Dekabrın 14-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Gürcüstan Respublikasının İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Gürcüstanın Ticarət və Sənaye Palatası və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə 6-cı Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumu keçirilib.
Tədbirdə rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox iş adamı iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına və genişləndirilməsinə xüsusi önəm verdiyini, artıq 6-cı dəfədir ki, üçtərəfli formatda keçirilən biznes forumun Azərbaycan, Türkiyə və Gürcüstan arasındakı birliyi və dostluğu nümayiş etdirdiyini qeyd edib.
Azərbaycanın qazandığı böyük Zəfəri, torpaqlarımızın işğaldan azad olunmasını vurğulayan İqtisadiyyat naziri Türkiyənin hər zaman ölkəmizə güclü siyasi-mənəvi dəstək verməsinin, Gürcüstanın qonşuluq və tərəfdaşlıq münasibətlərinə daim etimad göstərməsinin ölkəmizdə yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Qarabağ münaqişəsinin bitməsi ilə yeni çoxşaxəli regional əməkdaşlıq platformasının qurulması, hər bir ölkənin bu prosesdən yararlanması üçün əlverişli imkanlar açılıb.
Tədbirdə qardaş Türkiyə ilə iqtisadi əlaqələr barədə məlumat verilib, ölkələrimiz arasında yüksək səviyyəli strateji əməkdaşlıq, qardaşlıq və tərəfdaşlıq münasibətləri vurğulanıb. Bildirilib ki, 15 iyun 2021-ci il tarixində dövlət başçıları tərəfindən imzalanan Şuşa Bəyannaməsi əməkdaşlığımızın dərinləşdirilməsi üçün yeni perspektivlər açır. İqtisadiyyat naziri Türkiyənin ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu, bu il qüvvəyə minən Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər aparıldığını, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda təsis olunacaq Ticarət Nümayəndəliyinin əməkdaşlığının dərinləşdirilməsinə töhfə verəcəyini qeyd edib.
Azərbaycanın Gürcüstanla iqtisadi əlaqələrindən danışan nazir pandemiyanın yaratdığı məhdudiyyətlərə baxmayaraq, əsas ticarət tərəfdaşlarından olan Gürcüstanla qarşılıqlı ticarət dövriyyəsinin 2021-ci ilin yanvar-oktyabr aylarında 33% artdığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdəndir. Hazırda ölkələrimiz arasında ticarət və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsi, gömrük-sərhəd buraxılışının sadələşdirilməsi istiqamətində işlər aparılır.
Qeyd olunub ki, regional əməkdaşlıq hər üç ölkəyə böyük fayda gətirir, birgə həyata keçirilən iri infrastruktur layihələri, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu, Cənub Qaz Dəhlizi Azərbaycan-Gürcüstan-Türkiyə uğurlu əməkdaşlığının nümunələridir.
Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensial mövcuddur. Biznes forum çərçivəsində müzakirə edilən məsələlər və aparılan danışıqlar dost ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin, iş adamları arasında işgüzar tərəfdaşlığın inkişafında əhəmiyyətli olacaqdır. Tədbirdə həmçinin, azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri, Ələt Azad İqtisadi Zonası və Zəngəzur dəhlizinin regional əməkdaşlıq üçün üstünlükləri barədə məlumat verilib. Bildirilib ki, bu günədək işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərmək üçün 921 müraciət daxil olub ki, bunların 283-ü xarici şirkətlərin payına düşür. Həmçinin, Qarabağda yeni yaradılmış Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarına da böyük maraq var.
Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılmış əlverişli investisiya və biznes mühiti barədə danışan iqtisadiyyat naziri qeyd edib ki, ÜDM-də özəl sektorun payı 80%-dən yuxarıdır. Son 10 ildə ölkə iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyaların həcmi 57 milyard ABŞ dolları təşkil edir. 2021-ci ilin 11 ayı ərzində ÜDM 5,3%, qeyri-neft sektoru 6,4%, qeyri-neft ixracı 44% artıb.
Türkiyənin ticarət naziri Mehmet Muş üçtərəfli əməkdaşlığın regional inteqrasiyaya və xalqlarımızın rifahına töhfə verdiyini vurğulayıb, iqtisadi-ticarət əməkdaşlığının inkişafı mexanizmlərinin genişləndiriliməsinin, tərəfdaşlığımızın gücləndirilməsi üçün iqtisadi potensialımızın tam həcmdə reallaşdırılmasının önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycandakı əlverişli biznes və investisiya mühiti Türkiyə şirkətlərinin uğurla fəaliyyət göstərməsinə şərait yaradır.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəmizin və Türkiyənin Gürcüstanın əsas ticarət tərəfdaşlarından olduğunu bildirib. Gürcüstan iqtisadiyyatı barədə məlumat verən Natia Turnava yeni birgə təşəbbüslərin və layihələrin reallaşdırılmasının regional əməkdaşlığı genişləndirməklə, özəl sektorun təşviqinə töhfə verəcəyini qeyd edib.
Tədbirdə AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Gürcüstan Ticarət və Sənaye Palatasının Prezidenti Georgi Pertaia, Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun sədri Nail Olpak biznes dairələri arasında əməkdaşlığın inkişafı istiqamətində görülən işlər, nəzərdə tutulan tədbirlər barədə məlumat veriblər.
Biznes forum çərçivəsində AZPROMO və Gürcüstan Ticarət və Sənaye Palatası (GCCİ), Azərbaycan Ticarət və Sənaye Palatası ilə GCCİ, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Gürcüstanın Azərbaycanlı İş Adamları Birliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi ilə Türkiyə Metal Sənayeçiləri Birliyi (MESS) arasında anlaşma memorandumları, həmçinin "AzŞəkər" və "AgroBay Seracılık İthalat Sanayi ve Ticaret" şirkəti arasında razılaşma memorandumu imzalanıb.
Tədbir iş adamlarının ikitərəfli görüşləri ilə davam edib.
Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunun iştirakçıları Ələt Azad İqtisadi Zonasına və Sumqayıt Kimya Sənaye Parkına səfər edib, biznes və investisiya imkanları ilə tanış olublar.