Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi (JICA) Yaponiya Hökuməti adından inkişaf etməkdə olan ölkələrdə iqtisadi və sosial inkişafı dəstəkləyən müstəqil Agentlikdir. JICA 1974-cü ildə təsis edilmişdir. Baş ofisi Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşir. JICA-nın Prezidenti 2015-ci ilin oktyabr ayından etibarən Tanaka Akihikodur. 2008-ci ilin oktyabr ayında Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankı ilə birləşdikdən sonra JICA texniki yardımlarla yanaşı güzəştli kreditlərin ayrılması fəaliyyətinə başlamışdır. Yaponiyanın inzibati islahatları nəticəsində Hökumətin xüsusi dövlət institutundan müstəqil inzibati instituta çevrilmiş JICA Yaponiyanın ODA (Official Development Assistance – Rəsmi İnkişafa Yardım) proqramı çərçivəsində inkişaf etməkdə olan ölkələrə kənd təsərrüfatı, sosial infrastrukturun inkişafı, su və enerji təchizatı üzrə maliyyə yardımı göstərir.
Hazırda JICA 150-dən çox ölkədə fəaliyyət göstərir, 97 ölkədə əlaqələndirmə ofisi vardır. JICA Azərbaycanla əməkdaşlığa 1998-ci ildən başlamışdır. JICA-nın Azərbaycanda Korrespondent Ofisi 2009-cu ilin sentyabr ayından fəaliyyət göstərir.