formalarda dəstəklənməsi məqsədilə görülən işlər barədə iştirakçıları məlumatlandırıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili gənc sahibkarların layihələrinin, sosial sahibkarlığın inkişafının və gənclərin yüksək texnologiyalar sahəsindəki təşəbbüslərinin ölkə iqtisadiyyatı üçün əhəmiyyətini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli özünüməşğulluq proqramının gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün önəmini vurğulayıb, rəhbərlik etdiyi qurumun özünüməşğulluğun təmin edilməsi istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.
KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov Forumun gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, onların dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılması, fikir və təkliflərinin öyrənilməsi məqsədilə təşkil olunduğunu və artıq ikinci dəfədir ki, keçirildiyini diqqətə çatdırıb.
Tədbir çərçivəsində təşkil olunan panel müzakirələrdə Gənclər və İdman Nazirliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, KOBİA-nın, Dövlət Məşğulluq Agentliyinin və Azərbaycan Gənclər Fondunun məsul əməkdaşları iştirakçıları maraqlandıran sualları cavablandırıblar.
Forumda həmçinin, gənc sahibkarlar biznesin qurulmasına dair uğurlu təcrübələrini, bu sahənin inkişafına töhfə verə biləcək tədbirlər barədə fikirlərini bölüşüblər.