BMT-nin İqtisadi və Sosial Şurasının himayəsi altında keçirilmiş Yüksək Səviyyəli Siyasi Forumun Nazirlər Seqmentində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov video formatda çıxış edib.
“Koronavirus pandemiyasından (COVID-19) səmərəli bərpanın və 2030-cu ilədək Dayanıqlı İnkişaf Gündəliyinin tam icrasının təşviqinin paralel aparılması” mövzusuna həsr olunmuş Forum çərçivəsində BMT-yə üzv ölkələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrası və 2023-cü ildə keçirilməsi nəzərdə tutulan DİM üzrə Zirvə toplantısına hazırlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar barədə məlumat verib, DİM-lər üzrə öhdəliklərin həyata keçirilməsinin əsas prioritetlərdən olduğunu və ölkəmizin 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyə qoşulduğu ötən 6 il ərzində qəbul olunmuş 30-dan çox dövlət proqramı və strategiyanın DİM-lərə uyğunlaşdırıldığını diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində sosial-iqtisadi və ətraf mühitin inkişafı istiqamətində müəyyənləşdirilmiş beş milli prioritet DİM-lərlə sıx uzlaşır. Vurğulanıb ki, ölkəmiz DİM-lərin icrası üzrə dünyada 10 ölkədən biri və regionda ilk ölkə olaraq 3 dəfə Könüllü Milli Hesabatını Yüksək Səviyyəli Siyasi Foruma təqdim edib.
Nazir müavini həmçinin, bəşəriyyətin koronavirus pandemiyası ilə mübarizə apardığı bir dövrdə, DİM-lərə nail olunması və pandemiyanın fəsadlarının aradan qaldırılması məqsədilə həyata keçirilən dəstək tədbirləri və beynəlxalq əməkdaşlıq barədə məlumat verib.
Forumda çıxış edən İqtisadiyyat Nazirliyinin Dayanıqlı inkişaf və sosial siyasət şöbəsinin müdiri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynov DİM-lər üzrə tematik mövzulara uyğun olaraq, Azərbaycanda təhsil sisteminin inkişafı, pandemiya dövründə təhsilə əlçatanlığın artırılması üçün elektron təhsil sisteminin tətbiqi, gender bərabərliyinə nail olunması istiqamətində atılan addımlar, qadın sahibkarlığının dəstəklənməsi sahəsində görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərimizdə ekoloji problemlərin aradan qaldırılması əsas prioritetlərdəndir. Forumda bu ərazilərin bərpasının “ağıllı şəhər” konsepsiyası əsasında həyata keçirildiyi diqqətə çatdırılıb, beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlq vurğulanıb.