
Ümumdünya Ticarət Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılmışdır. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 166 üzvü vardır. Bundan başqa, 23 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması, bununla da iqtisadi inkişafın artırılması və insanların həyat səviyyəsinin yaxşılaşdırılmasıdır.
Təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsidir.
Azərbaycan və ÜTT, çoxtərəfli və ikitərəfli danışıqlar
Azərbaycan Respublikasının ÜTT-yə üzv olma niyyətini əks etdirən müraciət 1997-ci ildə ÜTT Katibliyinə təqdim edilmiş və 16 iyul 1997-ci ildə Azərbaycan üzrə ÜTT katibliyində İşçi Qrup yaradılmışdır. Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar qeyd edilən İşçi Qrup çərçivəsində aparılır. İşçi Qrupun 1-ci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub.
2024-cü ilin 26 sentyabr tarixində ÜTT Katibliyində Azərbaycan üzrə işçi qrupun 16-cı iclası, 27 sentyabr tarixində isə kənd təsərrüfatı üzrə qeyri-formal çoxtərəfli görüş baş tutmuşdur. Hazırda 17-ci iclasa hazırlıq məqsədilə müvafiq sənədlər ÜTT Katibliyinə göndərilmişdir.
Azərbaycan Respublikası ÜTT-yə üzv olma prosesində həm də ikitərəfli danışıqlar aparır. Danışıqlar zamanı Azərbaycanın mal və xidmətlər bazarına çıxışa dair məsələlər müzakirə olunur, xüsusi əhəmiyyət kəsb edən sahələrin qorunması ilə bağlı zəruri tədbirlər görülür.
İkitərəfli danışıqlar nəticəsində ilk protokol 2007-ci ildə Türkiyə, 2008-ci ildə Oman və Birləşmiş Ərəb Əmirlikləri, 2010-cu ildə Gürcüstan, 2012-ci ildə Qırğız Respublikası, 2024-cü ildə Yaponiya, 2025-ci ildə Honduras Respublikası, 2026-cı ildə isə Çin Xalq Respublikası və Dominikan Respublikası ilə imzalanıb.
Bundan əlavə bugünədək Tailand ilə ekspert səviyyəsində danışıqlar bitirilimiş və ikitərəfli protokolun imzalanmasına dair razılıq əldə olunmuşdur. Hazırda imzalanma üçün zəruri dövlətdaxili prosedurlar həyata keçirilir.
Eyni zamanda, 2026-cı ilin 6-10 iyul tarixlərində bir sıra ölkələrə mallar və xidmətlər üzrə ÜTT Katibliyində ikitərəfli danışıqlar aparılmışdır.
Qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması
Azərbaycan Respublikası Prezidentinin 2 avqust 2006-cı il tarixli 1583 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Tədbirlər Planı"nda 39 normativ-hüquqi sənədin ÜTT tələblərinə uyğunlaşdırılması nəzərdə tutulub. Bu istiqamətdə "Bitki karantini haqqında" və "Bitki mühafizəsi haqqında" qanunlar qüvvədən düşüb və 18 normativ-hüquqi sənəd qəbul edilib. 10 sənədin isə layihəsi hazırlanaraq aidiyyəti orqanlarla razılaşdırılıb, həmçinin "Standartlaşdırma haqqında" Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli Qanunu , "Texniki tənzimləmə haqqında" Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli Qanunu və “Qida təhlükəsizliyi haqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli Qanunu qəbul edilib. Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1051-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Rəqabət Məcəlləsi qəbul edilmişdir. Bundan başqa 10 layihənin hazırlanması nəzərdə tutulur.
Azərbaycanın ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə komissiyanın fəaliyyəti
ÜTT-yə üzvolma prosesinin sürətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2003-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiya yaradılib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Komissiyanın yeni tərkibi təsdiq edilib. Komissiyanın tərkibi aidiyyəti nazirliklərin nazir müavinləri, dövlət komitə və agentliklərinin rəhbər işçilərindən ibarətdir. Komissiyanın yeni sədri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov təyin olunmuşdur. Bu günədək Komissiyanın 12 iclası keçirilmiş, sonuncu iclas isə 5 dekabr 2025-ci il tarixində Komissiyaya üzv olan və digər aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birgə təşkil olunmuşdur.
