
Dördüncü Sənaye İnqilabı rəqəmsal texnologiyaların sürətlə inkişafı və onların müxtəlif sahələrdə geniş tətbiqi ilə xarakterizə olunan yeni inkişaf mərhələsidir. Bu inqilab süni intellekt (AI), böyük məlumatların analizi, robototexnika, əşyaların interneti (IoT), 3D çap və digər qabaqcıl texnologiyaların sintezi nəticəsində iqtisadiyyat və digər sahələrdə köklü transformasiyaya yol açır.
Azərbaycan Respublikası Prezidentinin 6 yanvar 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SIM) yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq, bu sahədə beynəlxalq təşkilatlarla əməkdaşlıq və koordinasiya həyata keçirmək məqsədinə xidmət edir. Mərkəz Azərbaycan Respublikası ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni, həmçinin rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların və layihələrin təhlilini və koordinasiyasını həyata keçirir.
Qeyd edək ki, 2020-ci ilin 21 yanvar tarixində İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və DİF-in prezidenti Borge Brende arasında Forumun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılması ilə bağlı niyyət protokolu imzalanmışdır. Bunun əsasında DİF-in Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzi yaradılıb. Bu, DİF-in MDB məkanında yaradılan ilk mərkəzidir. 4SİM 2021-ci ilin 1 aprel tarixindən bu Mərkəzin də fəaliyyətini koordinasiya edir.
4SİM DİF-in digər mərkəzləri və süni intellekt, maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, eləcə də rəqəmsal ticarət və iqtisadiyyat platformaları ilə əməkdaşlıq edir. Bu platformalar çərçivəsində iqtisadiyyatın bir çox sahələrində müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirilir. Qurum 4Sİ texnologiyalarının tətbiqini təşviq edir, təlim və maarifləndirmə proqramları həyata keçirir, sənaye və rəqəmsal transformasiya üzrə tədqiqatlar aparır, yeni texnologiyaların tətbiqinə dair araşdırmalar və yol xəritələri hazırlayır. Beynəlxalq təşkilatlar, akademik dairələr və biznes sektorları ilə əməkdaşlıq edir, təcrübə mübadiləsi aparır.
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən hazırlanan 4Sİ texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrinə dair uğurlu həllərini özündə ehtiva edən tədqiqat sənədi bizneslərin idarəetmə strategiyalarının gücləndirilməsini və resursların səmərəli istifadəsini təşviq edir.
İqtisadiyyat Nazirliyi tərəfindən yüksək hesablama gücünə tələbatın artdığı müasir dövrdə mürəkkəb iqtisadi modellərin qurulması, böyük həcmli məlumatların təhlili və süni intellekt texnologiyalarının tətbiqi sahələrində dayanıqlı və çevik həllər təqdim etmək məqsədilə superkompüter infrastrukturunun yaradılması istiqamətində işlər görülür. Superkompüterdən həmçinin Milli Məkan Məlumatları İnfrasturkturunun qurulması, investisiya qoyuluşlarının modelləşdirilməsi, tədqiqatların aparılmasında və s. istifadə olunması planlaşdırılır. Dövlət qurumları ilə yanaşı, özəl sektorun və vətəndaş cəmiyyətinin bu infrastrukturdan yararlanması nəzərdə tutulub.
Bununla yanaşı, rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda 4SİM tərəfindən "Sənaye 4.0 Hazırlıq" Proqramı həyata keçirilir. Proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir. Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji imkanları qiymətləndirilir, transformasiya üzrə yol xəritələri hazırlanır. Maliyyə və peşəkar ekspert dəstəyi göstərilir. Proqramda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər industry4.az platformasında qeydiyyatdan keçə bilərlər. Proqramda iştirak ödənişsizdir.
4SİM, həmçinin Azərbaycanda 4Sİ texnologiyaları üzrə bilik və bacarıqlarını artırılması və əmək bazarında rəqabətqabiliyyətli kadrların hazırlanması məqsədilə bir sıra layihələr həyata keçirir. Bu məqsədlə 2023-cü ildən “4Si Akademiyası” layihəsinə start verilib. Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində 1 il ərzində 10 min nəfər dünyanın ən böyük onlayn təhsil platforması olan “Coursera”da təlimlərdən ödənişsiz faydalanıb. Təlimləri uğurla başa vuranlar 4200-dən çox beynəlxalq sertifikat əldə ediblər.
4SİM 1 aprel 2025-ci il tarixində Təhsilin İnkişafı Fondu ilə birgə birgə “4Sİ Akademiyası” layihəsi çərçivəsində “Milli Proqram”a start verib. Layihə çərçivəsində 1 il ərzində Azərbaycan vətəndaşlarına “Coursera” platformasında Oksford, Stenford, Yel, Dyuk, London, Edinburq, Mançestr, Miçiqan, Con Hopkins, İllinoys, Florida, Sidney, eləcə də “Microsoft”, “Google”, “Meta”, IBM, “AWS”, “Oracle”, “Gitlab”, “Intel”, SAP, “Salesforce” kimi dünyanın 350-yə yaxın ən nüfuzlu universitet və aparıcı texnologiya şirkətlərinin 18 minə qədər təlimindən ödənişsiz faydalanmaq imkanı yaradılıb. Həmçinin, “Coursera” platformasındakı 2500 təlim Azərbaycan dilinə altyazı ilə tərcümə, 15 təlim isə Azərbaycan dilinə dublyaj olunub.
31 mart 2026-cı il tarixinədək davam edən proqrama yaş və məşğulluq vəziyyətindən asılı olmayaraq qoşulan 87 min nəfərdən 56 mindən çoxu platformadan aktiv istifadə edib. Müvafiq dövr ərzində vətəndaşlar 321 mindən çox təlimə qoşulub, 108 minə yaxın təlim uğurla tamamlanıb.
Təhlillərə əsasən “Milli Proqram” iştirakçıları daha çox idarəetmə, süni intellekt, data elmi və biznes istiqamətləri üzrə təlimlərə maraq göstəriblər. Məlumat və analitika sahələri müraciət sayına görə ikinci, təhsil və dil bacarıqları istiqaməti isə üçüncü sırada yer alıb.