Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması və müxtəlif sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumçin Sənaye və Kommersiya Federasiyasının (ACFIC) icraçı sədr müavini xanım Şen Yinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bildirilib ki, Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvə görüşü çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyub, ticarət, investisiya və özəl sektoun əməkdaşlığı üçün yeni imkanlar açıb.
Qonaqlara Azərbaycanda investorlar üçün yaradılmış əlverilşli biznes və investisiya mühiti barədə məlumat verilib. Bildirilib ki, Çin şirkətləri ilə investisiya, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə uğurlu əməkdaşlıq edilir, ticarət dövriyyəsi artır. Azərbyacanın Çindəki Ticarət Nümayəndəliyinin fəaliyyəti nəticəsində bir sıra Azərbaycan məhsulları Çin bazarında tanınır. Bununla belə, Azərbaycan şirkətlərinin Çində keçirilən sərgi və forumlarda daha fəal iştirakı üçün səylərin artırılması, həmçinin Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatına olan marağı nəzərə alınaraq, hər iki ölkənin aidiyyəti qurumlarının bu istiqamətdə aktiv əməkdaşlıq etməsi vacibdir.
Vurğulanıb ki, Çin şirkətləri Azərbaycanın sənaye zonalarında, o cümlədən Ələt Azad İqtisadi Zonasında, həmçinin işğaldan azad edilmiş ərazilərdə infrastruktur, nəqliyyat və digər sahələrdə fəaliyyət göstərə bilərlər.
Görüşdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, işgüzar dairələrin tərəfdaşlığı genişləndirməsi, o cümlədən turizm, İT, innovasiya, fintech və s. sahələrdə əməkdaşlıq perspektivləri vurğulanıb. Özəl sektorda fəaliyyət göstərən Çin şirkətləri tərəfindən Azərbaycana investisiya yatırılması, birgə layihələrin icrası, Ümumçin Sənaye və Kommersiya Federasiyasının bu istiqamətdə təşəbbüsləri dəstəkləməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.