Maarifləndirmə tədbirləri
ÜTT-yə üzvlük prosesi ilə bağlı cəmiyyətin məlumatlandırılması və maarifləndirilməsinə xüsusi önəm verilir. Bu istiqamətdə İqtisadiyyat Nazirliyinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə ÜTT-yə həsr olunmuş dəyirmi masalar təşkil olunub, ÜTT haqqında broşürlər çap olunaraq universitetlər, kitabxanalar, iş adamları və qeyri-hökumət təşkilatlarına paylanıb. Bununla yanaşı, www.wto.az saytı yaradılıb və ən zəruri məlumatların mütəmadi olaraq həmin saytda yerləşdirilməsi təmin edilir..
Maarifləndirmə tədbirləri kimi müxtəlif layihələr çərçivəsində beynəlxalq ekspertlər tərəfindən araşdırmalar aparılıb, sahibkarlar üçün seminarlar təşkil olunub.
2024-cü ilin 6 iyun tarixində ÜTT-nin baş direktorunun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində ÜTT-yə üzvlük və beynəlxalq ticarət mövzusunda elmi konfrans keçirilmişdir. Konfransda aidiyyəti dövlət təşkilatlarının, sahibkarlıq subyektlərinin və akademik qurumların nümayəndələrinin iştirakı ilə mövzu ətrafında müzakirələr aparılmışdır.
Eyni zamanda, “Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük danışıqları və ticarətlə bağlı fəaliyyətlər, keyfiyyət infrastrukturunun və rəqəmsal idarəetmə sisteminin gücləndirilməsi üzrə Azərbaycan Hökumətinə dəstək” adlı layihə 2026-cı ilin yanvar ayından başlamışdır. Qeyd olunan layihə əsasən ticarət və investisiya, o cümlədən ÜTT-yə üzvlük danışıqları çərçivəsində Azərbaycan Respublikasının mövqeyinin hazırlanması, ticarət və investisiya siyasətinin formalaşdırılması və icrası üzrə institusional potensialın gücləndirilməsi, ticarətə aid qanunvericiliyin ÜTT tələblərinə və beynəlxalq qabaqcıl təcrübəyə uyğunlaşdırılması, habelə milli keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi istiqamətlərini əhatə edir.
ÜTT-yə üzvlüklə bağlı aparılan təhlillər
Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar mütəmadi olaraq təhlillər aparılır və nəticəsi aidiyyəti dövlət qurumlarına təqdim edilir. Belə ki, Aİ-nin maliyyələşdirdiyi ÜTT-yə üzvlüklə bağlı dəstək layihəsi çərçivəsində bir sıra ÜTT üzvlərinin götürdüyü öhdəliklər üzrə apardığı islahatlara dair təhlil sənədləri hazırlanmışdır. 2021-ci il ərzində həyata keçirilən Asiya İnkişaf Bankının maliyyələşdirdiyi layihə çərçivəsində isə Azərbaycanın ÜTT-yə üzvlüyünün təsirlərinin qiymətləndirilməsi ilə bağlı hesabat hazırlanmış və aidiyyəti dövlət qurumlarının iştirakı ilə müzakirə edilmişdir.
2023-cü ilin 6 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti və ÜTT-nin baş direktoru arasında keçirilən görüşdə Azərbaycanın ÜTT-yə üzvlüyü ilə əlaqədar imkanlar və çağırışlar barədə təhlil sənədinin hazırlanması məsələsi müzakirə edilmişdir. 2024-cü ilin iyul ayında sözügedən təhlil sənədi ÜTT Katibliyinin ekspertləri tərəfindən hazırlanaraq təqdim edilmişdir.