Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı

Təşkilatın adı

Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı (SPECA)

Təşkilata dair ümumi məlumat

·         Yaranma tarixi: 26 mart 1998-ci il.

·         Üzv dövlətlər: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanistan.

·         Proqram BMT-nin Avropa üçün İqtisadi Komissiyası (UNECE), BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) tərəfindən koordinasiya edilir.

·         Məqsədi: üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmalarının təşviqi.

·         Tədbirlər: SPECA-nın Rəhbər Şurasının iclası (ildə 1 dəfə), İqtisadi Forum (ildə 1 dəfə), işçi qrupların iclasları.

·         İşçi Qrupları:

o   Su, Enerji və Ətraf Mühit

o   Statistika

o   Dayanıqlı Nəqliyyat, Tranzit və Əlaqəlilik

o   Elmə əsaslanan inkişaf

o   Ticarət

o   Gender və Dayanıqlı İnkişaf Məqsədləri

Azərbaycan ilə əməkdaşlıq barədə məlumat

·         Ölkəmiz SPECA-ya 2002-ci ildə qoşulmuşdur;

·         2006-cı ildə Bakı şəhərində SPECA Rəhbər Şurasının 1-ci iclası və İqtisadi Forumu keçirilmişdir;

·         2016-cı ildə Azərbaycan SPECA-ya sədrlik etmişdir: İqtisadiyyat Nazirliyinin və UNECE-nin həmsədrliyi ilə 22-23 noyabr 2016-cı il tarixlərində Gəncə şəhərində SPECA İqtisadi Forumu və Rəhbər Şurasının 11-ci iclası təşkil edilmişdir;

·         17-19 noyabr 2021-ci il tarixlərində Daşkənd şəhərində keçirilmiş SPECA Rəhbər Şurasının 16-cı iclası və İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavini iştirak etmişdir;

·         16-18 noyabr 2022-ci il tarixlərində Almatı şəhərində keçirilmiş SPECA Rəhbər Şurasının 17-ci iclası və İqtisadi Forumunda iqtisadiyyat nazirinin müavini iştirak etmişdir;

·         1 yanvar 2023-cü il tarixində SPECA-ya sədrlik Azərbaycana keçmiş, sədrlik dövründə cari ilin 17 aprel tarixində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində SPECA iştirakçı dövlətlərinin iqtisadiyyat sahəsinə cavabdeh nazirlər görüşü keçirilmiş və SPECA iştirakçı dövlətlərinin Birgə Bəyanatı qəbul edilmişdir.

·         2023-cü ilin noyabr ayında Bakıda SPECA həftəsi təşkil olunmuşdur. Həftə çərçivəsində İqtisadiyyat Nazirliyinin təşkilatçılığı və iqtisadiyyat nazirinin rəhbərliyi ilə 20 noyabr tarixində SPECA-nın Ticarət, eləcə də Gender və Dayanıqlı İnkişaf Məqsədləri üzrə İşçi Qruplarının iclasları, 21-22 noyabr tarixlərində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda SPECA 2023 İqtisadi Forumu, 23 noyabr tarixində SPECA Rəhbər Şurasının 18-ci iclası və həftə çərçivəsində “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərgisi, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə 24 noyabr tarixində SPECA Sammiti keçirilmişdir.

·         2023-cü ildə SPECA Proqramının yaradılmasının 25-ci ildönümünün qeyd olunması məqsədilə BMT Baş Assambleyasının 78-ci sessiyasında müvafiq qətnamə qəbul edilmişdir.

·         23 aprel 2024-cü il tarixində Tailand Krallığının Banqkok şəhərində keçirilmiş SPECA nazirlər görüşündə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli iştirak etmişdir.

·         22 iyul 2024-cü il tarixində onlayn formatda keçirilmiş SPECA Rəhbər Komitəsinin növbəti iclasında iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir.

·         Azərbaycanın SPECA işçi qruplarında iştirak.

o   Su, Enerji və Ətraf mühit (Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Energetika Nazirliyi);

o   Statistika (Dövlət Statistika Komitəsi);

o   Dayanıqlı Nəqliyyat, Tranzit və Əlaqəlilik (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi);

o   Elmə əsaslanan İnkişaf (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi);

o   Ticarət (İqtisadiyyat Nazirliyi);

o   Gender və Dayanıqlı İnkişaf Məqsədləri (İqtisadiyyat Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi).