İqtisadiyyat naziri OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşüb

Əlcəzairdə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin OPEC Beynəlxalq İnkişaf Fondunun prezidenti ilə görüşündə dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələlər müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında iştirak etmək məqsədilə Əlcəzair Xalq Demokratik Respublikasında səfərdədir.

İllik Toplantı çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Beynəlxalq İnkişaf Fondunun prezidenti Əbdülhəmid Əlxəlifə ilə görüş keçirilib.

Görüşdə OPEC Fondu ilə Azərbaycan arasında mövcud əlaqələr yüksək qiymətləndirilib və bu əməkdaşlığın daha da gücləndirilməsi üçün birgə imkanların araşdırılmasının önəmi vurğulanıb. Regional və beynəlxalq iqtisadi inkişaf məqsədləri çərçivəsində tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.

Tərəflər dayanıqlı inkişaf, resursların səmərəli istifadəsi və gündəlikdə olan digər məsələləri müzakirə edib, infrastruktur layihələri çərçivəsində birgə fəaliyyət imkanlarını dəyərləndiriblər.